Avropa İttifaqının Ermənistana missiya göndırməsində Fransa və ABŞ-ın əli var
27 Yanvar 2023 13:10 SiyasətOnlar başa düşməlidirlər ki, Laçın dəhlizinin qarşılığında Zəngəzur dəhlizi açılmalıdır
Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Həmin qərarla bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel açıqlama verərək Avropa İttifaqının Ermənistanda missiyasının yaradılmasını regionda davamlı sülhün əldə edilməsi və həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi prosesdə vasitəçilik missiyasının gücləndirilməsi məqsədi daşıdığını bildirib. Bəs, əslində Avropa İttifaqı tərəfindən belə bir missiyanın yaradılması hansı məqsəd daşyır?

Hüquqşünas Vüqar Dadaşov bildirib ki, Cozep Borrelin açıqlaması Aİ-nın Ermənistana iki illik mülki missiyasının görünən tərəfi barədə və publik siyasi formal xarakterlidir. Ancaq məlumdur ki, həmin sözügedən missiyanın əsl hədəfi Rusiyanı bölgədən sıxışdırmaq və Azərbaycana qarşı müəyyən təzyiq mexanizmini formalaşdırmaqdır: "Nəzərə alsaq ki, Aİ bu mülki missiyanı birtərəfli qaydada həyata keçirir və missiya ancaq Ermənistan tərəfində sərhəd boyu yerləşdirilir, onda ümumi mənzərə aydın olur. Həqiqətdə bu missiyanın məqsədi Rusiyanın Ermənistana verdiyi tarixi təhlükəsizlik qarantiyasının Aİ tərəfindən əvəzlənməsi mərhələsidir. Aİ-nın bu növbəti mülki missiyası haqqında qərarın qəbuluna qədər və sonra da Ermənistan baş naziri Nikol Paşinyan başda olmaqla digər dövlət rəsmləri Rusiyadan və onun nəzarətində olan KTMT-dan narazı olduqlarını və açıq şəkildə Rusiyaya güvənmədiklərini bildiriblər. Sözsüz ki, Paşinyan hakimiyyəti və Avropa İttifaqı koordinasiyalı şəkildə Rusiyanı Ermənistandan çıxarmaq üçün mərhələli plan üzrə hərəkət edir. Bu məsələdə Fransa aparıcı mövqedədir. Məlumdur ki, Ermənistanda Rusiya hərbi bazalarının çıxarılması üçün keçirilən mitinqlər bu planın tərkib hissəsidir".
Onun sözlərinə görə, maraqlı məsələ ondan ibarətdir ki, Rusiya Ermənistandan sıxışdırılmasına ehtimal olunan adekvat cavabı hələ ki, verməyib. Baxmayaraq ki, Moskvanın İrəvana hələ də təsir imkanları kifayət qədərdir. Ancaq Ermənistanın faktiki Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə marağının azalması müəyyən mənada Rusiyanı Ermənistana bu vasitə ilə effektli təsir imkanlarını məhdudlaşdırır. Hələ xeyli əvvəl Rusiya bu ehtimalı nəzərə alaraq məhz Xankəndidə yerləşən separatçılara "yatrım" etməyə başlayıb: "Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə hazırlıq mərhələsində Ermənistana geniş və uzunmüdfətli Aİ-nın mülki missiyası sözsüz ki, cavabsız qalan deyil. Təbii ki, Azərbaycan bu vəziyyətdən istifadə edərək Ermənistanı hərbi zərbə ilə yenə də cəzalandıra bilər. Məhz buna görə də Aİ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına maraqlıdır ki, Ermənistanı itkisiz Rusiyadan qopara bilsin. Sözsüz ki, sonrakı mərhələdə proseslər daha da mürəkkəb forma alacaq".

