Eks-spikerin “çəkdiyi”, yaxud alverçi Məsmə
“Qonşular, qonşular, heyyy, yoxdular!”
26 İyul 2013 16:06 SiyasətMüsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova, Mütəllibovu Elçibəyə, Elçibəyi yenidən Heydər Əliyevə,Heydər Əliyevi İsa Qəmbərə, İsa Qəmbəri Allah bilir kimə satmış bir buqələmundur. A.Hacılı sonra fikirlərinə təsdiq qazandırmaq üçün deyir ki, Rəsul Quliyevin ikili standartlara cavab verən oyunlarına baxmayaraq müxalifət eks-spikeri müxalifətçi mandatında saxladı. Müsavatçı daha sonra "Bizim gücümüz hər cür həşəratla birgəliyimizdə deyil, əqidəmizdə, dönməzliyimizdə, ləyaqətimizdədir!" deyir. Əvvəlcə Arif Hacılının bu açıqlamasını Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu dəyərləndirdi. Şakiroğlu Hacılının açıqlamasını müəyyən qüvvələrin sifarişi kimi qələmə verdi. ACP üzvünün sözlərinə görə Arif Hacılının Rəsul Quliyevi AXC hökumətinin devrilməsində roluna dair səsləndirdiyi ittiham da əsassızdır: "Xalq Cəbhəsinin devrilməsi Arif Hacılı kimi demokrat cildinə girmiş avtoritar düşüncə tərzinə malik parazitlərin fəaliyyəti nəticəsində olub". A.Şakiroğlunun Hacılı haqqında dediklərinin kifayət etmədiyini hesab edən R.Quliyevin özü şəxsən İcra Aparatının rəhbərini "tərbiyəsizlikdə" günahlandırdı. Avstriya alimi Freyd və davamçısı Yunqa istinad edən R.Quliyev iddia etdi ki, Arif Hacılı uşaq ikən hər hansı qeyri-adi hadisə ilə rastlaşıb və ona görə də bu gün belə danışır. Ara sakitləşməmiş ACP sədri Sülhəddin Əkbər Arif Hacılının Rəsul Quliyev haqqında səsləndirdiyi ittihamları əsassız və cəfəngiyyat adlandırıb. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı dərhal məsələyə reaksiya verərək bildirdi ki, Rəsul Quliyev İsa Qəmbərin seçkilərlə bağlı mövqeyini yaxşı bilmədiyindən bu tip fikirlərlə gündəmdə qalmağa çalışır. ALP sədri Əvəz Temirxan qalmaqalın Milli Şuranın fəaliyyətinə xələl gətirməyəcəyini deyir, AXCP sədrinin müavini Razi Nurullayev bu cür polemikaları normal hal hesab edir, politoloq Zəfər Quliyev isə Müsavat-ACP qarşıdurmasının seçkilərdən diqqəti yayındırmağa xidmət etdiyini iddia edir.
***
Rəsul Quliyev Müsavata qarşı irəli sürdüyü ittihamları İsa Qəmbərin namizədliyini geri götürməməsi və Milli Şura daxilində pozuculuq işi aparmaqla əsaslandırdı və dedi: "Bu gün müxalifətdə Rüstəm İbrahimbəyov qələbə çalmağa şansı olan yeganə namizəddir. İsa Qəmbər isə ən yaxşı halda 2-3% səs toplaya bilər, bu isə heç kəsə lazım deyil". Quliyevin İsa Qəmbərin namizədliyi haqqında səsləndirdiyi fikirlər "Bəxt üzyü" filmindəki alverçi Məsmənin polis şöbəsində Rasimdən siqaret almasına oxşayır. Rasimdən siqaret istəyən Məsmə deyir: "Bağışla, müəllim, bi dənə o siqaretindən olar?". Alverçinin əlində bir torba dolu siqaret qutusu görən Şöylü: "Ağəz özündə bir vaqondu ki"-söyləyir. Məsmə isə Şöylüyə: "Baci, bunlardan çəkə bilmirəm, sinəmə düşmür e"-cavabını verir.
***
Arif Hacılı Rəsul Quliyevi satqınlıq etməkdə günahlandırdı və İcra Aparatının rəhbəri eks-spikeri tez-tez cildini dəyişən buqələmunaoxşatdı. Aranı biri-birinə qarışdıran bu fikirlər oldu. Razi Nurullayev, Gülağa Aslanlı, Zəfər Quliyev, Əvəz Temirxan və Sülhəddin Əkbər də Rəsul Quliyev-Arif Hacılı qarşıdurmasının qızışımasından sonra ortaya çıxdılar. Müxtəlif fikirlər səsləndirdilər. Ara bir xeyli isindi. Sonra hərəsi çəkilib bir kənara, xısın-xısın güldülər: "Hi... hi... hi... hi... hi! Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib. Gedim evə ayından-oyundan alım. Hi... hi... hi... hi... hi!" Rüstəm İbrahimbəyov isə avqustda Azərbaycana gələcək. Yəqin ki, vəziyyət belə getsə "Oskar" mükafatlı namizədini hava limanında qarşılayan olmayacaq. İbrahimbəyov Milli Şuranın qərargahı etdiyi evinə gedəcək və qapıların taybatay açılı olduğunu görəcək. Həmin "Bəxt üzüyü" fillində belə bir monoloq var, Hüseynin dilindən deyilir: "Qonşular, qonşular, heyyy, yoxdular, ölüblər. Bir mən qalmışam, bir də bu daş hasar".
Ömər Zamin