Tbilisi görüşü müxalifətin bu seçkidə də məğlubiyyətə uğrayacağını göstərdi
2 Avqust 2013 15:20 Siyasət"Radikal müxalifət liderlərinin bu günlərdə Tbilisidə keçirdiyi görüşün nəticələri barədə müxtəlif proqnozlar verilsə də, onun nəticəsiz başa çatacağı gözlənilən idi". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, radikalların seçkiqabağı yaratdıqları Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov yenə də situasiyanı həll edə bilmədi: "Onun Bakıya dönməsi mövzusu cəmiyyət üçün maraqlı olmadığı, bu amildən istifadənin heç bir səmərə verməyəcəyi başa düşüldü. Yenə müxalifətin sosial bazası Milli Şuranın seçki ilə bağlı nə addım atacağı barədə suala cavab ala bilmədi, ehtiyat namizəd variantının müzakirə edilib-edilmədiyi isə qaranlıq qaldı. Müsavat Partiyasının başqanı İsa Qəmbərin İbrahimbəyovla ayrıca görüşü isə tərəflərin hələ də bir-birinə inam bəsləmədiklərini və özləri üçün əlverişli situasiyanı gözlədiklərini üzə çıxardı". Millət vəkili əlavə edib ki, Tbilisi görüşü müxalifətin bu seçkidə də ciddi məğlubiyyətə uğrayacağını və daxili çəkişmələrdən azad olmadığını göstərdi.