Rəsul Quliyevin İsa Qəmbər haqqında düşüncələri
"Mən onun apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm”
26 İyul 2013 20:34 Siyasət"İsa Qəmbər şəxsiyyətinə fərdi şəkildə heç vaxt nə neqativ, nə də pozitiv münasibətim olmayıb və ətrafındakı partiya funksionerləri ilə müqayisədə kifayət qədər yüksək intellektinin olmasını da şübhə altına almamışam. Bir daha qeyd etmək istəyirəm ki, mən onun apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm".
AzNews.az-ın məlumatına görə, bu sözləri Açıq Cəmiyyət Partiyasının lideri, Milli Şuranın üzvü Rəsul Quliyev deyib. O bildirib ki, İ.Qəmbərin MŞ-in vahid namizədi kimi prezidentliyə namizədliyini irəli sürmək istəməsinə etiraz etmir və bilir ki, Müsavat bu niyyətdə deyil: "Çünki Milli Şura istənilən variantda R.İbrahimbəyov olsa da, olmasa da İsa Qəmbərin vahid namizəd olmasına səs verməz. Bu, müzakirə obyekti deyil, aksiomadır. Mən İsa Qəmbərin fərdi və ya partiyanın qərarı ilə prezidentliyə namizəd olmasının dağıdıcı rol oynayacağından yazmışam. İndi, siz özünüz təsəvvür edin, İsa Qəmbər seçkilərdə iştirak edir və rəsmi 2-3 faiz səs toplayır. Siz də, biz də "seçkilər saxtalaşdırıldı" deyib, hay küy saldıq. Nəticəsi nə olacaq? Heç bir şey".
R.Quliyevin fikrincə, nəticədə onsuz da zəif olan müxalifət, ümumiyyətlə qəbrə qoyulacaq: "Müxalifət real yox, virtual, qəzetlərdə, internet səhifələrində fəaliyyət göstərəcək. İki ildən sonra da Müsavat Partiyasından hansısa rayondan heç kimin tanımadığı bir-iki adamı parlamentə təyin edəcəklər, vəssəlam".
ACP lideri deyib ki, o, heç kimi baykota çağırmır: "Mən Rüstəm İbrahimbəyov qeydiyyata alınana qədər mübarizə aparmağı təklif edirəm".