Puç olan ümidlərin saxta oyunları: bəlkə yetər?

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və onun "sağ əli", Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov demokratiya, təmiz siyasət, mənəviyyat və s.-dən danışır, ədalət, haqq və hüquqların tam təminatını tələb edirlər. Yəni trivial məntiqə görə, haqq tələb edən insan haqsızlıq etməməli, ədalətdən danışan ədalətsizliyə qapılmamalı, mənəviyyatdan bəhs edən çirkin işlərlə məşğul olmamalıdır - antitezaların siyahısını uzatmaq olar.

Di gəl, tezislər var qüvvələri ilə siyasətçi olmağa çalışan bu iki şəxsin əleyhinə işləyir.

Çünki onların sözləri qarışıq, bəyanatları ziddiyyətli, ideyaları şübhəli, davranışları məntiqsiz, açıqlamaları isə şüarçılıq həddində olan kəlmələr kimi də dəyərləndirilə bilər.

Milli Şuranın Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş zərərli layihə, uğursuz ssenari olması ilə yanaşı, ölkə müxalifətinin, onsuz da, acınacaqlı vəziyyətini lap ağırlaşdıracaq siyasi "improvizələr" olduğunu dəfələrlə demişdik.

Bəylər isə əksinə, qətiyyət və israrla buyurdular ki, xeyr, Rüstəm İbrahimbəyov müxalifətin "vahid namizədidir, nurlu ziyalı və işıqlı siyasətçidir, ölkənin xilaskarıdır, gələcək prezidentdir" və ilaxır. Bu açıqlamalar həddən ziyadə sadəlövh olduğundan, bəhs etdiyimiz kəlmələri deyənlər iki tipaja aid edilə biləcək şəxslərdir. İlk qrup Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və onun yardımçısı Eldar Namazova sidq-ürəkdən inananlar, ikinci qrup isə tam əksinə, adlarını çəkdiyimiz şəxslərə inanmayıb "vahid namizəd" məsələsindən yararlanaraq gündəmdə olmaq, qəzetlərə açıqlamalar vermək, saytlarda şəkillərini görmək, sosial şəbəkələrdə çoxsaylı empirik şüarlarla çıxış etmək istəyən insanlardır.

Burgoon McCornack-ın "İnformation Manipulation Theory"sini (İnformasiya Manipulyasiyaları Nəzəriyyəsi) xatırlasaq, Milli Şura rəhbərliyi məlumatların manipulyasiyası ilə məşğul olub.

Yəni Rüstəm İbrahimbəyov və Eldar Namazov kütləvi informasiya vasitələrinə, cəmiyyətə verdikləri məlumat və açıqlamaların keyfiyyəti ilə bilərəkdən "oynayıblar". Onlar birmənalı olmayan, əsl məramlarını pərdələyən açıqlamalar verməklə yanaşı, həqiqəti minimallaşdırmaq, xəyallarını isə maksimallaşdırmaqla məşğul olublar.

Eyni zamanda, Rüstəm İbrahimbəyov özü üçün təhlükəli faktlardan yayınaraq söhbəti və sualları həmişə fərqli məcraya yönəldərək "diversiya cavabları" metodunu seçir.

Ümumiyyətlə, adlarını çəkdiyim şəxslərin sözlərində və hərəkətlərində qarışıq məqamlar az deyil. Milli Şuranın Tiflis toplantısında Rüstəm İbrahimbəyovla Eldar Namazovun dediklərini xatırlamaq olar.

1-ci yalan. "Mübarizə və haqsızlıq"

Jurnalistlərə xitabən "Sual verə bilərsiniz, cavab olmayacaq" təki zahirən diplomatik, əslində isə məramların çox kobud şəkildə ört-basdır edilməsi olan ifadə söyləyən Milli Şura sədri deyib ki, "2013-cü il Azərbaycan müxalifəti üçün son şansdır". Anladıq, adam tərəfdaşlarını mübarizəyə səsləyir, oktyabr ayında keçiriləcək prezident seçkilərinə var qüvvə ilə hazırlaşaraq Rubikonu keçməyə çağırır. Milli Şura sədri ona da işarə vurur ki, builki prezident seçkiləri müxalifət üçün son sınaq sayıla bilər: sınaqdan keçilməzsə, müxalifətçilər əvvəlki vəziyyətlərinə qayıdışı hadisələrin ən yaxşı inkişaf ssenarisi saya bilərlər, çünki onları daha çox zəiflik, xaos, süstlük, ətalət və geriləmə gözləyir. "Heç şübhəsiz, sözsüz ki, biz qalib gələcəyik" deyir Rüstəm İbrahimbəyov, amma dübarə vurğulayır: "Milli Şura seçkilərdən sonra da haqsızlıqlarla mübarizə aparacaq".

