Ərəb ölkələrində başlanan inqilablar
“Qərbin əli istisna edilmir”
1 Avqust 2013 17:00 Siyasət"Ərəb dövlətlərində başlayan inqilabların içində xarici qüvvələrin əlinin olduğu o qədər də inandırıcı deyil. İndiki məqamda isə Liviya, Tunis və Misirdə davam edən inqilablarda xarici dövlətlərin xüsusi planları icra olunur. Çünki Qərbin gözləntilərinin əksinə olaraq həmin dövlətlərdə bundan əvvəl baş vermiş çevrilişlərdən sonra demokratiya bərqərar olmadı və onun maraqlarının əksinə olaraq islamçılar hakimiyyətə gəldilər". AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev "OLAYLAR"a açıqlamasında belə deyib. R.Nurullayev hesab edir ki, islamçılar Qərbin ərəb dövlətlərilə geniş əlaqələr qurmasının qarşısını aldılar. Ona görə də həmin dövlətlərdə başlayan inqilablarda Qərbin əlinin olduğu istisna edilmir. Sədr müavini qeyd etdi ki, Qərb islamçıları hakimiyyətdən uzaqlaşdırmaqla öz adamlarını orada yerləşdirməyə çalışır. Bütün ölkələrdə inqilablar başlayan zaman insanlar radikal dəyişiklikləri dəstəkləyirlər: "Onlar hesab edirlər ki, bu cür yollarla onlar sosial həyatlarını tez dəyişəcəklər, lakin bu cür hakimiyyət dəyişikliyi olan dövlətlərdə sosial həyat daha da ağır olur. Ərəb dövlətlərində davam edən inqilabları 1988-ci ildə SSRİ-də başlayan xalq hərəkatları ilə müqayisə etmək olar. SSRİ parçalanandan sonra bir neçə ölkədə inqilablar yenidən başladı. Həmin vaxt bir neçə respublikada sosial vəziyyət daha da ağırlaşdı. Məsələn, Gürcüstan və Azərbaycanada hakimiyyətə gəlmiş qüvvələr idarəçilyi əllərində saxlaya bilmədilər. Eyni vəziyyət bu gün Ərəb dövlətlərində təzahür edir. Həmin ölkələrdə stabillik yaranmayana qədər sosial vəziyyətin yaxşılaşması barədə danışmaq olmaz. Sabitlik nə qədər tez yaransa, vəziyyət o qədər tez müsbətə doğru dəyişəcək. İnqilabın baş verdiyi dövlətlərdə kimlərin hakimiyyətə gəlib gəlməməsindən asılı olmayaraq xalqın gözləntilərini həyata keçirə bilməyəcəklər". ("OLAYLAR" İA)