“Ərdoğana qarşı münasibətdə Misirlə İsrailin mövqeyi üst-üstə düşür” - Elxan Şahinoğlu

“Əslində Qahirənin bu qərarı gözlənilən idi”

Misir hökuməti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzza zolağına reallaşdıracağı rəsmi səfərə icazə verməyib. Rəsmi Qahirə qərarını onunla əsaslandırıb ki, Ankara Müsəlman Qardaşlarını himayə edir. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Misirlə-Türkiyə arasında yaranan gərginliyin əsas səbəbi Ərdoğanın ilk gündən Məhəmməd Mursinin həbs olunmasına görə yeni hökuməti sərt tənqid etməsidir. Baş nazir təkidlə Mursinin azad olunmasını tələb edir. E.Şahinoğlu qeyd etdi ki, digər tərəfdən Ərdoğan Məhəmməd əl-Bəradeyinin Türkiyəyə səfərini əngəllədi: "Bəradeyi Misirin vitse-prezidenti təyin ediləndən sonra Türkiyəyə səfər etmək istəyirdi. Bununla Ərdoğanın hərbi çevrilişdən sonra formalaşan yeni hökumətlə münasibətləri gərginləşdi. Bunun nəticəsində də Mansur hökuməti Ərdoğanın Qəzza səfərinə "qırmızı işıq" yandırdı. Əslində Qahirənin bu qərarı gözlənilən idi". Qahirə rəhbərliyinin qərarında İsrailin nə dərəcədə rol oynayıb-oynamaması məsələsinə münasibət bildirərkən Elxan Şahinoğlu bildirdi ki, Misir-Türkiyə münasibətlərinin gərginləşməsində İsrail faktoru yoxdur. İsrail-Türkiyə münasibətlərinin də o qədər normal olmamasına baxmayaraq Təl-Əviv məsələdə həlledici amil deyil. Politoloq hesab edir ki, İsrail Ərdoğanın Qəzzaya olan səfərinə mənfi münasibət bəsələməsinə baxmayaraq, Misir icazə versəydi, Ərdoğan çox rahatlıqla Qəzzaya səfər edə bilərdi: "Lakin maraqlıdır ki, Ərdoğanın Qəzzaya edəcəyi səfər məsələsində İsraillə Misirin yeni hökumətinin mövqeyi üst-üstə düşür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00