Artıq cəmiyyətdə radikalizmə yer və inam yoxdur
6 Avqust 2013 17:25 Siyasət"Heç şübhəsiz, insanlar öz seçimlərini edərkən bu günün reallıqlarını nəzərə alıb qarşıdan gələn beş ildə də ölkənin inkişafını təmin edə biləcək liderə - İlham Əliyevə səs verəcəklər. Günümüzün reallığı budur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir". Bunu deyən millət vəkili Hadı Rəcəblinin sözlərinə görə, cəmiyyətdə artıq radikalizmə yer və inam yoxdur: "Cənab İlham Əliyev daim xalqa arxalanır, xalqdan güc alır və Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi şəxsi keyfiyyətləri ilə istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda böyük hörmət və nüfuz qazanıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq görüşlərdə, müxtəlif tədbirlərdə hər kəsə qarşı ləyaqətlilik və təmkinlilik cənab İlham Əliyevin rəhbər obrazını tamamlayan keyfiyyətlərdəndir. Bu keyfiyyətlər özünü xüsusilə də geniş xalq kütlələri ilə görüşdə, xalqın taleyi ilə bağlı hər hansı bir məsələyə operativ və obyektiv münasibət bildirməsində daha çox göstərir. Seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şəraitin yaradılması imkan verir ki, növbəti seçkilərdə də xalqımız özünün iradəsini ortaya qoyaraq düzgün seçimini etsin".