“Müxalifət də İlham Əliyevin namizədliyini dəstəkləyəcək” - AÇIQLAMA

Cümşüd Nuriyev: “AXCP sədri İsa Qəmbərdən qisas almaq üçün öz namizədliyini irəli sürəcək”

"Namizədlərin sayı çoxalacaq, çünki əvvəlcədən azərbaycanlı siyasətçilər proqnozlaşdırmışdılar ki, Milli Şura seçkilər üçün düşünülmüş oyundur. Bu oyunun hələlik ilkin işartıları üzə çıxıb. Amma bunun harada, kimin bağında hazırlandığı tezliklə üzə çıxacaq. Təxminən 15 namizəd MSK-ya müraciət edəcək ki, onlardan da 7-8-i qeydə alınacaq. Ona görə ki, bəzi iddialıların imzatoplama kampaniyasının uğurla başa çatacağı inandırıcı deyil". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev qeyd etdi ki, iqtidarın prezident İlham Əliyevdən başqa ikinci nümayəndəsi yoxdur. Müxalifətdən olan 2-3 namizəd də İlham Əliyevi dəstəkləyəcək. YAP-dan da ikinci namizədin adı da irəli sürülməsi mümkündür, lakin belə bir ehtimal azdır. Qeydə alınmış və alınacaq namizdələrin içərisində nəinki İlham Əliyevə alternativ olacaq, hətta Azərbaycan dövlətini prezident kimi idarə edəcək siyasətçi yoxdur. Çünki namizədlikləri qeydə alınmış siyasətçilərin partiyalarında onlardan başqa tanınan ikinci adam yoxdur. Politoloq hesab edir ki, namzidəlikləri qeydə alınmış müxalif siyasətçilərin içərisində nisbətən reytinqlisi İqbal Ağazadədir: "Qalanları cəmiyyət arasında elə də tanınmırlar, özləri üçün reytinqlidirlər. Milli Şuranın namizədinin olmasının da bundan sonra əhəmiyyəti yoxdur. Çünki Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi məsələsi əvvəlcədən proqnozlaşdırıldığı kimi ssenaridir. Müxalifət düşərgəsində namizədliyi qeydə alınacaq ən güclü siyasətçi İsa Qəmbər olacaq. Müxalifət istəməsə də İsa Qəmbər namizədliyini irəli sürəcək. Əli Kərimli də öz iddiasından geri çəkilmir. AXCP sədri İsa Qəmbərdən qisas almaq üçün öz namizədliyini irəli sürəcək. Əli Kərimli Müsavat başqanı üçün zəif rəqib deyil. Eldar Namazovun namizədliyini irəli sürülməsi siyasi yox, maliyyə xarakterli məsələdir. Müxalifətin digər reytinqli namizədi Mirmahmud Mirəlioğludur. Araz Əlizadə seçkilərdə müxaliəfətin qənimi statusunda çıxış edəcək. Lakin A.Əlizadənin lazım olan imzaları toplaması sual altındadır. Fazil Mustafa və Qüdrət Həsənquliyev həmişə olduğu kimi bu dəfə də namizədliklərini irəli sürəcəklər. lakin onların Azərbaycan cəmiyyətinə ciddi şəkildə təsir etmək imkanları yoxdur". ("OLAYLAR" İA)      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00