İnformasiya bolluğu bəzən həqiqəti küyün içində batırır- ÖZƏL

Rafiq Əliyev: "Mənəvi-əxlaqi dayaqları sağlam olan cəmiyyəti heç bir informasiya küyü sarsıda bilməz"

"Cəmiyyətin əsl gücü ucuz hisslərə qapılmaqda deyil, təmkinlilikdə, yüksək təfəkkür mədəniyyətində və hər bir informasiya təxribatı qarşısında öz milli ləyaqətini qorumaq bacarığındadır. İnformasiya küyündən ləyaqət mədəniyyətinə doğru irəliləməliyik. Fayda burdadır". "Olaylar" xəbər verir ki, bunu professor, fəlsəfə elmləri doktoru Rafiq Əliyev deyib: "Bu gün biz informasiya bollluğu dövründə yaşayırıq, lakin bu bolluq bəzən həqiqəti küyün içində batırır. Bizim əsas vəzifəmiz səthi emosiyalara, ucuz sensasiyalara və bölücü ritorikaya uymamaqdır. Cəmiyyətin intellektual səviyyəsi onun hansı informasiyanı qəbul edib, hansını kənara atmağı bacarması ilə ölçülür.

Dövlət və cəmiyyət münasibətləri qarşılıqlı etimad dilində qurulmalıdır. Ziyalıların, alimlərin, mətbuatın borcu cəmiyyəti qıcıqlandırıcı mövzularla parçalamaq deyil, problemlərin dərin, başadüşülən səbəblərini göstərmək və çıxış yollarını təklif etməkdir.

Xalqın və dövlətin yetkinliyi onun daxili ünsiyyət mədəniyyəti, öz tarixinə və ləyaqətinə sahib çıxmaq bacarığı ilə müəyyən olunur. Mənəvi-əxlaqi dayaqları sağlam olan cəmiyyəti heç bir informasiya küyü sarsıda bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31