Seçki gününün dəyişdirilməsi
Aydın Mirzəzadə: “Bununla səlahiyyətli orqan hər bir namizəd üçün bərabər şərait yaratmış oldu”
5 Avqust 2013 19:23 Siyasət"Çox düzgün olaraq seçki günü bayram günündən başqa bir günə keçirildi. Onun qanunla nəzərdə tutulmuş, yəni, oktyabrın 15-dən sonraya keçirilməsi müəyyən dairələrin narazılığına, hakmiyyəti əsassız ittiham etmələrinə səbəb ola bilərdi". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bununla səlahiyyətli orqan hər bir namizəd üçün bərabər şərait yaratmış oldu: "Prezidentliyə namizədlərin adları artıq cəmiyyətdə təxmini məlumdur. Bunlar fərdi şəxslərdən çox, ölkənin tanınan siyasi partiyalarını təmsil edərək, seçkidə bir daha öz sosial bazasını müəyyənləşdirə biləcəklər. Seçkinin ilk özəllikləri də artıq məlumdur. ATƏT Parlament Assambleyası və Avropa Parlamenti bu ilki seçkilərə öz müşahidəçilərini göndərməməyi qərara alıb. Bu isə Azərbaycan demokratiyasının qazandığı etimad və seçki təcrübəmizin Avropada qəbul edilməsidir. Heç şübhə yoxdur ki, dövlətimiz oktyabr seçkisində demokratiya sınağından yenidən uğurla çıxa biləcək. Bu, təkcə siyasi qüvvələrin deyil, həm də vətəndaşlarımızın sınağıdır. Seçkiyə münasibət, onun aliliyinin qorunması dövlət müstəqilliyimizin qorunması, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi demək olacaq".