Prezident İlham Əliyev beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir
Müxalifət liderləri isə baş aldatmaqla məşğuldur
13 Avqust 2013 19:26 SiyasətAzərbaycanın son on ildə əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayıb. İstər daxili və xarici siyasətdə, istərsə də sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar dünya ölkələri tərəfindən təqdir edilir. Məhz görülən böyük işlərin nəticəsidir ki, dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana marağı artıb. Artıq Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının mötəbər tədbirlərinə ev sahibliyi edir, aparıcı ölkələrin dövlət və hökumət rəsmilərini qəbul edir. Son günlərdə dünya ölkələrinin dövlət başçılarının Azərbaycana səfərlərini də təsadüfi qəbul etmək yersiz olardı. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, dünya ölkələri cərgəsində tutduğu mövqe onunla hesablaşmanı zəruri edir. Təkcə son on gün ərzində bir sıra ölkələrin dövlət başçılarının Azərbaycanı ziyarət etmələri fikrimizi bir daha təsdiqləyir. Məlum olduğu kimi bir neçə gün öncə İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfəri baş tutub. Avqustun 13-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Ayın 15-16-da Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) Qəbələ şəhərində keçiriləcək üçüncü sammitində isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının prezidenti Abdullah Gül və Qırğızıstan prezidenti Almazbek Atambayevin iştirakı nəzərdə tutulur. Təkcə bu faktlar deməyə əsas verir ki, Azərbaycan dövləti dünya ölkələrinin tanınmış liderlərinin diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Azərbaycan dövləti və onun prezidenti bu kimi möhtəşəm tədbirlərə imza atdığı halda müxalifət hələ də "vahid namizəd" axtarışını davam etdirir. Heç bir siyasi, iqtisadi konsepsiyası olmayan müxalifət ümidini xarici havadarlarına bağlayıb. Kiçik bir müqayisə bu cəbhələr arasındakı fərqi çılpaqlığı ilə ortaya qoymuş olar. Məsələn, prezident İlham Əliyev ölkəmizdə səfərdə olmuş İtaliya Nazirlər Şurasının Prezidenti ilə Azərbaycanın ümummilli problemi olan Dağlıq Qarabağ məsələsinin həlli yollarını müzakirə edib. İtaliya rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ kimi münaqişələrdə status-kvonun saxlanması çıxış yolu deyil:
"Biz hesab edirik ki, uzunmüddətli münaqişələr heç kimin maraqlarına xidmət etmir, heç kimin xeyrinə deyil". Baş nazir qeyd edib ki, İtaliya növbəti il Avropa Birliyinə sədrlik edəcək və sədrliyi dövründə münaqişələrin həlli istiqamətində atılan addımlara dəstək məqsədilə müəyyən tədbirlər həyata keçirəcək. İtaliya rəsmisinin Azərbaycanın milli maraqlarına uyğun açıqlamaları məhz ölkəmizin xarici siyasət sahəsindəki uğuru kimi dəyərləndirilə bilər. Bu istiqamətdə danışıqların Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri ilə də aparılacağı şübhəsizdir. Müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyov isə qeyd edir ki, Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyət həll edəcək. Çünki hələlik bu kimi məsələlərin həlli ilə bağlı konkret konsepsiyası olan şəxs yoxdur. Fikir verin, prezident olmaq iddiasında olan şəxs ortaya ölkənin milli problemlərinin həlli istiqamətində konkret konsepsiya qoymalı olduğu halda xarici ölkələrdən pul yığmaqla məşğuldur. Təsadüfi deyil ki, R.İbrahimbəyov bildirib ki, prezident seçkilərində uğur əldə etmək üçün xeyli miqdarda pul lazımdır, müxalifət partiya sədrlərində isə belə bir vəsait yoxdur. Belə bir şəraitdə o, Azərbaycana gəlsə, onların maddi təminatını kim ödəyəcək? Yaxud, demokratiyadan dəm vuran kinematoqraf çəkinmədən bəyan edir ki, fərqli düşünən oponentlərinin ağzından özü vuracaq. Göründüyü kimi müxalifətin prezident seçkilərinə qatılması maddi maraq dairəsindən o tərəfə keçmir. Elə buna görə də fəaliyyətini yalnız xarici ölkələrə üz tutmaq, xaricdəki maraqlı dairələrdən nə isə qoparmaqda görür. Necə ki, Rüstəm İbrahimbəyov özü bəyan edib ki, "ABŞ-ın məsul şəxsləri demokratik seçkilərə nail olmaq üçün onlardan asılı olan bütün tədbirləri görəcəklərinə məni əmin etdilər". Milli Şuranın üzvü Rəsul Quliyev də bu arada "qapı-qapı gəzməkdə", (bu yaxınlarda o Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb və Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət göndərib) ondan-bundan dəstək istəməkdədir. Bu kimi açıqlamalar deməyə əsas verir ki, müxalifətin xarici ölkələrin xüsusi xidmət orqanlarına işləməsi də istisna edilmir. Müxalifət liderləri isə bu ittihamdan yayınmaq məqsədilə baş aldatmaqla məşğuldurlar. Əslində müxalifət prezident seçkilərində birmənalı şəkildə uduzacaqlarını dərk edirlər. Ona görə də, vahid namizəd məsələsində bir-birlərinə badalaq atırlar ki, heç olmasa bu məğlubiyyəti pərdələyə bilsinlər. Müxalifətlə müqayisədə Azərbaycan iqtidarı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını hazırlayıb. Sözügedən konsepsiyada ölkənin bütün sahələrində həyata keçiriləcək tədbirlər konkretliyi ilə diqqəti çəkir. Bu isə onun göstəricisidir ki, Azərbaycan prezidenti doğru yoldadır və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Müxalifət isə kələfin ucunu elə itirib ki...
Alim