Sabir Rüstəmxanlı: “Viza versələr, Çöhrəqanlı Azərbaycana gələcək”

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, deputat Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlının Azərbaycana gələcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Sabir Rüstəmxanlı Çöhrəqanlının viza alması üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etdiyini deyib: "Səfirlikdə sənədləri qəbul olunub. Müəyyən razılaşmalardan sonra qərar verəcək. Viza versələr, Çöhrəqanlı Azərbaycana gələcək".
Deputat Çöhrəqanlının Bakıya gəlmək niyyətinin prezident seçkisinə qətiyyən aidiyyəti olmadığını qeyd edib: "Çöhrəqanlının başı Güneydə yaşayan xalqın problemlərinə qarışıb. O, Quzey Azərbaycanın siyasətinə qarışmır. Bura onun vətəndir. İrana yolu bağlıdır, gedə bilmir, Türkiyəyə buraxmırlar. İllərdir vətənini, yurdunu görməyən bir adamdır. Darıxır, öz dilini eşitmək istəyir, doğma adamlarını görmək istəyir, gəlib bizimlə bərabər çay içmək istəyir".
Sabir Rüstəmxanlı Çöhrəqanlının Azərbaycana viza almasında yaranan problemlərin aradan qaldırılması üçün 2012-ci il noyabrın 5-də prezident İlham Əliyevə etdiyi müraciətə də toxunub: "Əgər bizim səfirlik sənədləri götürübsə, viza verəcəksə, bu, müraciətlərin və ictimaiyyətin məsələyə münasibətinin nəticəsi olacaq".
2001-ci ildə İranı tərk edən, 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayan Çöhrəqanlı 2006-cı ilin iyun ayında Türkiyədən, sonra isə Azərbaycandan deportasiya olunub. 2012-ci il noyabrın 3-də Türkiyəyə yola düşsə də, bu ölkəyə buraxılmayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00