“İsrail ABŞ-ı İranla müharibəyə məcbur edir” - AÇIQLAMA

Vəfa Quluzadə: “İranla müharibə Yaxın Şərqi alışdırıb yandıracaq və ABŞ-ın region maraqlarına ciddi ziyan dəyəcək”

"İranın prezidenti dəyişib, məqsədləri yox. İranın məqsədi tezliklə nüvə silahı əldə edərək İsraili məhv etməkdir". İsrailin baş naziri Binyamin Netanyahu belə deyib. Politoloq Vəfa Quluzadə hesab edir ki, İran-İsrail münasibətləri gərgin olaraq qalır, beynəlxalq siyasət arenasında da iki dövlət bir-birinə qarşı düşmənçilik münasibətləri sərgiləyirlər. Vəfa Quluzadə qeyd etdi ki, İsrail zaman-zaman İranın əleyhinə bəyanatlar verib və gələcəkdə də bu tendensiyasını davam etdirəcək: "Çünki regionda bu iki dövlətin maraqları toqquşur. Ona görə də Netanyahunun səsləndirdiyi bəyanatda hər hansı yenilik yoxdur. İsrail İranı nüvə silahı əldə etməkdə ittiham edir, rəsmi Tehran da Təl-Əvivi İslamı məhv etmək planını icra etməkdə günahlandırır. Düşünmək lazım deyil ki, Ruhaninin gəlişi İsraillə əlaqələrin yumşalmasına səbəb olacaq. Əlaqələr əvvəlcədən necə idisə, elə də davam etdiriləcək". Vəziyyətin müharibə həddinə çatıb-çatmayacağı məsələsinə münasibət bildirən politoloq qeyd etdi ki, hələlik müharibə barəsində söhbət gedə bilməz. Ona görə ki, İran İsrail üçün çox güclü dövlətdir. İsrail təkbaşına İranı məhv edə bilməz. Vəfa Quluzadənin sözlərinə görə, Təl-Əviv ABŞ-ın proseslərdə iştirak etməsinə çalışır: "Amma bu Amerikanın maraqlarına uyğun deyil. Çünki ABŞ-ın Yaxın Şərqdə strateji maraqları var. İranla müharibə Yaxın Şərqi alışdırıb yandıracaq və ABŞ-ın region maraqlarına ciddi ziyan dəyəcək, ona görə də vəziyyət olduğu kimi qalacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00