Milli Şura: maskanın içindəki maska

Azərbaycanda yeni təriqət yaranmaqdadır və o, bilavasitə siyasətlə bağlıdır, adı - Milli Şura. İlk baxışdan qəribə təsir bağışlaya bilər, hətta əcaib də görünər: nə də olsa, müxalifətdəki siyasətçilər arasında İslam Partiyasından savayı, aşkar islamçılıq və dinçiliyi təbliğ edənlər, ölkənin Şəriət qaydaları ilə idarə olunmasını istəyənlər yoxdur. Doğrudur, Pənah Hüseyn təsbeh oynatmağa pis baxmır, hərdən də Güney və Quzey Azərbaycanların birləşərək Böyük Azərbaycan olması ideyasından danışaraq bunun din əsasında baş verəcəyini deyir, əlindəki təsbehi, yəni güneyli soydaşlarımızın "xuruş" dedikləri nəsnəni fırladır. Amma təsbeh Fuko rəqqası olmadığından, onun ləngərvurma amplitudası nəyisə müəyyənləşdirmir. Necə ki, imam olmayan insanın zühuru mümkün deyil və onun gəlişini səbirsizliklə gözləyərək haray qaldırmaq da caiz sayılmaz. Amma yox, Milli Şuranın rəhbərliyi fərqli fikirdədir. İyulun 31-də Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyindən təntənə, bəlağət və şövqlə danışanların səslərinə, simalarına baxanda çoxsaylı sektalarda rəhbəri gözləyən adamların fanatizmi yada düşür. 

Fanatizm pis əməldir - səbəbindən, məqsədindən, miqyasından və yayıldığı məkandan asılı olmayaraq. 

Rüstəm İbrahimbəyov və fanatizm pərdəsi

Onun "sağ əli", Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov soyuqqanlı, fəndgir, siyasətdə hiylə və intriqa amillərini birmənalı şəkildə heç zaman inkar etməmiş şəxsdir.  Milli Şuranın Azərbaycandan kənarda yaşayan, amma Azərbaycandakı proseslərə bilavasitə müdaxilə edərək maraqlarının tam təminatına çalışanların layihəsi olduğunu indiyədək dəfələrlə yazmışam. Və siyasi amneziyası olanlara bir daha xatırlamaq gərək ki, ölkənin problemi varsa, o, içəridə həll olunmalıdır. Kənarda durub ölkəyə öz adamlarını yollayan və həmin adamı xilaskar kimi qələmə verənlər tarix boyu yalnız məkr daşıyıcıları olublar. Babilistanda Marduk-kabit-ahhiu-şuya qarşı çıxarılan İtti-Marduk-balatu hökmdar olacağını desə də, məqsədinə çatmamışdı. Çünki o, assuriyalıların adamı, köləsi idi. Assuriyalılar da babillərin rifahını, inkişafını, güclənməsini əsla istəməzdilər. Çar Rusiyasını da ram etməyə çalışan Reç Pospolita ruslara Yalançı Dmitrini çar kimi təqdim etsə də, ruslar inanmadılar, bu yaramazı qovdular. Milli Şura ssenarisini quranlar qədim babillər və assurlar, ya da orta əsrlərdəki ruslardan ağıllı olduqlarını sanırlar.

Belə deyillər, sadəcə, sanırlar

Çünki siyasi taktikaları və fəaliyyət strategiyaları olsaydı, Rüstəm İbrahimbəyov kimi siyasətdə iki ayağından da axsayan adamı "prezident seçkilərində müxalifətin vahid namizədi" qismində kütləyə qəbul etdirməyə çalışmazdılar.  Bəli, məhz kütlə: çünki Eldar Namazovun strateqlik etməyə çalışdığı Milli Şura, deyəsən, bizi, Azərbaycanın vətəndaşlarını məhz kütlə sayır. Kütlə, yəni plebs. Onlar özlərini patrisi, senator, konsulari - bizi də plebey kimi görürlər. Di gəl, xalqın xilasından, irəliləyişdən, tərəqqidən və s. kimi gözəl kəlmələrdən istifadə edərək çıxışlarına rəvan verməyə çalışan bu adamlar əyalət sirkinin aktyorlarına bənzəyirlər. Çadırdakı böyük sirkdə tamaşa başlayanda orada arenaya çıxanlar gülümsəyir, şeypurlar səslənir, böyük tamaşa göstərilir. Tamaşaçılar içlərini çəkir, heyrətdən və sevincdən böyümüş gözlərlə çadırın qübbəsi altında salto vuran akrobatlara baxır, fili dal ayaqları üstə yeriməyə vadar edən təlimçinin ustalığına və şirlərin odlu çəmbərin içindən atılmasına nail olmuş adamın qəhrəmanlığına mat qalırlar. Təbii, qum və kəpək səpilmiş arenaya təlxəklər də çıxır, çığırır, qəhqəhə çəkir, ağlayır, oynayırlar - təki oturanlar gülsünlər. Bundan başqa, sirkdəki təlxəyin başqa bir işi isə arada qalan vaxtı "doldurmaq"dır.

