Milli Şura Tiflisdən əliboş döndü - SİYASİ ANALİZ

Müsavatın proqnozları doğrulur

Eks-spiker Rəsul Quliyev də belə etmişdi, indi isə Rüstəm İbrahimbəyov. Milli Şura üzvlərinin Tiflisdə qurumun sədri Rüstəm İbrahimbəyovla görüşündən əvvəl onun hələlik Bakıya gəlişinin məqsədəuyğun olmadığını bildirdilər. Çəkiliş meydançasındakı İbrahimbəyovdan fərqli olaraq siyasət arenasında saç ağartmış Əli Kərimli və Eldar Namazov "Şeytanımız bol olsun, ağalar" deyib oyuna atılanda qoca rejissorun namizəd qismində Azərbaycana gələ bilməyəcəyini çox gözəl başa düşürdülər. İbrahimbəyov da politoloq və sədrin çaldığı havaya əl qaldırmağı üstün bildi və Bakı biletini Tiflisə dəyişdi. Şura üzvləri isə ilk dəfə idi ki, rejissorla görüşürdü, Bakıda yox, Gürcüstan paytaxtı Tiflisdə. İbrahimbəyov müxalifət liderləri ilə Bakıda görüşməkdən qorxdu. 74 yaşlı rejissoru qorxudan səbəblər bəllidir. Bir vaxtlar sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı hüquq mühafizə orqanlarının qaldırdığı cinayət işi isə kinodramaturqun qorxularının istinad mənbəyidir. Az əvvəl də Azərbaycan mətbuatında "İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs olunacaq" başlıqlı məlumatlar dərc olunmuşdu. Şura üzvləri yekdilliklə İbrahimbəyovun əsəblərini sakitləşdirmək üçün qorxularının üstünə Bakı yox, Tiflis dolçası ilə ilıq su səpdilər. İbrahimbəyov isə erməni Nersesyana məxsus "Vera Palace" mehmanxanasında çox rahat danışırdı. Hətta Vladimir Putinin onun Rusiya vətəndaşlığını tezliklə çıxaracağına ümid etdiyini də bildirirdi. Kremlin məsələ qarşısında susması isə onu göstərir ki, Putinin gündəliyində İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması məsələsi yoxdur. Rusiya Şərqi Avropanın mədəniyyət beşiyidir, sivil ölkədir. Moskva da zaman-zaman tanınmış adlara xüsusi hörmət göstərib. Ola bilsin ki, İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılmasına tələsməməsi də Kremlin bu şakərinin təzahürüdür. Ehhh...Əli bəy, Eldar müəllim.....  

***

Müxalifət həmişəki kimi bu dəfə də məğlub oldu. Bakının "Azadlıq" meydanında ənənəvi "İstefa", İstefa" şüarları ilə yox, Tiflisdə - erməni Nersesyanın "Vera Palace" mehmanaxanasında "Oskar"lı Rüstəm İbrahimbəyovla. Bəlkə də AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, ALP lideri Lalə Şövkət, eks-spiker Rəsul Quliyev başa düşmürdülər. Müşavirə zalında isə qələbənin ürəyinin əzələ toxumalarının ən kiçik hissəciklərinə ləzzəti yayılan bir nəfər vardı Müsavat başqanı İsa Qəmbər. İsa bəy dəqiq bildirdi ki, Milli Şura Rüstəm İbrahimbəyovu seçməklə səhv edib. Bunu İsa Qəmbərin mehmanxananın müşavirə zalındakı danışığından da sezmək mümkün idi. Başqan sanki müxalifətin vahid namizədi qismində danışırdı. İsa bəy hələ Tiflisə gəlməmişdən dəqiqləşdirmişdi ki, siyasi savadı yetkinlik yaşında olmayan İbrahimbəyova göstərəcək ki, qələbə qazanmaq nə deməkdir. İsa Qəmbər görüşün başlanmasından 20 dəqiqə sonra müşavirə zalına gəlməklə bunu etdi. Görüş yerinə gecikmək də liderlik xüsusiyyətlərindəndir, İsa Qəmbər də müxalifətin ana lideri olduğunu belə dedi. Çox acı idi. Siyasət ölüsü Rəsul Quliyev, bu sahədə ancaq köhnə nəsil tərəfindən tanınan Lalə Şövkət, yalnız deputat mandatı uğrunda tər tökən və uduzanda "parlament buraxılsın" deyib cığallıq edən Əli Kərimli, tez-tez başqa qüvvələrə işlədiyi iddia edilən Eldar Namazov üçün Qəmbərin qələbəsini həzm etmək dəhşətliydi. Tiflis görüşünün başa çatmasından dərhal sonra Müsavat funksionerlərinin sosial şəbəkələrdə və mətbuatda dəyişik adlarla 74 yaşlı rejissora hücuma keçdilər. Demək ki, İsa Qəmbər 2013-cü ilin prezident seçkiləri üçün təbliğat və təşviqat işlərinə hələ vaxtından əvvəl başlayıb. Zatən, başqanın namizədlik məsələsində Milli Şura üzvlərinə qarşı dirəniş göstərməsi bunu hələ çox-çox əvvəldən deməyə əsas verirdi. "Yeni Müsavat" qəzetinin redaktor müavini Azər Ayxan "Facebook"dakı ünvanında "Geriyə baxma, qoca..." adlı kiçik bir status paylaşıb. Yəqin ki, Azər bəy elə İbrahimbəyovu nəzərdə tutur. Çünki Tiflisi başı aşağı, pəjmürdə halda tərk edən bir nəfər vardı, Rüstəm İbrahimbəyov. İçi İsa Qəmbər qarışıq digər müxalifət liderləri də istəklərinə çatmışdılar. Ona görə də nəyisə itirdiklərinə təəssüflənmirdilər, əksinə əldə etdiklərinə sevinirdilər. İbrahimbəyov isə çox şeyi itirmişdi...  

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00