Naxçıvan məhsulları üçün yeni dövr: Daşıma xərcləri azalacaq, ixrac imkanları genişlənəcək – ÖZƏL
17:26 SiyasətPrezidentin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracını stimullaşdırmaq üçün müxtəlif güzəştlərin tətbiqi qiymətləndiriləcək. Sahibkarlara dəstək mexanizmləri genişləndiriləcək, yerli məhsulların bazarlara çıxışını sürətləndirmək və daşıma xərclərini azaltmaq üçün məqsədli logistik dəstək tədbirləri görüləcək.
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a danışıb. İqtisadçı bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan iqtisadiyyatı üçün çox ciddi imkanlar yarada bilər. Uzun illər Naxçıvan sahibkarlarının qarşılaşdığı əsas problemlərdən biri məhsulların digər bazarlara daşınmasının baha və mürəkkəb olması idi. Dəhlizin açılması bu problemi əhəmiyyətli dərəcədə yüngülləşdirə və Naxçıvanın Türkiyə, daha sonra isə Avropa bazarları ilə iqtisadi əlaqələrini gücləndirə bilər. Burada Naxçıvanın istehsal potensialından daha geniş istifadə etmək imkanları yaranır. Kənd təsərrüfatı və ərzaq emalı, mineral və tikinti materialları, tekstil, yüngül sənaye, mebel və digər sahələrdə istehsalın artırılması üçün daha əlverişli şərait formalaşa bilər. Logistika xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini yüksəldəcək və sahibkar üçün yeni bazarlara çıxışı asanlaşdıracaq.
İqtisadçının sözlərinə görə, dəhlizin açılması investorlar üçün də Naxçıvanın cəlbediciliyini artıra bilər. Bunun üçün nəqliyyat imkanları ilə yanaşı, sənaye və anbar infrastrukturu, enerji və su təminatı, gömrük prosedurları, maliyyələşmə və ixrac dəstəyi də paralel şəkildə inkişaf etdirilməlidir. Sahibkarlara nəzərdə tutulan güzəştlər bu prosesə əlavə stimul verə bilər. Xüsusilə yeni investisiya qoyan, istehsal və ixrac həcmini artıran, yerli xammaldan istifadə edən və yeni iş yerləri yaradan müəssisələrin dəstəklənməsi daha böyük nəticə verər. Naxçıvanın qarşısında yaranan bu imkan uzunmüddətli iqtisadi strategiya ilə dəstəklənərsə, regionda yeni istehsal müəssisələrinin, logistika mərkəzlərinin və ixrac yönümlü bizneslərin formalaşmasını sürətləndirə bilər. Bu isə həm Naxçıvan iqtisadiyyatının şaxələnməsinə, həm də regionun Azərbaycan, Türkiyə və Avropa arasında mühüm iqtisadi bağlantı nöqtəsinə çevrilməsinə şərait yaradar.
Səidə Ramazanova