Paradoksdur: Milli Şuranın sədri əgər prezident seçkilərində qalib gələcəyinə şübhə etmirsə, hansı haqsızlıqlarla mübarizədən danışır? Yox əgər artıq uduzduğunu anlayırsa, qələbə və mütləq zəfər barədə deyilənlər boşboğazlıq deyilmi?

2-ci yalan. Vətəndaşlıq dilemması

Milli Şuranın İcra Aparatının rəhbəri, "həm də müxalifətçi" Eldar Namazov ötən ay bəyan etmişdi ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi yoxdur.

Və elə həmin Namazov Tiflisdə jurnalistlərə açıqlamasında söylədi ki, həmin problem, yəni Rüstəm İbrahimbəyovun eyni zamanda Rusiya və Azərbaycan vətəndaşı olması məsələsi hələ də həllini tapmayıb.

Əcəba, E.Namazov bu bəyanatların hansı birində jurnalistlərə bilərəkdən yanlış məlumat verib?

3-cü yalan. Seçim çətinliyi

Rüstəm İbrahimbəyovun məşhur ssenariçi, kinodramaturq, tanınmış şəxsiyyət və ən başlıcası, Azərbaycan müxalifətini seçki öncəsi bir məqsəd ətrafında təmərküzləşdirə biləcək fiqur olduğu vurğulanırdı. Milli Şuranın yaradılmasından sonra onun prezident seçkilərinə qatılmaq üçün müxalifətin vahid namizədi seçilməsini şərtləndirən amillər də bunlardı.

Lakin İbrahimbəyovun real siyasətdən çox uzaq, açıqlama və çıxışlarında lümpenlərə ünvanlanmış söz yığınından ibarət verbal seçim etməsi onun Azərbaycan siyasətinə nə qədər bələd olduğunu tam çılpaqlığı ilə ortaya qoydu. Cəmiyyətin bütün kəsimlərinə xitab etməyə çalışan R.İbrahimbəyov onun üçün tezisləri hazırlayan adamın (və ya adamların) məntiqi-taktiki bisavadlığının qurbanı olaraq emosional danışır, faktları qarışdırır, olanı olmayan və olmayanı da olan kimi təqdim edirdi.

Milli Şuranın dediklərindən belə nəticə hasil olur ki, Azərbaycan indi Svazilend və ya Mali kimi bir ölkədir, insanların əksəriyyəti səfil, yarıacdır, əyalətdərdə silahlı dəstələr fəaliyyət göstərir, yollar quldurlar və çapovullarla doludur - bir sözlə, ölkədə eynən Sudandakı təki xaosdur.

Təsirli, qorxuducu sözlərdir və bu kəlmələrdən sonra "Mən bu problemləri həll edəcəyəm" deyən insan xilaskar təsiri bağışlayar.

Di gəl, İbrahimbəyova qulaq asan fərdlər onun dediklərindən təsirlənsələr belə, sonradan ətraflarına baxır və görürlər ki, haşa, Milli Şura sədrinin sözləri heç bir gerçəyə uyğun gəlmir.

Belədə İbrahimbəyovun potensial seçici saydığı insanlar ona əsla inanmır, deyilənləri ucuz demaqogiya və yalan sayırlar.

4-cü yalan. Rusiya amili

Milli Şuranın əslində Moskvadakı "Milyarder İttifaqı"nın layihəsi olduğu, Rüstəm İbrahimbəyovun da həmin kvazibirliyin ortaya atdığı fiqur kimi hərəkət etdiyi bəlli idi.

Lakin Milli Şuranın sədri və yaxın ətrafı qətiyyətlə, inadla bəyan edirdilər ki, deyilənlər və yazılanlar həqiqətə əsla uyğun deyil.

Halbuki müxalifətin vahid namizədi qismində seçkilərə qatılmaq fikrində olan Rüstəm İbrahimbəyovun və ümumiyyətlə, Milli Şuranın taleyi Rusiyanın tutacağı mövqedən asılı idi. Onlar Moskvaya çox ümidli idilər: düşünürdülər ki, Rusiya Azərbaycanla mövcud münasibətləri gərəcək, ikitərəfli əlaqələri mürəkkəbləşdirəcək və rəsmi Bakıya sərt təzyiqlər yolunu seçərək prezident seçkiləri ərəfəsindəki proseslərə kobud müdaxiləni seçəcək.

Halbuki olayların belə məcrada inkişafını ehtimal etmək sadəlövhlük idisə, İbrahimbəyovun Rusiyanın kreaturası kimi qəbul olunmasına çalışmaq Azərbaycanın maraqlarını siyasi alver masasına çıxarmaqdı.

Milli Şura rəhbərliyi, xüsusilə də Eldar Namazov bütün bunları qətiyyətlə təkzib edirdilər və buyururdular ki, onların qurumu Rusiyadan əsla asılı deyil.

