Azərbaycan Avropa İttifaqı üçün vacib, vazkeçilməz ölkədir

Müstəqil Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır. O cümlədən, nüfuzlu təşkilat olan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında. Məlumat üçün qeyd edək ki, Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional müstəvidə öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Xüsusən son beş il müddətində sözügedən əməkdaşlıq daha da inklişaf edib. Azərbaycan  və Avropa İttifaqı arasında imzalanmış və ya qəbul olunmuş sənədlər dediklərimizi bir daha təsdiq edir. Elə  Latviya Respublikasının Prezidenti Egils Levitsin ölkəmzə səfəri də eyni fikri söyləməyə əsas verir. Səfər çərçivəsində aparılan danışıqlar bir daha deməyə əsas verir ki, Latviya Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın inkişaf etməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Latviya Respublikasının Prezidenti Egils Levitsin səfərinin yekunu ilə bağlı  mətbuata bəyanatında qeyd edib ki, ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır: "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub". Dövlət başçısı həmçinin qeyd edib ki, Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır: "Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir".

xxx

Millət vəkili Musa Qasımlı qeyd edib ki, dövlət başçısının səsləndirdiyi fikirləri Cənubi Qafqazın gələcəyinə və Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycan baxışının yeni təqdimatı kimi naxmaq olar: "Latviya Respublikasının Prezidenti Egils Levits ilə  görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatından aşağıdakı nəticələri çıxarmaq olar. Strateji tərəfdaş olan bu iki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir. Siyasi dialoq və iqtisadi əməkdaşlığın inkişafı dövlət başçılarının siyasi iradəsinin göstəricisidir. Azərbaycan dövləti Strateji tərəfdaşlıq haqqında bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalayıb və ya qəbul edib. Bu isə İttifaqın üzvü olan dövlətlərin üçdəbiri deməkdir. Yəni, Azərbaycanın mövqeləri Avropa İttifaqında möhkəm və getdikcə daha da möhkəmlənir. Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Avropa ilə Azərbaycanı təkcə enerji təhlükəsizliyi birləşdirmir, daşımalar, təhsil, ticarət kimi digər sahələrdə də əməkdaşlıq vardır. Avropa İttifaqı Azərbyacanın əsas ticarət ortağıdır. Yəni, Azərbaycan Avropa İttifaqı üçün vacib, vazkeçilməz ölkədir. Avropa İttifaqının üzvləri olan dövlətlərin demək olar ki, hamısı eyni zamanda NATO üzvləri olduqlarından, bu, eyni zamanda dünyanın yeganə hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlıq deməkdir. Yəni, NATO ilə əməkdaşlığın böyük potensialı və perspektivləri vardır". Onun sözlərinə görə, müharibədə qalib gələn Azərbaycan dövləti Ermənistanın vurduğu bütün ziyanlara baxmayaraq, ədavət və düşmənçilik səhifəsini tarixin arxvinə göndərmək, münasibətlərdə yeni səhifə açmaq, gələcəyə baxaraq sülh şəraitində yaşayan Cənubi Qafqazın qurulmasını istəyir: "Lakin bu, təkcə Azərbaycandan asılı olan məsələ deyildir. Qarşı tərəf də əməli addımlar atmalıdır. Ona görə də Azərbaycan tərəfi Ermənistan ilə mehriban qonşular kimi sülh şəraitində yaşamaq istədiyi üçün təkliflərini göndərib. Rəsmi İrəvanın düzgün qərarlar qəbul edəcəyinə, təkliflərə müsbət cavab verəcəyinə  və vaxt udmağa çalışmayacağına ümid edən Azərbaycan yeni müharibə istəmir. Yəni, regionda baş verə biləcək hər hansı bir gərginlik üçün məsuliyyət Ermənistanın üzərinə düşür. Mehriban qonşular kimi yaşamağın nümunəsini SSRİ dağıldıqdan sonra Baltik ölkələri öz aralarında göstəriblər. Lakin Cənubi Qafqazda buna Ermənistanın əsassız ərazi iddiaları və düşmənçilik siyasəti nəticəsində buna nail oluna bilməyib. Yəni, Baltik modeli Cənubi Qafqaz üçün də qurula bilər. Dinc, müharibələrsiz Cənubi Qafqaz təkcə region xalqlarının deyil, bütün Avropanın da faydasınadır.  Münaqişələrlə və qanlarla "parçala, hökm sür" siyasətini həyata keçirərək regionda öz mövcudiyyətlərini qoruyub saxlamağa çalışan qonşular, eləcə də Avropa İttifaqının üzvü olan bəzi dövlətlər, xüsusən regionu qarışdırmağa, silah anbarına, barıt çəlləyinə çevirməyə çalışan Fransa yersiz təkəbbürdən əl çəkərlərsə, Ermənistanı sülhə məcbur edərlərsə Cənubi Qafqaza mehriban qoşuluq, dinc yanaşı yaşamaq, əməkdaşlıq, rifah gələr və yeni müharibəyə ehtiyac da qalmaz. Yəni, Cənubi Qafqazdakı gərginliklər üçün məsuliyyət təkcə Ermənistanın deyil, öz maraqları naminə regionu qarışdırmaq istəyən dövlətlərin də üzərinə düşür".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31