"Milli Şuranın namizədi hakimiyyətin namizədinə alternativ ola bilməz"
"Milli Şuranın proqramının olmaması, işlək strukturunun olmaması ilə bağlı dəfələrlə fikir bildirmişəm”
14 Avqust 2013 10:21 SiyasətBu sözləri Milli.Az-a açıqlamasında Yaşıllar Partiyasının həmsədri Mais Güləliyev bildirib.
"Bir təşkilatın ki, proqramı, idarəetmə strukturu, siyasi motivasiyası və gələcəyə yönəlik hədəfləri yoxdur, o, xalqı necə birləşdirə bilər? Necə seçkilərdə alternativ rol oynaya bilər? Bu mümkün deyil. Hadisələr də onu göstərir ki, Milli Şura seçkilərə vahid namizədlə getmək imkanında deyil. Sabah Rüstəm İbrahimbəyovun əvəzinə başqa vahid namizəd irəli sürsələr belə, o hakimiyyətə alternativ ola bilməz. Çünki həm zaman itib, həm əhaliyə proqramlarını açıqlaya bilməyəcəklər", - o əlavə edib.
M.Güləliyev sentyabrın əvvəllərində imzatoplama prosesinin başa çatdığını, təbliğat kampaniyasının başladığını xatırladıb. O, həmçinin qeyd edib ki, belə qısa müddətdə proqram hazırlamaq mümkün olmayacaq.
"Yəni əhalini arxası ilə aparmaq üçün əhalinin başa düşəcəyi dildə, geosiyasəti nəzərə alacaq proqram olmalıdır. Bu olmadıqdan sonra vahid namizədin kim olmasından asılı olmayaraq, müvəffəqiyyətsizlik olacaq", - Yaşıllar Partiyasının sədri vurğulayıb.
Teymur Hacıyev
Milli.Az