"Bayrağımızın Həkəridə dalğalanmasının rəmzi mənası var"- ÖZƏL
27 Aprel 2023 16:08 Siyasət"Laçında Həkəri çayının üstündəki körpünün yaxınlığında Azərbaycanın buraxılış nəzarət məntəqəsinin yaradılması və ölkəmizin bayrağının dalğalanması qürurverici, tarixi əhəmiyyətli hadisədir. Bu eyni zamanda Azərbaycan torpaqlarını tapdağa çevirən erməni işğalçıları üçün göz dağıdır. Ermənilərə bir mesajdır ki, əgər sərhədin ucqar nöqtələrində Azərbaycan bayrağı dalğalanırsa, demək həmin ərazilər etibarlı müdafiə altındadır və bir daha heç vaxt erməni işğalına obyekt olmayacaqlar. Bayrağımızın dalğalanması ərazi bütövlüyümüzün, suverenliyimizin ifadəsidir. Xüsusilə, Həkəridə dalğalanmasının simvolik bir mənası var. Çünki, Laçın həm erməni işğalının başladığı ərəfədə, həm də işğaldan sonraki dövrdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin ağır və üzücü həllolunma prosesində ən önəmli mövzulardan biri olub".
Bu sözləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Ermənilər 1992-ci ildə Laçını xüsusi planla işğal etdilər. Laçın ermənilər üçün strateji mövqeyə sahib idi. Laçın keçmiş Dağlıq Qarabağ ərazisinə yeganə quru yolu idi. Ona görə də 30 illik müddətdə ermənilər Azərbaycan torpaqlarının azad olunması üçün gedən danışıqlarda hər zaman Laçının "üstündə əsiblər". Onlar, Laçın və Kəlbəcərin azad edilməsini son mərhələyə saxlamaq istəyirdilər. Buna görə ortaya müxtəlif şərtlər qoyurdular. Azərbaycan Prezidenti isə fikirlərini açıq bəyan etdi. 44 günlük müharibədə göstərdik ki, ermənilər Ağdamı, Laçını və Kəlbəcəri dinc yolla qaytarmağa razı olmasalar, Şuşadan sonra hərbi əməliyyatlar dayanmayacaq. Sözsüz ki, Rusiya, Ermənistan başa düşdü ki, Azərbaycan belə bir gücə qadirdir. Bayrağımızın həmin ərazilərdə dalğalanması ərazi bütövlüyümüzün rəmzidir. Laçında Azərbaycanın dövlət bayrağı müqəddəs yerlərdən biri olmalıdır. Dövlət bayrağımızın dalğalandığı hər yer bizim üçün əhəmiyyətlidir. Laçında dalğalanması isə eyni zamanda simvolik hadisədir. Laçın Ermənistan təcavüzü üçün hər zaman giriş qapısı olub. İndi isə həmin qapı üzlərinə sonsuzadək bağlıdır.