ABŞ Azərbaycan-Ermənistan sülhünü sürətləndirəcək?- Politoloqdan açıqlama- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın İran və Rusiya-Ukrayna müharibəsi ilə bağlı ciddi nəticə əldə edə bilmədiyi bir vaxtda noyabrda Konqresə aralıq seçkilər keçiriləcək. Bu baxımdan, Vaşinqton Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi? Azərbaycan-Ermənistan sülhünün Trampın vasitəçiliyi ilə yekunlaşdırılması ABŞ prezidentinin qarşıdakı aralıq seçkilərində siyasi dividendlər qazanmasına kömək edə bilərmi?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:

" Məncə, burada əsas məsələ Trampın sülhü seçki kampaniyası üçün diplomatik uğura çevirmək istəyi ilə Azərbaycan və Ermənistanın prosesə qoyduğu real şərtləri bir-birindən ayırmaqdır. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanması Tramp administrasiyası üçün ciddi diplomatik nəticə idi. İndi isə əsas məsələ həmin prosesin yekun sülh sazişi ilə tamamlanmasıdır.

Trampın qarşısında kifayət qədər mürəkkəb xarici siyasət mənzərəsi var. İran məsələsində gözlənilən nəticənin tam əldə olunmaması və Rusiya-Ukrayna müharibəsinin hələ başa çatmaması fonunda Azərbaycan-Ermənistan sülhünün yekunlaşdırılması ABŞ prezidentinə "mən yeni bir müharibəyə son qoydum" tezisini irəli sürmək imkanı verə bilər. Bu baxımdan Vaşinqtonun qarşıdakı dövrdə prosesə daha fəal müdaxilə etməsi və tərəfləri sürətləndirən diplomatik addımlar atması tamamilə mümkündür.

Amma burada Azərbaycanın mövqeyi dəyişmir. Bakı üçün əsas məsələ sülhün hansı tarixdə imzalanması deyil, hansı hüquqi-siyasi təminatlarla imzalanmasıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi məhz buna görə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün gələcəkdə yeni ərazi iddialarına hüquqi baza yarada biləcək müddəaların qalması dayanıqlı sülh modelinə uyğun deyil.

Bu səbəbdən ABŞ prosesi sürətləndirmək istəyirsə, əsas təzyiq istiqaməti Bakıya deyil, İrəvana yönəlməlidir. Çünki Azərbaycan artıq sülh mətninin paraflanmasına razılıq verib və öz mövqeyini dəfələrlə açıqlayıb. İndi əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəlikləri hansı ardıcıllıqla və nə qədər sürətlə yerinə yetirməsidir.

Əgər Ermənistan konstitusiya məsələsində real addım atsa və yekun sülh sazişi imzalansa, bunun Tramp üçün ciddi siyasi əhəmiyyəti olacaq. Bu, ABŞ prezidentinə həm Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasına öz administrasiyasının töhfəsini vurğulamaq, həm də xarici siyasət portfelində konkret nəticə göstərmək imkanı verəcək.

Amma bunu Trampın seçkidə qələbəsini təmin edəcək həlledici faktor kimi qiymətləndirmək düzgün olmaz. Amerika seçicisinin əsas gündəmi iqtisadiyyat, qiymətlər, miqrasiya, daxili siyasət və ABŞ-ın digər müharibələrdəki mövqeyi olacaq. Azərbaycan-Ermənistan sülhü isə daha çox Trampın xarici siyasət uğurları siyahısında mühüm əlavə dividend rolunu oynaya bilər.

Əslində Vaşinqton üçün ən əlverişli ssenari sülh sazişinin sadəcə imzalanması yox, onun real və davamlı mexanizmə çevrilməsidir. Çünki tələsik əldə olunan, amma sonradan yenidən mübahisələr doğuran razılaşma Trampın uğuru yox, əksinə, onun diplomatik reputasiyası üçün əlavə problem yarada bilər.

Ona görə hesab edirəm ki, ABŞ qarşıdakı mərhələdə Azərbaycan-Ermənistan sülh prosesinə əvvəlkindən daha fəal şəkildə müdaxilə edə bilər. Trampın seçkiyə xarici siyasətdə konkret nəticə ilə getmək marağı var. Lakin bu maraq Azərbaycanın prinsipial mövqeyini dəyişmir. Əgər İrəvan konstitusiya məsələsində real siyasi iradə nümayiş etdirərsə, Vaşinqtonda başlayan proses tarixi sülh sazişi ilə nəticələnə bilər. Bu isə həm region, həm də Tramp administrasiyası üçün kifayət qədər ciddi diplomatik nəticə olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31