“Suriya kürdlərini Türkiyə üzərinə xarici qüvvələr qızışdırır” - AÇIQLAMA

Razi Nurullayev: “PKK-dan sonra Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyü üçün ən böyük təhdidlərdən biri də Demokratik Birlik Partiyasıdır”

"Suriyada baş verən proseslərə görə Əsəd rejimi ilə əlaqədar Türkiyənin çox sərt şəkildə ortaya mövqe qoyması rəsmi Dəməşqi əsəbləşdirir. Bəşər Əsəd də kürd faktorundan istifadə edərək Türkiyəyə təzyiq göstərməyə çalışır". AXCP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Razi Nurullayev son zamanlarda Suriya-Türkiyə sərhədində baş verən gərgin proseslərə münasibət bildirərkən belə deyib. R.Nurullayev hesab edir ki, Demokratik Birlik Partiyasının Türkiyənin Şimal sərhədlərinə yaxın məntəqələrdə hərbi əməliyyatlar aparması və həmin əraziləri daim təzyiqlər altında saxlaması birbaşa Ərdoğan hökumətinə təsir sayılır. Bəşər Əsəd hakimiyyətdən gedəndən sonra DBP və orada məskunlaşan kürdlər Suriyaya ərazi iddiası ilə çıxış edəcəklər. Sədr müavini qeyd etdi ki, kürdlər həmin ərazilərdə "dövlət" yaratdıqlarını iddia edirlər: "Lakin Əsədin getməsindən sonra kürdlər həmin əraziləri genişləndiməyə çalışacaqlar. Bunun müqabilində Türkiyəyə də ərazi iddiası irəli sürəcəklər. PKK-dan sonra Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyü üçün ən böyük təhdidlərdən biri də Demokratik Birlik Partiyasıdır. Bəşəs Əsədə təzyiqlər başlayandan sonra da həmin partiya gücünü dəfələrlə artırıb, silahlandırılıb. DPY-ya xarici dəstəklər də var. İndiki məqamda da DBP həmin xarici qüvvələrlə ərazi məsələlərinə görə danışıqlar aparır. Türkiyənin müxtəlif dairələrində də çağırışlar var ki, bunun qarşısını almaq üçün rəsmi Ankara həmin ərazilərə qoşun yeritməlidir. Amma bu konkret olaraq Suriya ilə müharibənin başlanılması demək olacaq. Türkiyənin bu baxımdan vəziyyəti çətindir. Rəsmi Ankaranın Suriya məsələsinə əvvəlki qədər maraq göstərməməsi və özünü iddialarından geri çəkilmiş kimi göstərməsi Türkiyənin ərazi bütövlüyü üçün mövcud problemləri dəf etməsilə bağlıdır. Çünki, Əsədin devrilməsindən sonra regionda "Kürdüstan" dövləti yaradıla bilər. Ərdoğan hökuməti "Kürdüstan" dövlətinin yaranmasına narazı deyil, amma həmin dövlətin bir hissəsinin Türkiyənin ərazisində qurulmasını qəti şəkildə rədd edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00