Putinin Bakı səfərində Zəngəzurun geri qaytarılması məsələsi müzakirə oluna bilər - POLİTOLOQ

Mübariz Əhmədoğlu: “Rusiyanın Azərbaycana münasibətinin səmimiyyətinin indikatoru da onun Zəngəzurun Azərbaycana qaytarılması mövzusunda münasibətilə ölçülməlidir”

Avqustun 6-da Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2013-cü ilin iyul ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib. Rusiyanın MDB regional dövlətlərinə təzyiq kompaniyasına başladığını deyən Mübariz Əhmədoğlu çıxışında qeyd etdi ki, Türkmənistanda ikili vətəndaşlıq məsələsi təzyiq vasitəsinə çevrilib. Politolqonun sözlərinə görə Rusiya tərəfindən Özbəkistan və Qazaxıstanın şəxsi transfertlərinə blokada qoyulub. Qırğızıstan və Tacikistan Rusiyanın çaldığına oynayırlar. Belorusiya üçün son təzyiq "Uralkalium" zavodunun atdığı addımlardır. Bununla da Avropanın ən nəhəng gübrə zavodlarından biri olan "Beloruskalium"u çökdürmək istəyir. M.Əhmədoğlu hesab edir ki, Ukrayna da Rusiyanın total təzyiqləri altındadır. Məhsullarının Rusiyaya girməsinə qadağa qoyulub. Rusiyanın təkidilə Dnestryanı bölgə və Qaqauziya Moldovaya ultimatum verdilər. Gürcüstandakı ABŞ-ın biloji laboratoriyası Rusiyanın hədəfindədir. Laboratoriyanın bağlanmasını təkid edən Rusiya Gürcüstanı bioloji mərkəzi vurmaqla hədələyir: "Forpost və ya strateji müttəfiq hesab etdiyi Ermənistana planlaşdırdığı investisiyaları dayandırıb. Rusiyadakı ermənilər üzərində nəzarət gücləndirlib. Bunun müqabilində Rusiyanın Azərbaycana qarşı heç bir təzyiqi görünmür, əksinə Dağıstanda avarların sakitləşməsi, Dərbəndin mərkəzi küçəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsi tamam fərqli münasibətlər sistemindən xəbər verir. Vladimir Putin Azərbaycana səfərə hazırlaşır. Bu baxımdan Azərbaycanla normal qurulmuş əlaqələr Yaxın Şərq regionunda Rusiyaya çox böyük perspektivlər vəd edir". M.Əhmədoğlu qeyd etdi ki, Putinin Bakıya səfəri zamanı ən aktual məsələ olan Zəngəzurun Azərbaycana qaytarılması mövzusunun aktuallaşdırılması olmalıdır: "Rusiya-Ermənistan münasibətlərinin əvvəlki kimi olması mümkün deyil. Ona görə də Rusiya Qarabağı ermənilərə verə bilməyəcək və Ermənistanın mövqeyini dəstəkləməyəcək. Bu baxımdan səfər zamanı Zəngəzur məsələsi aktuallaşdırılmalıdır. İndiki vəziyyətdə Naxçıvanın Azərbaycanın digər regionları ilə quru əlaqələrinin olmaması ölkə üçün böyük təhlükədir. Zəngəzurun geri qaytarılması Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına əlavə təkan verəcək. Lakin bundan qabaq Azərbaycanın vahid təhlükəsizlik zonasına daxil olması daha əhəmiyyətlidir. Rusiyanın Azərbaycana münasibətinin səmimiyyətinin indikatoru da onun Zəngəzurun Azərbaycana qaytarılması mövzusunda münasibətilə ölçülməlidir". ("OLAYLAR" İA)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00