Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi
28 Aprel 2023 10:40 SiyasətAzərbaycan mərhələ-mərhələ, yumşaq güc siyasəti və dərin diplomatik gedişlə qarşısına qoyduğu hədəflərə doğru mətin addımlarla irəliləyir. 20 illik iqtisadi və hərbi inkişaf 44 günlük müharibə zamanı tarixi zəfərimizi reallaşdırsa da, lakin Qarabağda müəyyən narahatedici məqamlar qalmaqda idi. Xüsusilə, Qarabağ separatçılarının üçtərəfli sazişə uyğun olaraq tabe olmamaları, Ermənistan hakimiyyətinin separatçılara Rusiya sülhməramlılarının nəzarəti altında olan yollarla silah-sursat daşıması, həmin missiyanın isə buna göz yumması Bakını bir sıra zəruri tədbirlər görməyə məcbur etdi ki, bunlardan da biri Xankəndi-Laçın yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin quraşdırılması oldu. Tam əminliklər deyə bilərik ki, aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması bir tərəfdən 44 günlük müharibədə əldə etdiyimiz qələbənin davamı, bu qələbənin daha da möhkəmləndirilməsi idisə, digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsi idi.
Əslində Azərbaycan rəhbərliyi bir neçə dəfə mesaj verməklə həm Qarabağın erməni əhalisi, həm də beynəlxalq birliyi buna hazırlıqlı olmağa çağırırdı. Dövlət başçısı nəzarət buraxılış məntəqəsinin yaradılmasının zəruriliyini önə çəkirdi və bunu da etdi. Baxmayaraq ki, İlham Əliyevin məlum fikirləri, mesajları gündəmə gələn ilk gündən Azərbaycana qarşı beynəlxalq təzyiqlər müşahidə edildi, lakin heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi. Nəticə etibarilə Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratdı. Sözügedən məntəqənin yaradılması ilə təkcə ermənilərin növbəti təxribatlarının qarşısı alınmadı, həm də öz ərazi bütövlüyümüzün tam bərpa edildiyi hamıya bir daha təsdiqləndi.
Bu arada onu da qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl Xankəndi-Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət buraxılış məntəqəsiu quraşdırması nədənsə ermənilərlə yanaşı, üçüncü tərəfi, yəni ayrı-ayrı dövlətləri də narahat etməyə başlayıb. Birləşmiş Ştatlar Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyinin ardınca Rusiya da sözügedən buraxılış məntəqəsi ilə bağlı narahatçılıq ifadə edib. Siyasi ekspert Çingiz Şahbazi ABŞ Dövlət Departamenti, Fransa XİN ilə yanaşı, Rusiyanın Laçında nəzarət buraxılış məntəqəsi qurmağımıza etiraz etmıəsini absurd hesab edib. O bildirib ki, Laçın yolunun başlanğıcında qurduğumuz sərhəd buraxılış məntəqəsindən sonra, Ermənistan qədər elə Rusiya da narahat olmağa başlayıb:
"Hansı ki, hər dəfə Qarabağ məsələsində Azərbaycanın atdığı hər hansı bir addımın ardınca, Rusiya öz bəyanatlarında ölkəmizin üçtərəfli anlaşmanın şərtlərini icra etmədiyini iddia edir. Hansıki bu məsələdə, ən çox üçtərəfli anlaşmadan irəli gələn öhdəlikləri yerinə yetirmə istiqamətində müqaviləni pozan və Ermənistan tərəfini də separatçı addımlar atmağa alışdıran elə Rusiya özü olub. Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılmaması, əksinə daha da bunun genişləndirilməsi prosesi, məhz Rusiya sülhməramlı qüvvələrinin səyi və zəhməti nəticəsində baş verib".
Ekspert bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kimi, üçtərəfli anlaşmadan irəli gələn müddəalar da sadəcə kağız üzərində qaldı: "Bu səbəbdən hər iki halda, ikili standartlardan güc alan Ermənistanın qeyri-qanuni hərəkətlərinə cavab olaraq, Azərbaycan ordusu hərəkətə gətirildi və separatçı Ermənistana yeri göstərildi. Hazırda ölkəmizin bütün sərhədlərində olduğu kimi, uzun illərdir işğal altında qalan Laçın yolunun başlanğıcında sərhəd buraxılış məntəqəmiz fəaliyyət göstərir. Bu yaxın vaxtlarda sabitlik və inkişaf perspektivlərinin həyata keçirilməsinə daha çox imkan verəcəkdir. Azərbaycan ordusu tam məsuliyyətlə təhlükəsizlik məsələlərinin öhdəsindən gəlir və ölkəmizin bütün texniki məsələləri də yaxın zamanlarda həyata keçirəcəyinə inanırıq. Bu arada Rusiya sülhməramlı qüvvələrinin də qurduğumuz sərhəd keçid məntəqəsində iştirak etməsi yönündə rəsmi Moskva və Bakı arasında danışıqlar aparılır. Azərbaycan sərhədçiləri ilə birlikdə fəaliyyət göstərmələri istənilir və böyük ehtimalla danışıqlar müsbət şəkildə öz həllini tapacaq. Bu da separatçı rejimin zamanla tərkisilah edilməsi istiqamətində zəruri addım hesab edilə bilər".
Süleyman