Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq möhkəmlənir

Bununla  gələcək çoxtərəfli əməkdaşlıqların özülü qoyulur

Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da Macarıstana rəsmi səfəri münasibətlərin innkişafında yeni mərhələnin əsasını qoydu. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar daim dünyanın diqqət mərkəzindədir. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi  layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edir. Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki,    Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir. Millət vəkili Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyevin Macarıstana uğurlu səfəri təkcə iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından qiymətləndirilməməlidir: "Dövlət başçımız mətbuat üçün verilən bəyanatda   ölkələrimiz arasındakı dostluq əlaqələrinin "Avrasiya qitəsi üçün də çox böyük önəm" daşıdığını elə-belə vurğulamırdı. Məncə, burada söhbət heç Azərbaycanın Macarıstanla birgə reallaşdırmağı planlaşdırdığı yeni enerji layihələrindən də getmir. Hərçənd ki, bu da iki ölkənin əməkdaşlığı çərçivəsini aşaraq cənab Orbanın təbirincə desək, "pan-Avropa məsələsi"nə çevrilir. Cənab İlham Əliyevin Azərbaycan-Macarıstan dostluğunun Avrasiya qitəsi üçün böyük önəm daşıdığı haqda fikrinin arxasında hansı reallığın durduğuna Baş nazir Orbanın Prezidentimizlə xanımının şərəfinə verilən rəsmi  nahardakı çıxışında aydınlıq  gətirildi. Baxın, o, nə deyir: "Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa Birliyi artıq gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək". Cənab Orban ardınca bildirir ki, Ural dağlarının şərqindən Avropaya köçləri zamanı "çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirən" macarların öz türk kökünə qayıtmaq  niyyətini görən Prezident İlham Əliyev onlardan  dəstəyini əsirgəməyib. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qatılmasına yardım edib. Yəni dövlət başçımız Azərbaycan-Macarıstan əməkdaşlığının Avarisya qitəsi üçün də böyük önəm daşıdığnı deyərkən, çox güman ki, ilk növbədə bu əməkdaşlığın türk birliyini daha da möhkəmləndirəcəyini nəzərdə tutur. Hamısı Tanrıya bağlı, təmsilçiləri arasında Qurana da, İncilə də, hətta Tövrata da  tapınanların yer aldığı  türklərin sıx əməkdaşlıqları və bunun nəticəsində mövqelərinin güclənməsi isə digər qlobal oyunçuları bizimlə tərəfdaşlıqda maraqlı olmağa sövq edəcək mühüm elementlərdən biridir. Yaxın perspektivdə olmasa da, orta və uzaq perspektivdə dünya düzəninə mühüm təsir göstərəcək  belə bir tərəfdaşlıq tam da olmasa, hər halda mümkün görünür. Türk Dövlətləri Təşkilatında bizimlə eyni soydan olan  bir xristian ölkənin varlığı yeni qlobal geosiaysi konfiqurasiyanın formalaşmasında və bizim dünyadakı proseslərə təsirimizin əhəmiyyətli dərəcədə artmasında müəyyən rol oynaya bilər. Yəni Azərbaycan və digər türk dövlətləri ilə sıx işbirliyi  qlobalizmin mənfi təsirindən yaynınmağa çalışan, Avropa Birliyinin nəhəng üzvlərinin onu suverenliyi məhdudlaşdırılmış əyalətə çevirmək istəyi ilə barışmayan Macarıstanın müstəqil siyasət yeritmək, öz milli maraqlarından çıxış etmək potensialını xeyli artırdığı kimi Helford Makinderin "Hartlənd" adlandırdığı coğrafiyada  qlobal dəyşikliklərə də yol açır".

Onun sözlərinə görə, Azərbaycanla Macarıstan arasındakı dərinləşən strateji tərəfdaşlıqla  həm də gələcək çoxtərəfli əməkdaşlıqların özülü qoyulur:  "Əlbəttə, bu yöndə nələrin baş verəcəyi  tərəfdaşların təkcə indiki yox, həm də sonrakı addımlarına bağlıdır.  Eyni zamanda aydın məsələdir ki,  Heydər Əliyev siyasəti davam etdirildiyi müddətdə Azərbaycan həmişə öz tərəfdaşları üçün proqnozlaşdırılan və sədaqətli bir dövlət olaraq qalacaq.  Macarıstana gəldikdə, ümid edirəm ki, Prezidentimizin və xanımın şərəfinə verilən rəsmi naharda "özümüzü yaxşı aparsaq gələcəkdə imkanlarımız olacaq",- deyən  cənab Orban və sələfləri onun "biz macarlar da bir neçə səhv etmişik" sözlərini bir də dilə gətirməyəcəklər. Yəni  bunun üçün əsas olmayacaq, macarlar öz türk kimliklərini daha heç vaxt unutmayacaq, həm daxili, həm də xarici siyasətlərində məhz bu reallıqdan çıxış edəcəklər. Orasını da qeyd edim ki, Macarıstanda  türk  kimliklərini qabardan təkcə indi hakimiyyətdə olan Macar Vətəndaş Birliyi deyil. Xalqın mühafizəkar hissəsi üzərində əhəmiyyətli təsiri olan başqa bir partiya Yobbik( Daha Yaxşı Macarıstan Uğrunda) də oxşar siyasət yeridir.  Daha Yaxşı Macarıstan Uğrunda Partiyanın yaradıcılarından biri və ilk lideri Qabor Vona tez-tez türk olduqlarını bildirir. "İslam qlobalizmin materailst və liberal qaranlığına qarşı nur selidir",- deyən Vona hətta 2013-cü ildə ölkəsini Avropa Birliyindən çıxaraq  Türkiyə ilə daha sıx əməkdaşlığa səsləmişdi. Düzdür, Rusiyaya və digər güclərə bağlı bəzi funksionerlər öz rasist çıxışlarıyla  həmən partiyanı xeyli gözdən saldılar, ancaq son üç ildə belə hallara son qoymağa çalışırlar. Beləliklə, əmin olmaq istərdim  ki, Macarıstanda Azərbaycana bu cür  isti yanaşma təkcə Rusiya-Ukrayna savaşından sonra  cənab Orbanın dedyi kimi ölkəmizin  Avropada  önəminin "sıçrayışlı artması"ndan doğmur. Və o bildirdiyi kimi   bizi bir-birimizə "enerji dostluğu" bağlamır. Bu, eyni kökdən olan iki dövlət arasındakı enerjili dostluqdur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31