“Rusiya ABŞ-a təzyiq kimi Snoudendən istifadə edib” - AÇIQLAMA
“Rusiya tərəfi bu addımı atarkən onun doğıracağı fəsadları hesablayıb”
7 Avqust 2013 16:35 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyası Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov Rusiyanın ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin əməkdaşı Edvard Snoudenə sığınacaq verməsinin Rusiya-ABŞ münasibətlərinə təsiri barədə fikirlərini "Olaylar" İA-nə bildirib. Elman Nəsirov hesab edir ki, heç şübhəsiz ki, mərkəzi kəşfiyyat idarəsinin əməkdaşının, informasiya sahəsində çalışan bir şəxsin Rusiyada sığınacaq almasının, dünyanın əksər ölkələrinin ona sığınacaq verməməsi fonunda Rusiyanın belə bir addım atması və Edvard Snoudenə sığınacaq verməsi rəsmi Vaşinqton - Moskva münasibətlərinə təsirsiz qalmayacaq. Politoloq Rusiya-ABŞ arasında gərginliyin mövcudluğunu vurğulayıb: "Onsuz da Rusiya - ABŞ münasibətləri əksər hallarda gərginliyi ilə xarakterizə olunur. Xüsusi ilə də Suriya məsələsi, İranın nüvə proqramı ilə bağlı, Avropadakı raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı məsələlərdə çox ciddi fikir ayrılığı var". Elman Nəsirov hesab edir ki, bu reallıqlar fonunda Rusiyanın Edvard Snoudenə sığınacaq verməsi vəziyyəti daha da dramatikləşdirə bilər. Politoloqun haqqında danışdığı məsələlərdə- Suriya məsələsində, İran məsələsində, Avropada raket əleyhinə müdafiə sistemləri məsələsində ABŞ-la Rusiya arasındakı gərginlik daha da artmış olar. Elman Nəsirovun sözlərinə görə, Rusiya tərəfi bu addımı atarkən bunun doğuracağı fəsadları, ABŞ-la münasibətlərə hansı gərginlik elementləri gətirəcəyini hesablayıb.
Elman Nəsirov Rusiyanın Snouden amilindən xarici siyasət faktoru kimi istifadə edə biləcəyini düşünür: "Hesab edirəm ki, Rusiya həm də ABŞ-a bir təzyiq elementi kimi bundan istifadə edib. Bir sıra fundamental məsələlərdə əgər ABŞ Rusiyaya güzəştə gedərsə Rusiyanın da mərkəzi kəşfiyyat idarəsinin əməkdaşından imtina etməsi perspektivini də proqnozlaşdırmaq mümkündür. Sadəcə olaraq Rusiya bu faktordan öz xarici siyasət məqsədləri üçün, xüsusilə də ABŞ-la olan qarşıdurma fonunda yaranmış məsələləri öz xeyrinə həll etmək üçün bir amil kimi istifadə edə bilər".
Sevda Qurbanqızı