Hər münaqişənin öz tarixi, dinamikası və sonu var
9 Mart 2023 16:06 Siyasətİlham Əliyev: "Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır"
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə xatirə fotosu çəkdirildi.
X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək əvvəlcə bu mötəbər tədbirin əhəmiyyəti, qlobal miqyaslı məsələlərin müzakirə edildiyi bir məkan kimi önəmindən danışıb. Dövlət başçısı bildirib ki, Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir ki, bu da sözügedən toplantının nə dərəcədə mühüm əhəmiyyətli bir platforma olduğunu ortaya qoyur. Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq: ""İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və idarə heyətinin çox dərin və məhsuldar fəaliyyətinin nəticəsidir".
Azərbaycanın bir çox beynəlxalq platforma və təşkilatlarda uğurla təmsil olunduğunu diqqətə çatdıran dövlət başçısı istər BMT, istər Qoşulmama Hərəkatında rəsmi Bakının öynadığı rol, irəli sürdüyü təşəbbüslər və həmin təşəbbüslərə olan müsbət reakssiyalardan da söz açıb. Bildirib ki, xüsusilə pandemiya dövründə Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq dəstək qazanıb: "Biz peyvənd millətçiliyinə qarşı mövqeyimizi bildirdik. Biz, həmçinin müəyyən tədbirlərin görülməsinə dəstəyimizi verdik və 80 dövlətə, əsasən Qoşulmama Hərəkatının üzvlərinə yardım etdik". Dövlət başçısı qeyd edib ki, Azərbaycan virusa qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına təqribən 10 milyon dollar yardım göstərib.
Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini də toplantı iştirakçılarının diqqətinə çatdıran prezident İlham Əliyev ölkəmizin quruma sədrliyinin başa çatmasından sonra da sözügedən təşkilatda Azərbaycanın aktiv rol oynayacağını vurğulayıb: "Biz Qoşulmama Hərəkatına sədrliyimiz başa çatdıqdan sonra da öz işimizi davam etdirəcəyik. Bölünmüş dünyada bu kimi fəaliyyətlər çox zəruridir. Çünki biz Qərb ilə Şərq arasında "Soyuq müharibə"dən sonra çox ciddi toqquşmanı görürük. Qoşulmama Hərəkatı boşluqları doldurmaq, körpülər salmaq və münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır".
"X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multiletaralizm xüsusi yer tutur" deyən dövlət başçısı onu da forum iştirakçılarının diqqətinə çatdlrıb ki, Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatında sədrliyə başlayıb. Ölkəmizin sədrliyinin 2023-cü ilədək uzadıldığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, biz Qoşulmama Hərəkatına yenidən canlandırma gətirdik: "Əfsuslar olsun ki, müəyyən dövrlərdə bir qədər passivlik var idi. Bu baxımdan biz üç sammit - beynəlxalq tədbir təşkil etdik".
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan, bu məqsədlə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən və onun müsbət nəticələrindən də danışıb. Bildirib ki, biz enerji bazarında payımızı artırırıq: "Neft və qaz boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti artıq dəyişmişik. İndi isə artıq elektrik enerjisinin ötürülməsi ilə bağlı yeni imkanlar yaradırıq" - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropaya təbii qaz ixracını artırır. Bütövlükdə bu həcm xeyli artacaq: "Azərbaycanın 2019-cu ildə 19 milyard kubmetr qaz ixrac etdiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bu il həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək. Bu, birmənalı olaraq Avropa istehlakçılarına imkan verəcək ki, onların təbii qaza çıxışı olsun. Bu, xüsusən indiki geosiyasi vəziyyət baxımından çox zəruridir. Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra biz qaz təchizatının artırılması ilə bağlı 10 Avropa ölkəsindən müraciətlər almışıq və bunu da edirik".
"Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq" deyən dövlət başçısı diqqətə çatdırıb ki, biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarırıq".
İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan quruculuq-abadlıq işlərindən də danışıb, forum iştirakçılarını məlumatlandırıb. Qarabağda həyatın canlanması, orada baş verəcək inkişafdan Qarabağın erməni sakinlərinin də istifadə edəcəklərini deyən İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur: "Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq".
Dövlətimizin başçısı bildirib ki, bu, güclə dəyişdirilə bilməz: "Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik. İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar", - deyə Prezident İlham Əliyev deyib.
"Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın" deyə bildirən İlham Əliyev daha sonra bunları vurğulayıb: "Biz bunu döyüş meydanında etdik. Biz Ermənistandan fərqli olaraq, hər hansı hərbi cinayət, hər hansı soyqırımı törətmədik. Biz bu nailiyyətləri döyüş meydanında əldə etdik. İndi isə artıq sülh qurmaq vaxtıdır".
Dövlət başçısı Azərbaycanın daim sülhpərvər ölkə olduğunu, lakin Ermənistanın sülhə heç zaman yaxın gəlmədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik.
Dövlət başçısının çıxışından onra Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima çıxış ediblər.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxundu.
Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış etdi.
Forum işini panel iclaslarla davam etdirir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Füzuli