ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşması və hansısa sənədin imzalanması ilə kifayətlənməməlidir - ÖZƏL
2 May 2023 11:17 Siyasət"Əvvəlki görüşlərlə müqayisədə bu dəfə Vaşinqtonda keçirilən görüş daha təsirli görünür. Bunun da əsas səbəbi Azərbaycanın son dövrlər nizamlanma prosesi ilə bağlı atdığı qətiyyətli addımlar, Laçın yolunun nəzarətə götürülməsi, istənilən danışıqlara açıq olmasıdır".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, rəsmi Vaşinqton da məhz bu amildən istifadə edərək artıq neçə vaxtdır ki, fəallığını nümayiş etdirir:
"Aydın məsələdir ki, ABŞ üçün hazırda tərəflər arasında razılıqlardan daha çox müəyyən bir nəticə, hansısa bir sənəd ortaya qoymaq lazımdır. Beləliklə, göstərsin ki, Ermənistanla Azərbaycan arasında sülhə gedən yolda bir göstərici olsun. Bu isə daha çox deklarativ xarakterli bir razılaşmaya bənzəyəcək. Lakin burada çoxlu suallar var. Nəzəri baxımdan ABŞ-ın vasitəçiliyi ilə sülh razılaşması əldə olunsa belə, buna nəzarət necə həyata keçiriləcək, ABŞ-ın yerlərdə bu istiqamətdə mexanizmləri varmı və bu sülh razılaşması dayanıqlı olacaqmı? Hələ ki, Aİ missiyası Ermənistan tərəfdən sərhədə yerləşib, bu birtərəfli razılaşmadı və Azərbaycanla bu razılaşdırılmayıb. Hesab edirəm ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşması və hansısa sənədin imzalanması ilə kifayətlənməməli, bunun praktik icrası üçün yerdə bir mexanizm yaratmalıdır. Yerdə isə hələ ki, Rusiya kontingentini var. Maraqlıdır öz səfirini hələ də Şuşaya göndərməyən ABŞ buna necə nail olacaq".
Vüqar Əhmədov qeyd edib ki, okeanin o tayında qəbul olunan qərarların Cənubi Qafqazda icrası nə dərəcədə effektli olacaq sualı açıq qalır: "Təcrübə onu göstərir ki, Ermənistanın indiki hakimiyyəti qəbul etdiyi qərarların və razılaşmaların icrasında müstəqil deyil və siyasi iradə nümayiş etdirə bilmir. ABŞ-ın ikinci ən böyük səfirliyi İrəvanda yerləşir, işçi heyəti çoxdur, yaxşı olar ki, Ermənistandakı indiki qərarvericilər üçün bu sahədə yaxşı bir təlim keçsinlər".