Fəqət, günlərin birində Milli Şuranın Rusiya prezidenti Vladimir Putinə məktubu peyda oldu. Məktub müəllifləri Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsi prosesinin tezləşdirilməsini tələb edirdilər. Bu tələb Rusiyanın dövlət başçısından ölkə qanunvericiliyinə zidd addımlar atılmasının istəyi idi və istək ultimatumla müşayiət olunurdu: "Əks təqdirdə Rusiyanın Azərbaycandakı mövqelərinə çox ciddi zərbə dəyəcək".

Təbii ki, Vladimir Putin belə ultimativ məktubdakı hədələri qulaqardına vurdu, çünki təşkilatlana bilməyən bir dəstə adam nəinki Rusiyanın Azərbaycandakı maraqları - yaşadıqları məhəllədəki ərzaq dükanlarının qarşılıqlı mənafelərinə belə, təsir edə bilməyən şəxslərdi.

Azərbaycandakı seçkilərdə Rusiyanın təsirinə nail olmaq, bunu təmin etməyə çalışanları "satqın, xain" adlandıranların Vladimir Putinə minnətçi düşmələrinin dəyərləndirilməsini həmin şəxslərin öz öhdəsinə buraxaq.

5-ci yalan. Seçki və boykot

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və bu qurumun İcra Aparatının rəhbəri Eldar Namazov aylardı ki, prezident seçkilərindən bəhs edir, qələbəyə şübhə etmədiklərini vurğulayırdılar. Onlar siyasi mübarizələrini məhz seçki yolu ilə aparacaqlarını bəyan edirdilər.

Lakin Milli Şuranın Tiflisdəki "Vere Palace" otelində keçirilən toplantısında R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə, Milli Şuranın boykot taktikasını tutacağı da istisna olunmadı.

Müsavat Partiyasının başqanı İsa Qəmbər həmin toplantıda Rüstəm İbrahimbəyova Bakıya yollanmağı təklif etsə də, Milli Şura sədri istəməyib.

Qorxub, çəkinib, başqa planları olduğu üçün gəlişi hələ məqbul saymayıb - ayrı məsələdir.

Reallıq budur ki, oktyabrdakı prezident seçkilərinin təşviqat və təbliğat kampaniyasına bir ay qalmış Milli Şuradakı çaşqınlıq, qərarsızlıq, xaos və qeyri-müəyyənlik maksimal həddə çatıb.

Bu isə Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi qismində seçkiyə qatılmasının irreal olduğunu göstərdi.

Və son...

Bəylər, fikrimizcə, bu qədər yalanlar yetər. Milli Şura adlı məntiqsiz, bünövrəsi qüsurlu qurumun sonu əslində Tiflisdəki toplantı oldu. Həqiqəti etiraf etmək, olanları demək asan deyil.

Amma Rüstəm İbrahimbəyov və Eldar Namazov özlərində cəsarət tapmalı, yalançı nikbinliklə tərəfdaşlarını bundan sonra da yanlış yolla apardıqlarını, ümid etdikləri prosesin sona çatdığını boyunlarına almalıdır bizcə.

Rusiya vətəndaşlağı ilə bağlı ciddi problemlərə malik olduğunu Milli Şurada namzədliyinin ilkin müzakirələri zamanı etiraf etməyən R.İbrahimbəyov tapşırılmış rolu yerinə yetirməməkdən çəkindi, siyasətçi olmaq ambisiyana aldandı və boş vədlər verməyə başladı.

Bundan başqa, Rusiya vətəndaşı olmağı Rüstəm İbrahimbəyov üçün indiyədək problem yaratmayıb Bakıya gəlib-getməkdə maneələrlə qarşılaşmayıb, kimsə onu həbslə hədələməyib?

O, Bakıya gələrək burada, nominal olaraq başçılıq etdiyi Milli Şuranın yanında ola bilərdi.

İstəmədi və bunu "həbs təhlükəsi" ilə əlaqələndirdi.

"Əgər seçkidə iştirakımız mümkün olmasa, digər sahələr üzrə fəaliyyətimizi davam etdirəcəyik", - deyib Rüstəm İbrahimbəyov.

Deyəsən, Milli Şura qeyri-hökumət təşkilatına, Rüstəm İbrahimbəyov da müxtəlif monitorinqlər aparıb hesabatlar hazırlayan adama çevriləcəyini istisna etmir. Nə vədlər verilmişdi, nələr oldu.

Başqa cür mümkün də deyildi. Çünki Rüstəm İbrahimbəyov kimi ambisioz, siyasətdə tam diletant insanın "müxalifətin vahid namizədi" kimi təqdimatının özü Azərbaycan müxalifətində liderlik iddialarında bulunanların vəziyyətləri ilə perspektivlərini ortaya qoydu.

Acınacaqlı durumdur, bəylər... milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00