“Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda tədbir keçirilib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində "Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri" mövzusunda tədbir və Ümummilli Liderin çoxşaxəli fəaliyyətinə dair kitab sərgisi keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, sərgidə dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair yerli və xarici müəlliflərin qiymətli vəsaitləri nümayiş etdirilib.Tədbiri açan ədliyyə nazirinin müavini Eldar Nuriyev xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin hüquqi islahatların həyata keçirilməsində misilsiz xidmətləri barədə geniş məlumat verib. Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbulu, hüquq sisteminin mahiyyətini müəyyən edən qanun və normativ aktların hazırlanması, eyni zamanda insan hüquqlarının müdafiəsinə etibarlı təminat verən müstəqil məhkəmə sisteminin fəaliyyətə başlaması qeyd edilib. Bununla yanaşı hüquq-mühafizə orqanlarında da mütərəqqi islahatların aparıldığı, onların fəaliyyətinin demokratik dəyərlərə uyğun qurulduğu, insan haqlarının müdafiəsinə dair mühüm normativ aktların qəbul olunduğu bildirilib.

Mərkəzin rəis əvəzi Rahim Rəhimov tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin yaranması tarixindən bəhs edərək müasir ekspertizanın formalaşmasında Ulu Öndərin rolu barədə məlumat verib. Eyni zamanda Mərkəzin rəis müavini Hüseyn Əlixanov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyası ilə bağlı çıxış edib. Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyi xüsusi vurğulanıb. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31