“Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak etməyəcəyi dəqiqləşdi”
Qabil Hüseynli: “Rusiya dövlət başçısının rejissora verəcəyi dəstək demək olar ki, yoxa çıxıb”
1 Avqust 2013 13:03 SiyasətMüxalifət mətbuatı yazır ki, Rüstəm İbrahimbəyovla Tiflis görüşü ilə Milli Şura fiaskonu açıq şəkildə boynuna aldı. "Hələlik tam fiaskodan söhbət gedə bilməz, çünki müəyyən imitasiyalar davam edir. Müxalifət hələ Rüstəm İbrahimbəyovun nazı ilə oynayır. Rejissorun ikili vətəndaşlıq probleminin həll olunmasındakı problemlər də açıq şəkildə ortada qalır". Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli "OLAYLAR"a açıqlamasında belə deyib. Q.Hüseynlinin sözlərinə görə, R.İbrahimbəyov və Milli Şura da yaxşı başa düşürlər ki, Putinin Azərbaycana edəcəyi səfər onların bütün planlarının üstündən xətt çəkəcək: "İbrahimbəyov istəyir qayıtsın, istəyirsə qayıtmasın, onun namizədlik məsələsində ciddi problemlər ortaya çıxıb. Putinin İbrahimbəyova verəcəyi dəstək demək olar ki, yoxa çıxıb. Artıq Milli Şuranın Rüstəm İbrahimbəyovla əməkdaşlığı öz əhəmiyyətini itirir. Tiflis görüşündə siyasi savadı və bu sahədə kifayət qədər informasiyaya malik olan İsa Qəmbər çıxışı ilə vəziyyətin çıxılmaz dalana dirəndiyini açıq şəkildə bildirdi. Proseslərin hansı istiqamətə inkişaf edəcəyini də əvvəlcədən proqnozlaşdırdı. Ona görə də Rüstəm İbrahimbəyovun müəyyən vədlərinə o qədər də ciddi yanaşmır. İsa Qəmbər eyni zamanda əlinə düşən fürsəti də lazımınca qiymətləndirir və Müsavat Partiyası başqanın namizədliyilə seçkilərə hazırlaşır. Müxalifətin Rüstəm İbrahimbəyovdan sonra İsa Qəmbəri vahid namizədi seçəcəyini isə əvvəlcədən proqnozlaşdırmaq çətindir. Rüstəm İbrahimbəyovun seçkilərdə namizəd kimi iştirak etməyəcəyi isə dəqiqdir". ("OLAYLAR" İA)