Bu məhsul marketlərdən təcili yığışdırılır - Yeyənlər xəstəxanalıq olub

Fransada Salmonella bakteriyası səbəbindən 81 nəfərin xəstələnməsindən sonra aparılan araşdırma zamanı yoluxmanın səbəbi müəyyənləşdirilib. Lot-et-Garonne bölgəsindəki emal müəssisəsindən paylanan çiy balqabaq tumları və tərkibində bu məhsulun olduğu bəzi çərəz qarışıqları təcili olaraq market rəflərindən yığışdırılır.

Musavat.com xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyi və Paster İnstitutunun araşdırmasına görə, 81 nəfərdə Salmonella Enteritidis bakteriyası aşkarlanıb. Araşdırmalar nəticəsində xəstələnmələrin emal müəssisəsindən müxtəlif satış nöqtələrinə göndərilən balqabaq tumları ilə əlaqəli olduğu müəyyən edilib.

Geri çağırılan məhsullar arasında ayrıca satılan çiy balqabaq tumları ilə yanaşı "Mélange sportif", "Mélange Babylone" və "Mélange spécial salade estivale" adlı paketlənmiş qarışıqlar da var.

Şübhəli partiyaların Fransadan başqa Belçika, Lüksemburq və İsveçrədə də satışa çıxarıldığı müəyyənləşdirilib. Bu səbəbdən həmin ölkələrdə də məhsulların mağazalardan yığışdırılmasına başlanılıb.

Çirklənmiş məhsulların istehlakından sonra 6 nəfər xəstəxanada müalicə alıb, daha 2 nəfər isə təcili tibbi yardıma müraciət edib.

Səlahiyyətli qurumların məlumatına görə, Salmonella ilə yoluxan 81 nəfərin hamısı müalicə olunduqdan sonra sağalaraq xəstəxanadan evə buraxılıb.

Geri çağırılan şübhəli məhsulların 1 mart-28 avqust tarixləri arasında satışda olduğu bildirilib. Məhsulların son istifadə tarixləri isə 30 iyun 2026-cı ildən 17 iyul 2027-ci ilədək dəyişir.

Emal müəssisəsində yoxlamalar aparılıb. Mütəxəssislər bakteriyanın məhsullara hansı mərhələdə və necə keçdiyini dəqiq müəyyənləşdirmək üçün araşdırmanı davam etdirirlər.

Salmonella ilə çirklənmiş qidaların istehlakı qarın ağrısı, ishal, qusma və qızdırma kimi əlamətlərə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31