Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında ana dilimizin rolu böyükdür
28 Aprel 2023 10:53 SiyasətHər bir canlının dili var. Nəinki insanlar, ağaclar, çaylar, buludlar belə öz dilində danışırlar. Dil müqəddəs varlıqdır. Onu sevəndə, qoruyanda, zənginləşdirəndə mənsub olduğu xalqı tanıtdırır, ucaldır və şöhrətləndirir. Ana dilinə xor baxmaq xalqa biganəlikdir. Öz dilini bilməyib başqa dillərdə danışmağı ziyalılıq, çoxbilmişlik kimi qiymətləndirənlər, daha çox əcnəbi dilləri öyrənməyin vacibliyindən söz açanlar qənaətlərində yanılırlar. Özünü, öz dilini sevməyənlər heç vaxt başqasını, özgə dilini sevib dəyərləndirə bilməzlər. Ana dili xalqın mənəviyyatının güzgüsüdür. Bu güzgüdə özünü aydın görməyənlər başqa güzgüdə olduğu kimi görünə bilməzlər. Güzgü ləkə götürmədiyi kimi dil də ləkələndirilməməlidir. Öz dilini bəyənməyənlərin, dilə başqa vasitə kimi baxanların kamillik qazanmasına, öz xalqının taleyinə ürəkdən yanmasına, vətəndaş olaraq borcunu ləyaqətlə yerinə yetirməsinə inanmıram. Dilinə laqeyd, ögey olanların xalqa, vətənə doğma olması inandırıcı deyil. Azərbaycanı sevmək, şöhrətləndirmək üçün dilimizi sevməli, qorumalıyıq. Dövlətin dilimizin saflığını təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir. "Azərbaycan Respublikasının Dövlət dili haqqında" qanun, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" və görülən digər zəruri tədbirlər göstərir ki, hər bir vətəndaş öz dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir".
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunması bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyırdı. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu Öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi. 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı. Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu".
Onun sözlərinə görə, dövlətimiz tərəfindən Azərbaycan dilinin inkişafı və qorunması sahəsində mühüm işlər görüldü. 2001-ci ildə Ulu Öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynadı. Həmin Fərmanda nəzərdə tutulan digər mühüm məsələ Dövlət Dil Komissiyasının yaradılması idi: "Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu gün, Ümummilli Lider Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş siyasətini cənab prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev 2004-cü ildə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" verdiyi sərəncamlarla elmin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bir daha təsdiqləmiş oldu. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur". Ana dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur".
Alim