Müxalifətin “vahid namizəd” ideyası özünü doğrultmadı
Növbə alternativ, yaxud ehtiyat namizədindir
13 Avqust 2013 16:12 SiyasətBu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə az bir müddət qalmasına baxmayaraq hələ də namizədlərin tam siyahısı təsdiqlənməyib. Xüsusən, müxalifət düşərgəsi hələ də "vahid namizəd" oyununu davam etdirərək qəti qərarını elan etməyib. Milli Şuranın son sessiyasında da vahid namizədlə bağlı yekdil rəyə gəlmək mümkün olmayıb. Məlumata görə, gözlənildiyinin əksinə olaraq, Milli Şuranın sessiyasında yeni vahid namizədlə bağlı konsensusa gəlmək təklifi fikir ayrılığına səbəb olub. Şura üzvləri tərəfindən yeni, yaxud ehtiyat vahid namizədin müəyyən edilməsi təklifi birmənalı qarşılanmayıb. Belə ki, professorlar Rafiq Əliyev və Cəmil Həsənli, "Turan" agentliyinin direktoru Mehman Əliyev və sabiq millət vəkili Gültəkin Hacıbəylinin namizədliyinin irəli sürülməsi Şura üzvləri tərəfindən qıcıqla qarşılanıb. Buna görə də, Milli Şuranın sessiyasına təklif olunub ki, yeni vahid namizədlə bağlı təkliflər və müzakirələr dayandırılsın, bu məsələyə bir həftə sonra, 19 avqustda təyin olunan sessiyada baxılsın. Lakin qəbul olunan qərarın mürəkkəbi qurumamış professor Cəmil Həsənli vahid namizədlikdən imtina etdiyini bəyan edib. Buna baxmayaraq, artıq prezidentliyə namizədlərin sayı 7-yə çatıb. İddialarını ortaya qoyan şəxslərdən başqa da qarşıdakı günlərdə daha bir neçə prezidentliyə namizədin ortaya çıxacağı istisna olunmur. Bu şəxslərin arasında isə ən çox adları çəkilən AXCP sədri Əli Kərimli, BAXCP sədri Qüdrət Həsənquliyev, ACP lideri Rəsul Quliyev və digərləri daxildir. "Vahid namizəd" ideyasının oyunçuları isə kinematoqraf Rüstəm İbrahimbəyovun Bakıya qayıdaraq Milli Şuranın 18 avqusta təyin olunan mitinqinə rəhbərlik edəcəyi xülyası ilə yaşayır. Məsələ orasındadır ki, hələlik prezidentliyə namizədlərinin sayı yeddiyə çatsa da onlardan altısı müxalifət düşərgəsini təmsil edir. Müxalifətin namizədlərin sayının gələcəkdə artacağı da istisna olunmur. Çünki, müxalifətin vahid namizədi kinematoqraf Rüstəm İbrahimbəyovun Bakıya gəlişi sual altındadır. Baş verən proseslər deməyə əsas verir ki, namizədlər sırasında Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin də olacağı istisna olunmur. Ancaq müxalifətin namizədlərinin əsas məqsədi maddi qazanc əldə etmək olduğundan həmin namizədlərin əksəriyyəti elə müxalifətin özünü parçalamağa xidmət edir. Müxalifət düşərgəsindən prezidentliyə namizədlərin sayının artması onların prezident seçkilərinə hesabladığı yeni seçki taktikasının iflasa uğradığını deməyə əsas verir. Yəni, hələ prezident seçkilərinə start verilməmışdən öncə ortalığa düşən müxalifətin "vahid namizəd" ideyası fiaskoya uğrayıb. Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Milli Şura rəhbərlərinin buraxdığı strateji və taktiki səhvlər seçkiqabağı bloku kabinetlərdən kənara çıxmağa imkan vermədi: "Onun səmərəsiz olacağı əvvəldən də məlum idi. Ənənəvi Müsavat, iki Xalq Cəbhəsi partiyası və Rəsul Quliyev qrupuna azsaylı Eldar Namazov - Rüstəm İbrahimbəyov qrupunun qoşulması heç də siyasi cəmiyyətdə güclü bir siyasi blok yarada bilməzdi.Yeni blok rəhbərlərinin bir-birinə münasibətlərinin bu dövrə qədər heç də isti olmadığı isə hər kəsə bəlli idi. Sosial bazası güclü olan prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına qarşı mübarizənin asan olmayacağını başa düşən müxalif radikal siyasətçilər, builki seçkilərdə taktikanı dəyişmək qərarına gəldilər. Qarşıdakı beş ildə Azərbaycanın problemlərinin həlli ilə bağlı ciddi proqram hazırlamaq əvəzinə, onlar 2013-cü ildən sonrakı dövr üçün reallaşması mümkün olmayan bir plan tutdular. Plan ilk gündən siyasi analitiklərdə sadəcə, gülüş doğururdu. Real problemlər üzrə real təkliflər irəli sürmək əvəzinə, hakimiyyət rəqibləri ortaya "hər şeyi söküb, yenidən quracağıq" istəklərini ortaya qoydular". Millət vəkili əlavə edib ki, Milli Şuranın nəzarətində olan qəzetlərdən kənara çıxa bilməyən "post-2013 planı" gözlənildiyi kimi qısa müddətdən sonra tamam yaddan çıxdı. Onların Rusiya və Azərbaycanın tanınmış kinorejissoru, 75 yaşlı təqaüdçü Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməsi isə radikal müxalifətin seçkiyə başlamamış uduzmasını etiraf etməsi oldu. Siyasi təcrübəsiz İbrahimbəyov ilk addımlardan böyük səhvlər buraxmağa başladı: "Ötən əsrin 70-ci illərində Heydər Əliyevin dəstəyi ilə uğur qazanan kinorejissorun, siyasi proseslərdən xəbərsiz olduğu üzə çıxdı. Onun Dağlıq Qarabağı mübahisəli ərazi elan etməsi, opponentlərinin ağzından vurulmasına çağırması isə hətta, tərəfdarlarını da heyrətə saldı. Ən əcaibi isə radikalların vahid namizədinin ikili vətəndaşlığının olmasının üzə çıxması oldu. Onu həlletmə adı ilə Moskvadan kənara çıxmayan İbrahimbəyov, ordusunu paytaxtdan idarə edən kabinet generalına bənzədi. Ötən müddət ərzində radikal siyasi müxaliflərin əsas mövzusu İbrahimbəyovun nə zaman Bakıya gəlib vəzifəsi ilə məşğul olacağı və onun nə zaman Rusiya vətəndaşlığından çıxması qayğıları oldu. Bu sürət və istəklə isə məsələnin hətta, yeni ildə də həll edilməyəcəyi aydın görünürdü. Bu halda isə radikallar vəziyyətdən çıxış yolunu blok adından yeni namizədin verilməsində gördülər. Ancaq məlum oldu ki, millət adından şura yaradanların hər biri vahid namizəd kimi ancaq özünü görür. Təcili iclaslar çağırılaraq öz namizədlərinə tramplin hazırlamağa, situasiyanı öz xeyirlərinə çevirməyə çalışdılar. Hətta, İbrahimbəyov da tərəfdarlarına məktub yazaraq onları yeni namizədlər üzərində düşünməyə çağırdı. Görünən isə odur ki, dağılan ev təsirini bağışlayan Milli Şuranın qalıqları üzərində dünənki müttəfiqlərin hər biri öz Milli Şurasını yaratmağa çalışır".
Alim