“Putinin Azərbaycana gözlənilən səfəri..."
Mübariz Qurbanlı: “Bunun prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur”
5 Avqust 2013 19:29 Siyasət"Rusiyanın Cənubi Qafqazda ən böyük əhəmiyyət verdiyi ölkə Azərbaycandır. Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur". Bunu deyən millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, zaman-zaman da bu iki ölkənin dövlət, hökumət rəhbərləri, eləcə də, digər yüksək vəzifəli dövlət rəsmiləri səviyyəsində müxtəlif məsələləri müzakirə etmək üçün görüşlər keçirilir: "Rusiya prezidentinin Azərbaycana gözlənilən növbəti səfərində də dövlətlər, hökumətlərarası münasibətlərin mövcud durumu, ötən müddət ərzində imzalanmış sənədlərin icra vəziyyəti və digər məsələlər müzakirə ediləcək və bu baxımdan, indi məlum səfəri qarşıdan gələn seçkilərə bağlamaq düz deyil. Ölkə Prezidenti cənab İlham Əliyev də mütəmadi olaraq müxtəlif dövlət başçıları, rəsmiləri ilə görüşür, onları qəbul edir, özü xarici ölkələrə rəsmi səfərlər edir, orada görüşlər keçirir, müzakirələr aparır. Eyni zamanda, o da məlumdur ki, istənilən səfərin vaxtı, qrafiki əvvəlcədən müəyyənləşdirilir. Yəni, dünyanın heç bir yerində də bu cür səfərləri hər hansı seçkiyə bağlamırlar".