Hirosimaya atom bombası atılmasının ildönümü qeyd edilir

Yaponiyada faciənin 68-ci ildönümü münasibətilə kütləvi tədbirlər keçirilib

Bu gün Yaponiyada 2-ci dünya müharibəsinin ən dəhşətli hadisələrindən birinin ildönümü qeyd edilir. Hirosima şəhərinə atom bombası atılmasının 68-ci ildönümü münasibətilə "Sülh Memorial Parkı"nda kütləvi tədbirlər təşkil edilib. Əvvəlcə Hirosimaya atom bombasının atıldığı saatda zəng çalınıb.Bundan sonra Hirosima qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Hirosima meri Kazumi Matsui isə qurbanların xatirəsinə ucaldılmış "Hirosima Sülh Memorialı"nın önündə "Sülh Bəyannaməsi"ni oxuyub.50 minə yaxın adamın qatıldığı mərasimdə Yaponiyanın Baş naziri Şinzo Abe də iştirak edib. Nazir 2011-ci ildə Fukusima nüvə fəlakətini də xatırladaraq, nüvə silahlarının zərərsizləşdirilməsi istiqamətində iş görəcəyini vəd edib. "And içirəm ki, davamlı sülhü reallığa çevirmək və nüvə silahlarını ləğv etmək istiqamətində əlimdən gələni əsirgəməyəcəm. Qeyri-nüvə prinsipləri olan nüvə silahına malik olmamaq, nüvə silahı istehsal etməmək və onun Yaponiyaya daxil olmasına yol verməmək prinsiplərinə sadiq qalacam".Xatırladaq ki, 1945-ci ilin 6 avqustunda Yaponiyanın Hirosima şəhərinə atom bombası atılması nəticəsində 140 min insan ölmüşdü. 3 gün sonra Naqasaki şəhərinə atılmış ikinci bomba isə daha on minlərlə insanın həyatına son qoymuş və Yaponiyanın 2-ci dünya müharibəsində məğlubiyyətinə yol açmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00