Amerikalı ekspert: "Qarabağ Amerika üçün elə də vacib münaqişə deyil" VIDEO
Bəs Vaşinqtondan Qarabağ danışıqlarının dalana dirənməsinin səbəbləri və gələcək perspektivləri necə görünür?
13 Avqust 2013 10:20 SiyasətAmerika Birləşmiş Ştatlarının Minsk qrupunda boş qalan nümayəndəsi vəzifəsinə səfir Ceymz Volriki təyin edən Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərini öz ölkələrinin xalqlarını müharibə deyil, sülhə hazırlamağa çağırıb. Bəs Vaşinqtondan Qarabağ danışıqlarının dalana dirənməsinin səbəbləri və gələcək perspektivləri necə görünür?Con Kerrinin dövlət katibi kimi inauqurasiyasından 7 ay ötür. Qarabağ münaqişəsində yaxşı bələd olan Con Kerrinin bu müddət ərzində hələ də bölgəyə səfər etməməsi özünün dostu adlandırdığı erməni icmasını da təəssüfləndirməkdədir. Bəs gözləntilərin əksinə olaraq, Kerrinin sülh danışıqlarına kifayət qədər maraq göstərməməsi nə ilə bağlıdır?Heritic fondunun baş eksperti, Ariel Koen: "Təəssüflər olsun ki, Qarabağ Amerika üçün təcili həllini gözləyən, çox vacib münaqişə deyil. Mən ümid edirəm ki, dövlət katibi regiona səfər edəcək, sonra Minsk qrupuna konkret təkliflər verəcək. İndi Rusiya ilə ABŞ arasında münasibətlər gərgindir,10 il əvvəl ortaq məxrəcə gəlmək daha asan idi. Lakin ümid edirəm ki, ABŞ Qarabağ kimi regional münaqişədə Rusiya ilə işləyə biləcək. Azərbaycanda prezident seçkiləri başa çatdıqdan, dövlət katibinin və Rusiya prezidenti Putunin Azərbaycana səfərlərindən sonra Qarabağ məsələsində irəliləyiş görə bilərik".Maraqlıdır ki, ABŞ-da sülh prosesində yaranmış durğunluğa görə məsuliyyəti Minsk qrupunun həmsədri olan ölkələrdə deyil, tərəflərin özləridə axtaranlar az deyil. Onlardan biri ABŞ-ın Azərbaycandakı sabiq səfiridir.ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Ross Vilson: "Siz dövlət katibinin vəzifədə olduğu 7-8 ayda gördüklərinə nəzər salsanız, görərsiz ki, o başladığı işi başa çatdırmağı xoşlayan adamdır. Diplomatlar görəndə ki, dünyanın bir bucağında nəyəsə nail olmaq olar, digərində isə uzanmış, həlli görünməyən münaqişədir, onlar nəticə verə bilənə maraq göstərirlər. Odur ki, mən həm Azərbaycan, həm də Ermənistan rəhbərlərinə tövsiyyə edərdim ki, danışıqları yenidən başlamaq istədiklərini nümayiş etdirsinlər".
Bu mövqe ABŞ-ın hər iki tərəfdən güzəşt gözləntisi ilə üst-üstə düşür. Bəs işğalçı ilə işğal olunanı bərabərləşdirmək hansı məntiqə uyğundur? Azərbaycanın ABŞ-dakı səfiri məsuliyyəti həm də Bakıda axtarmaq səylərini ədalətsiz hesab edir.
Azərbaycanın ABŞ-dakı səfiri, Elin Süleymanov: "Bilirsiniz, inanmıram o seçkidən asılıdır, asılı deyil. Bizim Qarabağ məsələsinin həllinə azca da olsa yaxınlaşmaq imkanimiz olsa, cənab prezident dərhal bu imkandan istifadə edərək, Azərbaycan dövləti üçün hər bir addımı atacaq. Bu gün məsələni uzadan Azərbaycan tərəfi deyil, Ermənistandır".
Bir neçə gün əvvəl Minsk qrupunda boş qalan həmsədr vəzifəsinə səfir Ceymz Volriki təyin etməklə ABŞ münaqişənin həllinə sədaqətini nümayiş etdirdi. Dalana dirənən danışıqların doğrudan da yeni nəfəsə ehtiyacı var.