Politoloq Sahil İsgəndərovun sözlərinə görə, Avropa İttifaqının Azərbaycanla razılaşmadan Ermənistana hansısa bir müşahidə missiyasını göndərməsi konkret olaraq bu qurumun Cənubi Qafqazda artlq itirilmiş mövqelərini qoruyub saxlamaq istəyindən irəli gəlir: "Bir məsələni nəzərdən qaçırmaq olmaz ki, Avropa İttifaqı bu kimi məsələlərdə müstəqil deyil, məhz Vaşinqtonla birgə ittifaq şəklində çıxış edir. Bildiyimiz kimi istər Amerika Birləşmiş Ştatları, isətsə də Avropa konkret olaraq son vaxtlar Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində Rusiyanın güclənmiş mövqeyindən çox narahatdır. Buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Moskva platformasına alternativ olaraq dərhal Vaşinqton plaforması yaradıldı. Burada daha çox Ermənistana təsir imkanlarından istifadə etdi. Bunun arxasınca Avropa İttifaqı Bürüssel platformasını ərsəyə gətirdi. Əslində isə Brüssel platforması hansısa formada Fransanın mövqeyini gücləndirmək və ATƏT-in Minsk qrupu həmsədrlərinin başqa bir formatında yaradılmasını nəzərdə tuturdu. Sözsüz ki, Avropa İttifaqının bu müstəvidə atdığı addımlarını formalaşdıran Fransa, konkret olaraq Fransa prezidenti idi. Amma Azərbyacanın bu platformanı nikbinliklə qarşılaması, alternativ platformaların sülh prosesinə, münasibətlərin tənzimlənməsinə dəstək verəcəyi ilə bağlı idi. Çox təəssüflər olsun ki, son nəticədə bu proses Fransa tərəfindən neytrallaşdırıldı. Fransa prezidenti Makronun siyasi kəndirbazlığı konkret olaraq Brüssel platformasını heç də yaxşı vəziyyətdə qoymadı. Təsadüfi deyil ki, Azərbaycan prezidenti sonuncu dəfə Brüssel platformasında görüşdən imtina etdi. Azərbaycanın Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsi Ermənistanın əsasız tələbi ilə bağlı oldu. Ermənistan şərt qoymuşdu ki, görüşdə mütləq Fransa prezidenti də iştirak etsin. Halbuki Praqa görüşündə Azərbaycan tərəfi buna ona görə razılaşmışdı ki, görüş Praqada keçirilirdi və Fransa prezidenti də orada idi. Amma bu o demək deyildi ki, Azərbaycan Brüssel platformasını Paris plarformasın çevirməyə razıdır. Düşünürəm ki, Avropa İttifaqının missiya göndırməsi məsələsində Fransanın və ABŞ-ın əli var. Çünki, onların heç biri Cənubi Qafqazda tənzimlənmə prosesinin Rusiya və Türkiyənin iştirakı ilə keçirilməsinə razı deyillər. Əslində onlar ümumiyyətlə Rusiyanı regiondan çıxarmağa çalışırlar, Türkiyənin isə regionda möhkəmlənməsinə razı deyillər. Bu baxımdan Avropa İttifaqının bu hərəkəti həm Ermənistanda revanşist qüvvələrə yaşıl işıq yandırır, həm də bu ölkədəki destruktiv qüvvələrin daha da möhkəmlənməsinə imkan yaradır. Ümumilikdə, Avropa İttifaqı da, ABŞ -da regionda, konkret olaraq Ermənistanla Azərbaycan, yaxud Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsində maraqlı deyillər. Onlar buna o halda razılıq verərlər ki, münasibətlərin tənzimlənməsi onların nəzarəti altında baş versin".
Politoloq hesab edir ki, Avropa Rusiyanın vasitəçiliyi kontekstində həyata keçirilən istənilən prosesə qarşı çıxır: "Amma Azərbaycan və Türkiyə üçün bu məsələlərdə elə bir prinspial fərq yoxdur ki, münasibətlər kimin moderatorluğu ilə nizamlansın. Əsas məsələ odur ki, sərhədlərin delimitasiya və demarkasiyası baş verməlidir. İndi Laçın dəhlizi ilə bağlı hay-küy qaldıran Avropa İttifaqının özü başa düşməlidir ki, Laçın dəhlizinin qarşılığında Zəngəzur dəhlizi açılmalıdır. Mülki missiyaya gəldikdə isə demək olar ki, Avropa İttifaqının belə bir missiya göndərməsi son zamanlar əldə olunmuş o kövrək razılaşmanı neytrallaşdırır. Bu Ermənistana destruktiv müstəvidə oyun oynamaq üçün növbəti fürsət verir. Nəzərə almaq lazımdır ki, nə qədər müxtəlif qüvvə bu münasibətlərin guya tənzimlənmməsinə müdaxilə etməyə çalışacaq, vəziyyət bir o qədər də qəlizləşəcək. Xatırladaq ki, ötən 30 il müddətində Qarabağ problemi ilə bağlı kimlər məşğul olmadı? Lakin sübut olundu ki, belə məsələlərdə uzaq başı bir-iki dövlətin iştirakı əsas rol oynaya bilər. Bu da regionda söz sahibi olan Türkiyə və Rusiyadır".
Alim