Ukraynanın qələbəsi onun 2 il təslim olmamasından keçir- ÖZƏL
15:00 Dünya"ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və tərəflər arasında atəşkəsin əldə olunması üçün təklif olunan sülh razılaşması mahiyyət etibarilə Ukraynanın kapitulyasiyasını rəsmiləşdirən sənəddir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Bu sənəd İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətini rəsmiləşdirən sənədlə müqayisə oluna biləcək şərtlər ehtiva edir. Ukraynadan Rusiyanın işğal etdiyi ərazilərə dair iddialarından geri çəkilməsi, gələcəkdə həmin əraziləri hərbi yolla geri qaytarmaq cəhdindən imtina etməsi, ordusuna məhdudiyyətlərin tətbiqi, hakimiyyət dəyişikliyinə gedilməsi və referendum keçirilməsi kimi tələblər irəli sürülürsə, bu, sadəcə atəşkəs deyil, məğlubiyyətin siyasi-hüquqi rəsmiləşdirilməsidir.
Donald Tramp administrasiyası tərəfindən Ukraynanın kapitulyasiyaya məcbur edilməsinə Ukrayna Trampın prezidentliyi dövründə müqavimət göstərərək belə bir məğlubiyyət sənədinə imza atmasa, qarşısında başqa perspektiv də qala bilər: ərazi bütövlüyünün bərpası, Rusiyanın hərbi-siyasi məğlubiyyəti və Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməllərə beynəlxalq hüquqi qiymətin verilməsi.
Tramp dövründə prezident Zelenskiyə ABŞ-ın siyasi-diplomatik, psixoloji kapitulyasiya təzyiqlərinə qarşı dayanmaq, Rusiyanın hərbi təcavüzü, işğalına müqavimət göstərməkdən daha çətindir. Bu gün Ukrayna üçün qələbə ən azı 2 il müddətinə belə razılaşmalara getməməkdən keçir".