Yeni komandaının fəaliyyətə başladığı ilk gündən separatçıların lideri ilə görüşməsi bir daha göstərdi ki,...- ÖZƏL

Nəsib Məhəməliyev: "Rusiya Federasiyasının Qafqaza yönəlik siyasəti dəyişməz olaraq qalır"

"Qarabağda məskunlaşmış Rusiyalı sülhməramlılarının komandanlığında kimin olması, strateji baxımdan aparılan siyasətə ciddi təsir etmir. Taktiki baxımdan isə, komandanın şəxsi keyfiyyətlərindən, üzərinə götürdüyü missiyanı necə icra etməsindən, hadisələr müsbət və yaxud mənfi istiqamətdə inkişaf edə bilər. Misal üçün; Əgər əvvəlki komandan Volkov ötən ilin dekabr ayında ekoloqların aksiyasına ciddi yanaşsaydı, onlarla görüşüb qızıl, mis, molibden yataqlarında monitorinq aparılmasına imkan versəydi, proses bu qədər uzanmazdı. Heç kimə sirr deyil ki, onun dövründə sülhməramlılar rüşvət müqabilində Qarabağa qanunsuz yüklərin daşınmasına şərait yaradırdılar. Bütün bunlar, bölgədə gərginliyin artmasına səbəb oldu".

Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki,  yeni komandaının fəaliyyətə başladığı ilk gündən separatçıların lideri ilə görüşməsi bir daha göstərdi ki, Rusiya Federasiyasının Qafqaza yönəlik siyasəti dəyişməz olaraq qalır:

"General-mayorun, general-polkovniklə əvəzlənməsi ilə  ola bilər şimal qonşumuzun hərbi dairələrində fikirləşirlər ki, indiki mərhələdə daha sərt davranış sərgilənməlidir. Ruslar, Laçın yolu üzərində sərhəd-nəzarət-buraxılış postunun quraşdırılmasını qəbul etmək istəmirlər. Məntiqlə, yeni komandan əvvəlcə Azərbaycan rəhbərliyi ilə görüşməli və regionda ictimai sabitliyin təmin olunması üçün məsləhətləşmələr aparmalı idi. Çünki, sülhməramlıların gələcəkdə mandatlarının uzadılması və yaxud xitam verilməsi Azərbaycan hökumətindən asılıdır.    Eyni zamanda, bir qrup separatçıya görə, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət əsasında formalaşmış ikitərəfli əməkdaşlığa zərbə vurmaq, ciddi səhv olardı". 

Deputat təəssüf hissi ilə qeyd edib ki, rusiyalılar, mövcud reallıqları qəbul etmək istəmirlər və əvvəl buraxılmış səhvləri təkrarlayırlar: 

"Bir dəfəlik anlamalıdırlar ki, artıq post qoyulub, uzun illərdən sonra dövlət sərhədləri tam nəzarətə götürülüb, bayraq qaldırılıb və bütün dünyanın qarşısında Ali Baş Komandana məruzə olunub. Proses geridönməzdir. İstər Rusiya, istərsə digər dövlətlər tərəfindən status-kvonun dəyişilməsinə yönəlik istənilən cəhdin qarşısı alınacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31