AXCP-Müsavat arasında təzyiq yüksəlir

Əli Kərimli nə vaxtsa İsa Qəmbərin prezident olacağı ölkədə partiya sədri olmaq istəmir, nə də ki, İsa Qəmbər Müsavat başqanı...

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu yazır: ""Facebook-dakı dostlarımdan biri yazır ki, filankəs öz statusunda mənim barəmdə ağzına gələni yazır, ona cavab verim .Baxdım, gerçəkdən məni, 24 illik tarixi olan "Yeni Müsavat"ı söyüşlərlə, təhqirlərlə, nifrinlərlə yad edir. Cəbhəçidir - hazırda AXCP-nin sərhəd xətti "Yeni Müsavat"dan keçir; son uğursuzluqlarını, siyasi prosesləri və müxalifəti çıxılmaza soxmaqlarını ötr-basdır etməyin yolunu bulub funksionerlər. Günahkarı tapıblar və ən təpədən gələn komanda ilə "Yeni Müsavat" hədəfə götürülüb. Necə gəldi döşəyirlər; qəzetlərində təhqiramiz yazılar dərc edirlər, heysiyatımızla oynayırlar, hətta ailə üzvlərimizi dillərinə dolayırlar. Susuruq; lakin son həddə çatanda, arada bir cavab veririk ki, bizim də əlimiz armud toplamır!" Həqiqətən də bir müddət əvvəl AXCP-ın Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli "Facebook"dakı ünvanında "Yeni Müsavat"ı hakimiyyətə işləməkdə ittiham edərək Müsavat Partiyasını təhqir edib. Digər tərəfdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında bildirir ki, Müsavat Partiyasının qərarı İsa Qəmbərin namizədliyinin irəli sürülməsiylə bağlıdır: "AXCP-nin qərarı isə Əli Kərimlinin namizədliyinin irəli sürülməsiylə bağlı deyil. Əksinə, AXCP-nin qərarı Milli Şuranın vahid namizədinin müdafiə olunması, o mümkün olmadığı təqdirdə yeni vahid namizəd irəli sürərək, Milli Şuranın vahid namizəd ideyasının davam etdirilməsiylə bağlıdır". Açıqlamalar və sosial şəbəkələrdəki gərginlikdən ortaya çıxan məsələ ondan ibarətdir ki, Müsavat və AXCP arasında "soyuq müharibə" artıq yüksələn xətt üzrə inkişaf edir.

***

AXCP və Müsavat arasında başlayan gərginliyin bir ucu Milli Şuranın vahid namizəd məsələsinə bağlanır. Əvvəlcədən Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağını bilən İsa Qəmbər seçkilər üçün adını irəli sürdü. Milli Şuraya daxil olan siyasi partiyaların İbrahimbəyovun vahid namziədliyi üzərində dayandığı halda Müsavat Partiyası başqanı bu statusda saxlamaq üçün çalışdı. 20 ildir hakimiyyətə gəlmək üçün səy göstərən AXCP üçün İsa Qəmbərin namizədliyini qaldırmaq o qədər də asan məsələ deyildi. Məhz bu səbəbə görə Əli Kərimlinin xüsusi tapşırığı ilə AXCP-ın rayon təşkilatları da İsa Qəmbərin müxalifət daxilindəki nüfuzuna zərbə vurmaq üçün fəaliyyətə başlayıblar. AXCP-ın Bakı təbliğatçılarından fərqli olaraq rayon təşkilatları Müsavata qarşı təhqir üsuluna üstünlük verirlər. Təzəxan Mirələmlinin də Müsavatın mətbu orqanı olan "Yeni Müsavat"a qarşı başladığı "qara piar kompaniyası" eyni məntiqə əsaslanır. AXCP-yə məxsus olan "Azadlıq" qəzeti isə Milli Şuranın bütün iclaslarında iştirak edən İsa Qəmbərin şəkillərini yayımlamaqdan açıq şəkildə boyun qaçırır. Fuad Qəhrəmanlı AXCP-ın Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə Milli Şuranın digər vahid namizədlə getməsi təklifinin üzərində dayandığını bildirir və Müsavatı dolayı yolla qurumun təkliflərinə xəyanət etdiyini iddia edir. Sədr müavini vahid namizəd dedikdə çox güman ki, İsa Qəmbəri yox, Əli Kərimli ilə müəyyən qüvvələrə xidmət etdiyi bildirilən Eldar Namazovu nəzərdə tutur. İndiki məqamda və əvvəlcədən də məlum idi ki, İsa Qəmbərin namizədliyinin qüvvədə qalması AXCP-ın ideoloji-siyasi xəttinə uyğun gəlmir. Xalq Cəbhəsi Eldar Namazovun namizədlik məsələsinin həll olunmayacağı halda Əli Kərimlinin adının irəli sürülməsinə çalışır. Bu isə Müsavata uyğun deyil. Hər iki tərəfin namizədlik məsələsində biri-birinə qarşı güzəşt etmək fikri yoxdur. Çünki tərəflər 1993-cü ildən Azərbaycanda hakimiyyətə gəlmək üçün mübarizə aparır. Keçən 20 il ərzində keçirilən prezident və parlament seçkilərində bir dəfə də olsun nə AXCP Müsavata, nə də ki, müsavatçılar cəbhəçilərə güzəştə gedəcək addımlar atmayıb. Partiyalar ən yaxşı halda aralıq illərdə İctimai Palata kimi bloklar yaradaraq səthi mübarizə taktikasına üstünlük veriblər. Hər seçki ilində isə soyuq münasibətlər üzərində yaradılan qurumlar dağılıb. Sırf namizədlik məsələsində AXCP və Müsavat arasında açıq görünən fikirayrılığı var. Partiyalara başçılıq edən sədrlər və funksionerlərin siyasi ambisiyaları o qədər güclüdür ki, vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilmirlər. AXCP və Müsavatın rayon və Bakı təşkilatlarının məhz seçki ilində biri-birinə qarşı çevrilməsi alınan tapşırıqlar üzərindən həyata keçirilir. Əsas pozuculuq işi AXCP-dən qaynaqlanır. Çünki bu partiyanın daxildəki fəaliyyətində müəyyən təzadlı tezislər var. Partiyanın iqtidarı birxətli tənqid etməsi müəyyən şübhələri ortaya qoyur. Həmin amillər AXCP-ın İsa Qəmbərin namizədlik məsələsinə zərbə vurur. Əli Kərimli nə vaxtsa İsa Qəmbərin prezident olacağı ölkədə partiya sədri olmaq istəmir, nə də ki, İsa Qəmbər Müsavat başqanı... Ümumilikdə isə Əli Kərimli və İsa Qəmbər prezidentlik parametrlərinə cavab vermirlər. Siyasi hərcmərclik, şəxsi mənfəət, mənəmənəmlik, şəxsində reytinqli olmaq sindromu mübarizəsi partiya liderlərinin birinin tikəsini digərinin boğazından keçməsinə imkan vermir. Qeyd edilən faktorlar insanları ətraflarında toplamağa imkan verimir, bu səbəbdən də partiyaların sosial bazası olduqca aşağıdır. Çox güman ki, ona qədər mövcud olsalar 2018-ci ildə də təkrarlanacaq. Müxalifət buna görə məğlub olur. Düzgün qurulmuş taktika, ağıllı gedişlər, milli dövlət maraqlarında vəhdət olmaq, ölkənin gələcək müqəddaratı barəsində birlik və qısqanclığın olmaması qələbənin aynasıdır.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00