Putinin Bakı səfərində Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər

Buna görə də Ermənistan Putinin Azərbaycana reallaşdıracağı səfərdən narahatdır

"Amerika Erməniləri Assambleyası" ABŞ parlamentinə Azərbaycanla bağlı sənəd təqdim edib. 125 amerikalı deputat tərəfindən qəbul edilən sənəddə Azərbaycanın artan nüfuzu və hərbi gücündən narahatlıqları əks olunub və Rusiyanın Azərbaycanla yaxınlaşma siyasətinə getməsi də tənqid edilib. Ermənilər Kremldən ABŞ parlamentinə şikayət edərək, Konqresdən Rusiyanın Azərbaycana 1 milyard dollar dəyərində silah satması barədə tədbir görməsini xahiş ediblər. "Amerika Erməniləri Assambleyası" Rusiyadan ABŞ-a şikayət edikləri saatda Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin ali nümayəndəsi Ketrin Eşton və təşkilatın komissarı Stefan Füle iyulun 24-də Ermənistan-Aİ arasında əməkdaşlığa dair müzakirələrin major notlarla başa çatmasına görə şad olduqlarını bildirdilər. Ermənistanla əməkdaşlığa dair müqavilə isə sentyabrda Aİ-nin Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində imzalanacaq. Füle və Eşton qeyd etdilər ki, Ermənistanın Avropaya siyasi və iqtisadi inteqrasiyası "Əməkdaşlıq müqaviləsi"nin əsas şərtidir. Stefan Füle bundan əvvəl "Azadlıq radiosu"na müsahibəsində demişdi ki, Ermənistanın seçimi Aİ-dir, Rusiyanın Gömrük İttifaqı yox. Maraqlıdır ki, Ermənistan və Avropa İttifaqı arasında gərgin müzakirələrin getdiyi vaxt Rusiya Prezidenti mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin Azərbaycana rəsmi səfər edəcəyini bildirdi.

***

Ermənistanın Avropa İttifaqı ilə müttəfiqlik etmək cəhdlərini artırması ermənilər üçün heç də yaxşı nəticələr ortaya qoymayacaq. Rusiyanın Ermənistanı Gömrük İttifaqına qoşmaq üçün çalışdığı bir vaxt Sərkisyan hakimiyyəti Kremli narazı salacaq addım atdı. Ermənistanın Avropa İttifaqına qoşulması Rusiyanın bölgədəki strateji maraqlarını əks etdirmir. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı sonuncu forpostudur. Dağlıq Qarabağ faktoruna görə Ermənistan regionda təcrid vəziyyətindədir. Respublika digər qonşu dövlətlərlə müqayisədə nisbətən Gürcüstan və İranla normal əlaqələrə sahibdir. Lakin Ermənistanın Qərbə meyllənməsi Gürcüstan hakimiyyətinin də maraqlarını əks etdirmir. İvanişvili administrasiyasının Rusiyanın maraqlarına xidmət etməsi Ermənistanı bölgədə pis vəziyyətə düşməsində əsas faktor olacaq. Azərbaycan və Türkiyənin Dağlıq Qarabağa görə Ermənistana qoyduğu embarqoların qüvvədə qalması, İranın sterateji cəhətdən əlverşli mövqedə yerləşməməsi də vəziyyətə təsir göstərəcək. Digər tərəfdən Ermənistanın Avropa İttifaqı ilə yaxınlığı İranın milli maraqlarını əks etdirmir. Qərb və ABŞ-ın İrana qarşı iqtsiadi sanksiyaları sərtləşdirdiyi bir vaxt Ermənistanın Rusiyanın maraqlarına xidmət etməsi rəsmi Tehran üçün daha əlverşlidir. Bir tərəfdən də Ermənistanın iqtisadiyyatının 90% Rusiyadan asılığını nəzərə alsaq, Sərkisyan hakimiyyətinin Gömrük İttifaqına yox, Aİ-yə üstünlük verməsi müəmmalıdır. Rusların bu ölkədə kifayət qədər hərbi bazası və əsgəri qüvvələri var. İrəvanın konkret olaraq Rusiyadan tamamilə imtina etməsi, həmin silahların Ermənistana sarı istiqamətlənməsi ilə nəticələnə bilər. Vəziyyətdən çıxış yolu üçün Rusiyanın Ermənistana ağır iqtisadi sanksiyaların tətbiq etməsi də mümkündür. Bu isə Ermənistanın fəlakəti demək olacaq. Fülenin Ermənistanda Qərbin adından Rusiyaya meydan oxuması isə Kremli əməlli başlı əsəbləşdirib. "Amerika Erməniləri Assambleyası"nın Rusiyadan ABŞ-a şikayət etməsi isə tarım çəkilmiş əsəblərin üstünə soyuq su səpdi. Hər halda Sərkisyan Ermənistanı axır ki, pis vəziyyətə saldı. Əslində erməni hakimiyyətinin Qərb və Rusiya qarşısında riyakar gedişlərinin nə vaxtsa üzə çıxması başadüşülən idi.

