Ana Vətən Partiyası çat verdi

Partiyada baş verən proseslər mətbuatdan gizli saxlanılır

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc prezident seçkisində iştirak etmək üçün MSK-ya müraciət ediblər". Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov belə deyib. Zahid Orucun namizədliyini irəli sürməsi Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı tərəfindən kəkin etirazla qarşılanıb. Məsələ barədə mətbuata açıqlama verən F.Ağamalı qeyd edib ki, Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsi partiyanıın 6-cı qurultayının qərarına ziddir. Partiya sədrinin sözlərinə görə AVP bununla bağlı qərar qəbul edəcək və məsələyə biganə yanaşmayacaq. F.Ağamalı bildirib ki, partiyada Z.Orucun hərəkəti araşdırılacaq: "İndidən hansı addımların atılacağını deyə bilmərəm. Zahid Oruc Azərbaycan vətəndaşı olaraq prezidentliyə namizədliyini irəli sürə bilər. Amma o, AVP üzvü olaraq partiya qarşısında məsuliyyət daşıyır, o partiyanın 6-cı qurultayında Ali Məclsinin üzvü seçilib. Buna görə Zahid Oruc partiyadan kənarlaşdırıla bilər". AVP-çi deputat Fəzail Ağamalıya cavabında bildirib ki, heç kəs onun namizədliyini süngü ilə qarşılamasın. "Bu seçkilərə müxalifətlə iqtidarın mübarizəsi kimi baxmayın. Mənim namizədliyimi irəli sürməyim Ulu Öndərin kursunu tanıyan, lakin müəyyən sosial dəyişiklikləri gözləyən, vətəndaş-məmur münasibətində yeniləşməni dəstəkləyənlərin mövqeyi üçün gərəklidir. Mən o qüvvələrin mövqeyini ifadə edəcəm ki, onlar həm Azərbaycanda stabil kursu gözləyir, həm də dəyişikliklər istəyirlər". 

Qeyd edək ki, AVP-nin 6-cı qurultayı vaxtı da Fəzail Ağamalı və Zahid Oruc arasında narazılıq yaranıb. Belə ki, qurultayda Zahid Orucun yenidən partiyanın sədr müavini postuna təyin edilməməsi tərəflər arasında narazılığın yaranmasına səbəb olub. Partiya üzvləri yekdilliklə Zahid Orucun yalnız AVP Ali Məclisinin üzvü statusunda saxlanılması qərarını verib. Hətta millət vəkilinin partiyadan uzaqlaşdırıldığı və qurultayı boykot etdiyi də bildirilirdi. Məsələ barədə "Bizim Yol"a açıqlama verən Zahid Oruc bildirmişdi ki, onun AVP-nin qurultayını boykot etməyi barədə xəbərlər doğru deyil: "Sadəcə xaricdə olduğumdan qurultaya qatıla bilmədim. Qurultayın keçirilməsi tarixi bir neçə gün əvvəl verildiyindən gec xəbər tutdum. Mənim AVP sədri ilə aramda hər hansı bir narazılıq yoxdur". Zahid Oruc Fəzail Ağamalının onu müavin təyin etməməsi barədə açıqlamasına da toxundu. Millət vəkilinin sözlərinə görə, partiya sədrinin bu sözləri təkcə ona aid deyil: "Fəzail müəllim bu sözləri deyərkən bütün müavinləri nəzərdə tutub. Bizdə sədrin müavinlərini Ali Məclis təyin edir. Ali Məclisin sessiyasında bu məsələlər həllini tapacaq".

***

Zahid Orucun partiyadan xəbərsiz namizədliyini irəli sürməsi qurultayda baş verən dəyişikliklə əlaqədar olması inandırıcı deyil. Çox güman ki, AVP-çi millət vəkilinin müstəqil şəkildə namizədliyini irəli sürməsi onun sədr müavini seçilməməsi ilə heç bir əlaqəsi yoxdur. Ortada gizli qalan digər məsələlərə görə Fəzail Ağamalı Zahid Orucu partiyadan kənarlaşdırmaq qərarını verib. Sadəcə olaraq gizli qalan məqamı mətbuatın gündəminə çıxarmamaqdan ötrü sədr üçün Ali Məclisin üzvünün namizədliyini irəli sürməsi stimul oldu. Hər halda problemin ya Zahid Oruc, ya da ki, Fəzail Ağamalıdan qaynaqlandığı məlum olacaq. Dəqiqdir ki, AVP-də baş verən gizli proseslər mətbuatın nəzərindən gizli saxlanılır. 

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00