Məhəmməd, deyirsən yəni ömründə heç evlənməmisən?

Milli Şura sədrinin təşəbbüs qrupu iclas keçirdi və medianın qarşısına çıxdı. ALP İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə Milli Şura sədri təşəbbüs qrupunun sədri olub. İclas barədə mətbuata məlumat verən Elman Məmmədzadə bildirib ki, yığıncaqda gündəlikdə olan dörd məsələyə baxılıb. Bunlar oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının prezident seçkiləri ilə bağlı təşəbbüs qrupunun yaradılması, təşəbbüs qrupunun MSK-ya nümayəndəsinin seçilməsi, prezidentliyə namizədin irəli sürülməsi və bununla bağlı bildirişin MSK-ya təqdim olunmasıdır. Gündəlikdəki dörd məsələ yekdilliklə qəbul edilib və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürülüb. Qurumun təşəbbüs qrupunun iclasının keçirilməsi əsnasında Müsavat başqanı İsa Qəmbər mətbuata açıqlamasında bildirir ki, Milli Şura seçkilərə Rüstəm İbrahimbəyovsuz getməyə məcbur olacaq. Kinodramaturq Rüstəm İbrahimbəyov isə "Yeni Müsavat" qəzetinə müsahibəsində müxalifətə bir neçə tanınmış və hörmətli şəxsin namizədliyinin irəli sürməsi təklifini edir.

***

Milli Şuranın Rüstəm İbrahimbəyovun Azərbaycanda olmamasının fonunda 74 yaşlı rejissorun namizədliyini irəli sürməsi "Bəyin oğurlanması" filmində Amanoğlu və "Bradyaqa"nın İsrafilin evindəki söhbətinə oxşayır. Həmin epizodda üzünü İsrafilə tutan Amanoğlu deyir: "O əjdaha xaricdə yenə peyda olub. Qəzetlər də yazır, deyir gözü ilə görənlər də var. Eşitməmisən, göldə yaşayır. Çox qəribədir, doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur?". Məsələnin nə yerdə olduğunu başa düşən İsrafil Amanoğluna cavab verir: "Sənə əjdaha lazımdır?". Amanoğlu "yox" deyir. İsrafil təmkinlə: "Elə mənim özümə də lazım deyil" - cavabını verir. Şən əhval-ruhiyyə ilə "Bradyaqa"nın çiyninə yüngülvari şapalaq vuran İsrafil: "Nə var, nə yox, Bradyaqa?" - deyir. İsrafilin xoşnudluğundan mütəəssir olmuş "Bradyaqa" mətləbi açmaq üçün dillənir: "Hə onu deyirəm də, 7 baş qoyunu sel apardı...". İsrafil isə saymazyana "Bradyqa"anın sözünü ağzında qoyur: "Sən söhbətivi elə!" - deyir və üzünü Amanoğluna tutur.

***

Azərbaycanın müstəqilliyinin ilk illərindən adı siyasət arenasında hallanan İsa Qəmbər tam əminliklə bildirdi ki, Milli Şura seçkilərə Rüstəm İbrahimbəyovsuz gedəcək. Başqan isə hələ Milli Şura yaradılmamışdan qabaq R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağını bilirdi və elə zənn edirdi ki, namizədliyini sonadək qüvvədə saxlamaqla Şuraya daxil olan digər partiyaların dəstəyini qazanacaq. Başqan əlbir olaraq müəyyən qüvvələrə xidmət etməkdə ittiham edilən AXCP sədri Əli Kərimli və politoloq Eldar Namazovu yaddan çıxarırdı. Çünki Kərimli və Namazov planı elə qurmuşdular ki, İsa Qəmbərin şübhələnməsi üçün yer buraxmamışdılar. Sonadək R.İbrahimbəyovun namizədliyinin üzərində dayanan Ə.Kərimli və E.Namazov hələ də başqanı zərərsizləşdirmək üçün "İbrahimbəyov kartı"ndan sui-istifadə edirlər və tez-tez KİV qarşısına çıxaraq cəmiyyət arasında tanınmadığı halda xalqın Rüstəm İbrahimbəyova inandıqlarını deyirlər.

***

Siyasət 74 yaşlı rejissoru tez yordu. Əgər belə olmasaydı o, müxalifətə yeni namizədlər barəsində düşünməsi təklifini irəli sürməzdi. Rüstəm İbrahimbəyov bununla açıq şəkildə dedi ki, onu gözləməsinlər, gəlməyəcək. Yeri səhv düşmüş rejissor yəqin ki, bundan sonrakı xoşbəxtliyini yenidən uzun illər çalışdığı kino səhnələrində və ssenarilərində axtaracaq. Siyasət səhnəsinə çıxmaq üçün kulisdə çox gözlədi, lakin gözlənilən çağrışı eşitmədiyindən ortaya çıxa bilmədi. Yəqin ki, bundan sonra da çıxa bilməyəcək. Rejissorun hələ də siyasi dillə danışa bilməməsi isə "Ulduz" filmində fermada tanışan olan Məhəmməd və Züleyxanın söhbət etməsinə oxşayır. Məhəmmədin həddən ziyadə kübarlığından feyziyab olan Züleyxa ona deyir ki: "Kaş ki, kişilərin hamısı sənin kimi olaydı. Məhəmməd, deyirsən yəni ömründə heç evlənməməmisən?". Məhəmməd cavab verir: "Yox, anadangəlmə dulam".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00