***

Ermənistanın Qərb və Rusiya qarşısında cılız əzələ nümayişi bir daha Azərbaycanın Cənubi Qafqazda söz sahibi olmasını sübut etdi. Sərkisyanın Rusiyaya qarşı ikili oyunu Vladimir Putini Azərbaycana gətirir. Ermənistanın Rusiyanın əlindən çıxmaması üçün Kreml Azərbaycanla yumşaq siyasətə getməyə məcbur oldu. Ola bilsin ki, İrəvanın Avropa İttifaqını seçməsində əsas səbəb müəyyən mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Kremlin Azərbaycanın haqlı iddialarını dəstəkləməsi şübhələri olub. Sərkisyan isə Dağlıq Qarabağ münaqişəsindəki mövcud status-kvonun qorunub saxlanılmasında Rusiyadan çox Qərbə güvənməyə üstünlük verib. Erməni hakimiyyəti fikirləşir ki, bu cür gedişlə Dağlıq Qarabağ münaqişəsini öz lehinə həll edə bilər. Lakin Dağlıq Qarabağın işğal planı Kreml tərəfindən hazırlanıb və onun həll yolu da rusların əlindədir. Tutaq ki, Rusiya Qarabağ məsələsində söz sahibi olan tərəf deyil, belə olan təqdirdə isə Qərbin Ermənistanla əlaqələri inkişaf etdirmək üçün hansı strateji məntəqələrdən istifadə edəcəyi də maraqlıdır. Türkiyə və Azərbaycan sərhədləri bağlı, İran və Gürcüstan Rusiyanın maraqlarına cavab verir, rəsmi Ankara ilə Qərb arasında soyuq münasibətlər davam edir. Qərb regionda Ermənistan seçiminin üstündə dayanması ilə özünü regionda tamamilə dalana dirədi. Aİ ilk növbədə regionda üstünlüyünü təmin etmək üçün Azərbaycan və Gürcüstanla razılaşdırılmış siyasət yürütməli idi. Rusiya isə regiondakı status-kvonu lehinə çevirmək üçün Azərbaycanla müttəfiqlik etməyə məcburdur. Rusiya Ermənistana xəyanətinə görə qəfil zərbə vurmaq üçün 20 il əvvəl işğal etdiyi Dağlıq Qarabağ variantını götür-qoy edə bilər. Hərbi və iqtisadi gücünə görə Qərbdən dəfələrlə güclü olan Rusiyanın Qarabağda Azərrbaycanın lehinə kompromisə getməsinə Aİ dövlətləri də heç nə edə bilməyəcək. BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərməsi də müəyyən mənada Qərbin Rusiyanın atacağı addımla razılaşmasına rəvac verəcək. Proseslərin bu istiqamətdə cərəyan etməsi üçün ilk növbədə Ermənistan Aİ-yə inteqrasiya siyasətini davam etdirməklə Rusiyanı narazı salacaq siyasətdən əl çəkməmilidir. Sərkisyanın bütün gedişlərin son nəticələrini əvvəlcədən görməsi və Aİ məsələsini təxirə salması prosesləri əks yönə çəkə bilər. Lakin bundan sonra Kremlin İrəvanın ikili oyunlarına gedəcəyi o qədər də inandırıcı deyil. Buna görə də Ermənistan Putinin Azərbaycana reallaşdıracağı səfərdən narahatdır.

Ömər Zamin  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00