“Putin Azərbaycanı qanda çalxalamayacaq” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Azərbaycanın Avrasiya İttifaqına məcbur edilməsinin arxasında Rusiyanın planı dayanırdı ki, o planın daxildəki icraçıları bu gün Kremli qanlı planları həyata keçirməkdə ittiham edənlərdir”

"Azərbaycan müxalifətinin o qədər xəyali ssenariləri var ki, adam oxuyanda dəhşətə gəlir. Çünki Rusiyanın Azərbaycanda qanlı planlar həyata keçirmək ehtimalları sıfra bərabərdir. Bu məlumatlar Qərbdən müxalifətə sırınan dezinformasiyalardır. Qərb sadəcə Rusiyadan belə bir addımın atılmasının tərəfindədir. Məlumatları ona görə yayımlayırlar ki, bəlkə Rusiya da onları oxuyandan sonra Azərbaycanda qanlı ssenarilər həyata keçirməyi fikirləşəcək". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyevin sözlərinə görə Azərbaycan-Rusiya münasibətləri o səviyyədə deyil ki, Kreml ölkədə hər hansı qanlı planını həyata keçirsin. Rusiyanın Qafqaz maraqlarında açar dövlət Azərbaycandır. Müxalifətin də planlarının arxasında qorxuları dayanır. Bu tip məlumatlar daha çox İsa Qəmbərin namizədliyini sevməyənlər tərəfindən tirajlanır. Mixail Saakaşvili də bildirdi ki, Milli Şura Rusiyanın layihəsidir. Politoloq qeyd etdi ki, Milli Şuranı yaradanlar isə Rusiyanın Azərbaycanda qanlı planlar keçirməsini gündəmə gətirirlər. Onlar Rusiyanın Azərbaycanla bağlı atacağı addımları əvvəlcədən görə bilmirlərsə, niyə siyasətlə məşğul olurlar? Yaxud da bunu görürlərsə, onların Azərbaycanın suverenliyinə xəyanətlərinin arxasında nə dayanır? Rusiyanın təbii ki, Azərbaycanla bağlı planları var, amma Kreml həmin ssenarilərin baş tutması üçün qanlı gedişlərə üz tutmasına ehtiyac duymur: "Azərbaycanda müxalifət yoxdur ki, Rusiya radikal taktikaya üz tutsun. Rusiya Milli Şuranı Rüstəm İbrahimbəyovun əlilə yaratdı və Azərbaycandan almaq istədiklərini gündəmə gətirdi. Bunun arxasında qanlı plan durmur, Kremlin iqtisadi maraqları dayanır. Azərbaycanın şimal neft kəməri layihəsini yenidən gündəmə gətirməsi, karbohidrogen yataqlarının Rusiya vasitəsilə dünya bazarına çıxarılması, Xəzərin statusu ilə bağlı məsələni yenidən gündəmə gətirməklə Azərbaycan-İran-Türkmənistan gərginliyinin artırılması amilləri ilə Avrasiya İttifaqına daxil olmasına şərait yaratmaq Moskvanın iqtisadi planlarını əks etdirir. Xalq Cəbhəsi vaxtında da Azərbaycan bu cür ağır vəziyyətə düşmüşdü. Həmin dövrdə Qərbin tapşırığı ilə Azərbaycanın MDB-yə daxil olmasına imkan vermədilər. Amma Heydər Əliyev ağıllı gediş edərək Azərbaycanın MDB-yə üzv olmasına razılıq verdi və ölkə heç nə itirmədi. İndi də Azərbaycanın Avrasiya İttifaqına məcbur edilməsinin arxasında Rusiyanın planı dayanırdı ki, o planın daxildəki icraçıları bu gün Kremli qanlı planları həyata keçirməkdə ittiham edənlərdir. Rusiyanın bu cür gedişlərlə imicinə ciddi zərbə vuracağı inandırıcı deyil. Amma Azərbaycan suverenliyini qorumaq üçün siyasi gediş etməlidir, hər halda bu dövlət rəhbərliyinə məxsus olan məsələdir. Vladimir Putinin Bakı səfərində də bu cür məsələlər müzakirə olunacaq. Azərbaycanda Putinin maraqlarına xidmət edən adam yoxdur. Çünki Azərbaycanda qan tökülsə bu Rusiya üçün ciddi problemlər törədəcək. Ona görə Kreml heç vaxt bu cür qərara getməyəcək. Rusiyanın 400 illik imperiya tarixi var və Moskva da həmin ənənəyə uyğun hərəkət edəcək. Azərbaycan isə döyüşdən daha az ziyanla çıxmaq haqqında fikirləşir. Müxalifətin bircə planı var ki, onun maliyyə layihəsi baş tutsun. Həmin layihənin arxasında Azərbaycanın dövlət maraqları dayanır. Müxalifət isə heç vaxt Azərbaycanın dövlət maraqları üçün çalışmayıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00