Rusiya ABŞ-dan asılı vəziyyətdədir
Ərəstun Oruclu: “Rusiyanın da possovet məkanında fəallaşması ABŞ-ın maraqlarına uyğun gəlmir”
13 Avqust 2013 15:44 Siyasət"ABŞ Prezidenti Barak Obamanın sentyabrda Rusiyaya reallaşdıracağı səfəri təxirə salmasının siyasi açılımı nədir" sualına politoloq Ərəstun Oruclu cavab verdi. Ə.Oruclu hesab edir ki, ABŞ və Rusiya arasında baş verən gərginliklər yüksələn xətt üzrə inkişaf edir. Həmin soyuq münasibətlər geosiyasi maraqların toqquşmasından qaynaqlanır. Politoloq hesab edir ki, Rusiya postsovet məkanında yenidən fəallaşmağı nəzərdən keçirir və buna ciddi cəhdlər göstərir: "Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfərində də bununla bağlı müəyyən məqamlar yer alıb. ABŞ-la arasındakı soyuq əlaqələr də Rusiyanın müəyyən demarşlarından xəbər verir. Şübhəsiz ki, Birləşmiş Ştatların da regionda öz strateji maraqları var. Rusiyanın da possovet məkanında fəallaşması ABŞ-ın maraqlarına uyğun gəlmir. Barak Obamanın Moskvaya ola səfərini təxirə salmasının arxasında Rusiyaya verilən müəyyən mesajlar dayanır. Rusiya Vaşinqtonun həmin məqamlarını nəzərə almalıdır. ABŞ-ı nəzərə almadan geosiyasi maraqlarını həyata keçirmək ikitərəfli əlaqələrə ciddi zərər vura bilər. İndiki məqamda Rusiya daha çox ABŞ-ın yürütdüyü siyasətdən asılıdır". ("OLAYLAR" İA)