“İbrahimbəyovun namizədliyinin qeydə alınmaması Milli Şuranı parçalayacaq” - AÇIQLAMA

Zərdüşt Əlizadə: “İctimai Palata isə vaxtında vahid namizəd məsələsini həll etməyi bacarmadı, Milli Şurada da eyni proseslər davam edir”

Milli Şuranın Tiflisdə keçirilən toplantısından  sonra qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla Müsavat başqanı İsa Qəmbər arasında keçirilən  təkbətək görüşün təfərrüatı bəlli olub. İsa Qəmbər  Rüstəm İbrahimbəyovu  sərt şəkildə müxalifəti pat vəziyyətinə salmaqda ittiham edib. Müsavat başqanı qurum sədri haqqında mövcud ittihamları əsas tutaraq İbrahimbəyova Milli Şuranın ehtiyat namizədi kimi onu dəstəkləməyi təklif edib. Rüstəm İbrahimbəyov isə İsa Qəmbərin namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. İsa Qəmbər İbrahimbəyovdan  üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edib. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin İsa Qəmbərin lehinə geri götürməsi Milli Şuranın parçalanmasına imkan yaradacaq. Z.Əlizadə qeyd etdi ki, Müsavat başqanı və Milli Şura sədrinin Tiflisdəki təkbətək görüşündə Rüstəm İbrahimbəyovun namizədlik məsələsinin bir sıra qüvvələrin maraqlarını əks etdirməməsi açıq şəkildə özünü göstərdi: "Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyinin ətrafında yaranıb. Əgər qurum İsa Qəmbərin namizədliyini dəstəkləsəydi, Milli Şura üzvləri İctimai Palataya qoşulardılar. İctimai Palata isə vaxtında vahid namizəd məsələsini həll etməyi bacarmadı, Milli Şurada da eyni proseslər davam edir. Rüstəm İbrahimbəyov İsa Qəmbərə söz veribsə ki, onun namizədliyi qeydə alınmasa Milli Şurada başqanın namizədliyini dəstəkləyəcək, bu artıq rejissorun öz problemidir. Belə olan təqdirdə Milli Şuranın bir hissəsi İsa Qəmbəri, digər hissəsi isə Rüstəm İbrahimbəyovu dəstəkləyəcək. Bu zaman başqan və rejissor arasındakı dəstək fərqi 15-20% arasında olacaq. İbrahimbəyovun namizədliyi müəyyən qüvvələrin maraqlarını əks etdirmir. Buna görə də Şura sədrinin Azərbaycana gəlməsi də onlar üçün maraqlı deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00