Müxalifət növbəti məğlubiyyətin acısını yaşayacaq

"Bundan sonra müxalifətdə, xüsusən də, radikal cinahda prezidentliyə namizədlə bağlı isim dəyişikliyinin edilməsinin heç bir xeyri yoxdur". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, çünki Azərbaycan xalqı və seçicisi 1993-cü ildən bu yana xalqın etibar və etimadını itirib, bu qüvvələrə, onların namizədlərinə güvənmir, öz dəstəyini vermir: "Bunun səbəbini və günahını seçkilərdə, seçki qanunvericiliyində, seçki komissiyalarında, seçicilərdə və nəhayət, Azərbaycan hakimiyyətində axtarmaq lazım deyil, müxalifət, ələxüsus, radikallar bunu öz yanlış, səhv, reallıqla uzlaşmayan hərəkətlərində, addımlarında, davranışlarında, fəaliyyətlərində axtarmalıdırlar". Millət vəkili əlavə edib ki, müxalifətin seçkilərdə nəyəsə nail olacağı gözlənilən və ehtimal olunan deyil: "Bütün cəhdlər və səylər yenə də radikalları uğursuzluq məhkumiyyətindən xilas edə bilməyəcək. Onlar növbəti məğlubiyyət acısını yaşayacaqlar, necə ki, artıq bunu indidən yaşayırlar. Bu cinahda baş verənlər, qarşılıqlı ittihamlar, ağlasığmaz təhqirlər, Rəsul Quliyev-İsa Qəmbər dartışması, Əli Kərimli-Müsavat qarşıdurması və sair, bunlar reallığın, indiyədək deyilənlərin əyani sübutudur. İndi bununla hansı uğurdan danışmaq və qələbəyə iddia etmək olar? Hər halda buna biz deyil, onlar özləri cavab verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00