Rusiya-Ukrayna müharibəsindən İrana qədər: Trampın vədləri niyə tutmadı? – ÖZƏL

"Donald Tramp prezident seçkiləri öncəsi bir sıra vədlər vermişdi. Bunlardan, təbii ki, birincisi Rusiya-Ukrayna müharibəsinin dayandırılması idi. Bu gün isə həmin müharibə dayandırılmayıb və hələlik dayandırılması da gözlənilmir. Əksinə, getdikcə eskalasiya güclənir və bu müharibənin 2027-ci ildə də davam etməsi proqnozlaşdırılır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-də noyabr ayında aralıq seçkilər keçiriləcək. Bu proseslər fonunda demək olar ki, Trampın vəd etdiyi məsələlərin əksəriyyəti, o cümlədən Rusiya-Ukrayna müharibəsinin dayandırılması həyata keçirilməyib. O zaman İranla Amerika arasında müharibə yox idi. Amma artıq buna da əlavə etsək ki, İsraillə birlikdə İrana qarşı müharibə baş verdi və bu il Amerika Birləşmiş Ştatları da həmin müharibəyə qoşuldu, bu prosesin də bu günə qədər davam etdiyini görürük. Heç bir məsələ tam həll olunmayıb. Təbii ki, bütün bunlar Trampın xarici siyasətdə uğur əldə etmədiyini göstərir. Baxmayaraq ki, Tramp özü deyir ki, səkkiz müharibəni dayandırıb, amma bu müharibələrin bir çoxu hələ də davam edir. Hətta Qəzza ilə bağlı bir sülh şurası yaratmışdı, həmin proses də dayanıb və heç bir irəliləyiş yoxdur. İsrail yenə Qəzzaya qarşı hücumlarını davam etdirir. Trampın sülh şurasının müəyyən etdiyi bəndləri həyata keçirmək istiqamətində də ciddi irəliləyiş görünmür. Ona görə də bu proseslər hələ davam edir. Baxmayaraq ki, Tramp dünən gecə Dallasda Respublikaçılar Konqresində bir sıra böyük vədlər verib. İstər aralıq seçkilərlə bağlı, istər İran müharibəsi ilə bağlı, istər Ukrayna müharibəsi, istərsə də digər məsələlərlə bağlı vədlər səsləndirib. Burada bu müharibələrin nəticələrinə əlavə etsək ki, Amerikanın öz daxili siyasətində də problemlər yaranıb, söhbət enerji böhranından, enerji məhsullarının qiymətlərinin artmasından gedir. Təbii ki, bu aralıq seçkiləri Tramp üçün çox ağır olacaq.

"O ki qaldı Azərbaycan-Ermənistan məsələsinə, bəli, Trampın real nəticə verən məsələlərindən biri ötən il avqustun 8-də Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması və TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşmadır. Amma bu da hələlik tam həyata keçirilməyib. Bəli, sülh sazişi paraflanıb, amma Ermənistan üzərinə düşən öhdəliyi, yəni konstitusiyanın dəyişdirilməsi məsələsini həyata keçirməyib. Belə görünür ki, bu, mümkündür ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər də həyata keçirilməsin. TRIPP layihəsinin isə fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bu da hələlik həyata keçirilməyib. Ona görə bu aralıq seçkiləri necə olacaq? Trampın, yəni Respublikaçılar Partiyasının qalib gəlməsi gözlənilə bilər. Bu da Trampın gələcək iki ilində sözsüz ki, idarəetmədə çətinliklər yaradacaq. Əgər biz Trampın birinci prezidentlik dövrünü nəzərə alsaq, onda demokratlar Konqresə nəzarət edirdi və demək olar ki, Trampa işləməyə imkan vermirdilər. Əgər noyabrda onlar qalib gələcəklərsə, bu proses təkrarlana bilər. Hətta Trampın impiçment məsələsini də gündəmə gətirə bilərlər. Mən güman etmirəm ki, impiçment məsələsi ilə Trampı hakimiyyətdən uzaqlaşdıra bilərlər. Amma ən azı onun işləməsinə mane ola bilərlər. O ki qaldı Ermənistan tərəfinə, əgər sülh sazişi imzalansa və İrəvan bu çərçivədə konstitusiyada dəyişikliklərlə bağlı öz üzərinə öhdəlik götürsə, mən hesab etmirəm ki, Azərbaycan bununla razılaşsın. Azərbaycan açıq vədlərə inanmır və sülh sazişini Ermənistanın konstitusiyasında dəyişiklik etmədən imzalamayacaq. Bunu mən demirəm. Dünən Ceyhun Bayramovun çıxışında da bu qeyd edildi ki, Azərbaycanın şərti qüvvədə qalır: Ermənistan konstitusiyada mütləq dəyişiklik etməlidir. Azərbaycan xarici işlər naziri dünən bu ifadəni bir daha işlədib. Bilirsiniz, bu məsələ mətbuatda da yayılıb. Konstitusiyada dəyişikliklər edilməyənə qədər, güman etmirəm ki, Azərbaycan sülh sazişinə qol çəksin. Çünki biz bilirik ki, qarşımızda Ermənistan dövləti var və onların sonradan verdikləri təminatları həyata keçirəcəklərinə heç bir zəmanət yoxdur. Paşinyan, təbii ki, bunu istəyər. Amma Azərbaycan üçün bu, məqbul sayılan məsələ deyil. Ona görə də Trampın əsas uğuru sülh sazişinin paraflanmasıdır. Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin bağlanması üçün isə mütləq şəkildə Ermənistan konstitusiyasında düzəliş olunmalıdır. Hər hansı öhdəlik götürməkdən söhbət gedə bilməz, bu, həyata keçirilməli və təsdiq olunmalıdır. Bundan sonra sülh sazişi bağlanmalıdır. Ceyhun Bayramov - Azərbaycan xarici işlər naziri - dünən bunu bir daha qeyd etdi. Bu da noyabra qədər mümkün olan bir məsələ deyil. Təbii ki, biz istəyərdik ki, Ermənistan bunu etsin. Çox təəssüflər olsun ki, Paşinyan yenə də öz hiyləgər oyunlarını oynayıb vaxtı uzadır", - deyə ekspert əlavə edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31