“Putin nə vaxt hara gedəcəyini ermənilərdən yaxşı bilir” - MÖVQE

Aydın Ağayev: “Ermənistan hakimiyyəti qonşu dövlətlər, Rusiya və Qərblə yürütdüyü siyasətdə tarazlıqları qoruyub saxlaya bilmir”

Ermənistanda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərindən çox narahatdırlar. Putinin Bakıya səfəri erməniləri ciddi sürətdə əsəbiləşdirib. Bu ölkənin politoloqları hesab edirlər ki, Putin Azərbaycanın paytaxtına prezident seçkiləri ərəfəsində dövlət başçısı İlham Əliyevi dəstəkləmək üçün gedir. Və bundan sonra yaxın vaxt ərzində çətin ki, Ermənistana səfər etsin. Erməni ekspertlər Rusiyanın Ermənistana hansısa satqın münasibəti barədə də danışırlar. "Putin ermənilərdən soruşmalıydı ki, Azərbaycana gəlsin, yoxsa ki yox? Ermənistan hakimiyyətinin yürütdüyü siyasət erməniləri biabır edir. Rusiyanın təlimçi dairələrində belə bir fikir formalaşıb ki, "ermənilər və Ermənistan Rusiyadan istədiklərini kifayət qədər alıblar. Yenə də nəsə istəyirlər". Bəzi təlimiçi dairələr, Azərbaycanda da belələri var, Rusiya-Ermənistan əlaqələrini Sərkisyan hakimiyyətinin lehinə şişirtməyə çalışırlar". Politoloq Aydın Ağayev məsələyə münasibət bildirərkən belə deyib. A.Ağayev hesab edir ki, məsələni analiz edərkən Rusiyanın Ermənistandakı hərbi bazaları, yaxın dövrlərdəki prosesləri də nəzərə almaq lazımdır. Kremlin xarici siyasəti, xüsusilə də region ölkələri ilə münasibətindəki siyasəti qiymətləndirilərkən Rusiyanın milli maraqları nəzərə alınmalıdır. Moskva xarici siyasət prioritetlərini Rusiyanın milli maraqları çərçivəsində təyin edir. Ermənistanla da münasibətlərində Moskva üçün Rusiyanının milli maraqları daha qabaqdadır. Politoloq qeyd etdi ki, son zamanlarda Rusiya-Azərbaycan əlaqələrində baş verən prosesləri həddindən artıq şişirtməyə ehtiyac yox idi. Rusiya 3 Cənubi Qafqaz dövlətinin yürütdüyü siyasətin nəyə hesablandığını və hansı imkanlara sahib olmasını da çox gözəl bilir. Qərb və ABŞ-ın nəzərində Azərbaycan necədirsə, Rusya da eyni nəzərlə Azərbaycanı elə görə bilir. Həmin baxış istiqamətində Azərbaycanın müəyyən üstünlükləri, sürətli tərəqqi məsələsi, regiondakı təşəbbüskarlıq məsələsi açıq şəkildə görünür. A.Ağayevin sözlərinə görə Rusiya çox gözəl bilir ki, Azərbaycan məsələsində vaz keçilməz bir prinsip var. Həmin prinsipin adı qonşu dövlətlərlə normal əlaqələr qurmaq siyasətidir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev Azərbaycanın çox çətin dönəmlərində qoyub. Son 10 ildə bu siyasət xeyli zənginləşdirilib. Rusiyada bilirlər ki, Azərbaycan qonşu dövlətlər dostluq əlaqələrinə xüsusi əhəmiyyət verir. Politoloq qeyd etdi ki, Ermənistanın həmin siyasətdə yüngül çəkisinin olduğunu da Rusiya çox gözəl bilir: "Digər qonşu dövlətlər də Azərbaycanın onlarla normal əlaqələr üçün çalışdığını görürlər. Vladimir Putinin Azərbaycan səfəri bu mənada digər dövlətlərin də böyük maraqlarına səbəb olub. Ermənistan isə açıq şəkildə Putinin Azərbaycana edəcəyi səfərdən narahat olur. Rusiyanın dövlət başçısı nə vaxt hara gedəcəyini ermənilərdən yaxşı bilir. Ermənilərin Putinin Azərbaycana gəlişinə nə qədər əsbləşsələr, hiddətlənsələr Ermənistana o qədər də ziyan gələcək. Hal-hazırda Ermənistanın Qərb və Rusiya ilə siyasətində çox ciddi problemləri var. Erməni hakimiyyəti qürurla Ermənistanın Avropa İttifaqı ilə yaxınlıq etməsindən danışır. Amma İrəvan unutmamlıdır ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var, ölkənin iqtisadi və sosial həyatı da rusların hesabına yaşayır. Ermənilər nə qədər iki stulda oturmağa çalışsa da bu, alınmayacaq. Hakimiyyətin ikili standartlara cavab verən siyasətinin zərərini erməni cəmiyyəti görəcək. Ermənistan hakimiyyəti qonşu dövlətlər, Rusiya və Qərblə yürütdüyü siyasətdə tarazlıqları qoruyub saxlaya bilmir. Ona görə Putinin Bakıya gələcəyi erməniləri narahat edir. Həmin səfərdə Rusiya-Azərbaycan münasibətlərində müzakirə ediləsi çoxlu məsələlər var. Bütün parametrlər üzrə bu səfər Azərbaycan, iki dövlət əlaqələrinin daha da isinməsi üşün xeyirli olacaq. Bəzi mətbuat orqanlarında bu məsələ ilə bağlı işıqlandırılan qərəzli məlumatların heç bir məntiqi əsası yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00