Daha sonra arenaya gözbağlayıcı çıxır və fəndlərlə, tryuklarıyla alqış qazanmağa, özünün sehrbaz olduğuna baxanları inandırmağa çalışır. Yenə də məqsəd akrobatlar, təlimçilərin çıxışlarına qədər olan vaxtı doldurmaqdır. Rüstəm İbrahimbəyov da indi həmin o qara fraklı, şlyapasından çəp gözlərini döyən ağ, uzuq qulaqlı dovşanı çıxaran gözbağlayıcı kimidir.  Adam məni və ölkədəki hər kəsi inandırmağa çalışır ki, normal prezident seçkilərindən əvvəl mütləq 2 il hakimiyyətdə olmalıdır.

Yəni istəmir, hakimiyyətdən və siyasətdən uzaqmış, amma sən demə - işə bax - müxalifət uzun çağırışlar və müraciətlərdən sonra onu oktyabrda keçiriləcək prezident seçkilərinə vahid namizəd qismində qatılmağa razı salıbmış. Bütün bunlar empirikadır, Rüstəm İbrahimbəyov və Eldar Namazovun ən yüngül tənqididir, onların bəlkə də ən arzuladıqları təhlildir.

Ancaq romantik mizantropiya yetər

Cənab İbrahimbəyov və Namazovun ilğımlara dolaşdırdıqları fəaliyyətləriylə vədlərinə və reallığa nəzər salaqmı?

Eldar Namazovun son aylar mütəmadi təkrarladığı əsas ifadələrə nəzər salaq: "Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, bununla barışmaq və ya bu seçkiləri boykot etmək lazım deyil. Bizim əsas məqsədimiz Milli Şuranın vahid namizədinin qeydə alınmasına maneçilik törədilsə, bu istiqamətdə mübarizə aparıb, onun qeydiyyatına nail olmaqdır. Biz namizədin qeydiyyata alınmasından sonra seçkidə iştirak etmək niyyətindəyik". Eldar Namazov onu da təkrarlayır ki, "Milli Şurada ehtiyat namizədin olmasına ehtiyac yoxdur". Əcəba, Namazov dediklərinin reallıq dərəcəsinə özü inanırmı? Düşünmürəm, çünki bu sözlər aşkar siyasi oyun, özü də çox cılız oyun təsiri bağışlayır. Milli Şuranın İcra Aparatının rəhbəri o kəslərdəndir ki, Azərbaycanda çirkab siyasəti normaya çevirib və bunu da normal hal kimi təqdim etmək istəyir. O, yəqin düşünür ki, belə də olmalıdır, siyasət elə budur.

Əslində, Eldar Namazov tək deyil Azərbaycanın müxalifət düşərgəsində fərqli, normadan çox uzaq ənənələrin hökm sürdüyü siyasət var və belə davranışları, şüuru, məfkurəni və məqsədləri əsla qəbul etmək olmaz. Rüstəm İbrahimbəyovu "Xilaskar" (bəli, məhz böyük hərflə, çünki bunca təqdimat, təbliğat və ilaxır cəhdlərindən sonra son illər ulduzu parlamayan kinodramaturqu Milli Şuranın apologetləri belə qəbul etdirmək istəyirlər) sayanlar nə qədər yanıldıqlarını anlayırlarmı? Eldar Namazov ultimativ tonda danışır, onun sədri Rüstəm İbrahimbəyov da boqdıxan təki başını yelləyir, deyilənləri təsdiqləyir. Hadisələrin ehtimal məcrasına baxaq.

İyulun 31-i, Rüstəm İbrahimbəyov şeytanın qıçlarını diz qapaqlarındın sındırıb Bakıya gəlir.

Nə olacaq?

Rüstəm İbrahimbəyovu Binə hava limanında minlərlə tərəfdarı qarşılayacaq, onu aparacaq maşını avtomobil karvanı müşayiət edəcək, yol kənarında duran minlərlə insan da əllərini yelləyərək şövqlə "Yaşasın Xilaskar!" qışqıracaq?  Mark Şvarsın əsərlərindəki absurd, qrotesk mənzərələrindən biri. Olmayacaq bütün bunlar, çünki Eldar Namazovun bütün iddialarına rəğmən, Rüstəm İbrahimbəyovun Azərbaycanda siyasi çəkisi onun fiziki ağırlığından qat-qat aşağıdır. Rüstəm İbrahimbəyov çatır Bakıya, varid olur Milli Şuranın toplantısının keçiriləcəyi məkana. Orada da onu kimlər qarşılayacaq? Bəlli. 1993-cü ildən bəri davam edən siyasi vodevilin həmişəki, dəyişməz, sabit, səhnə pərdələrinin nimdaşlığını siyasi ahıllıqları ilə üstələmiş simalar. Üçüncü mərhələ barədə danışmağa belə dəyməz, çünki absurdun və marazmın da bir həddi olur. Rüstəm İbrahimbəyovun siyasətdə iddialı olması, prezidentlik fikrinə düşməsi, seçkilərə qatılmaq istəməsi və ətrafına da guya ona inandıqlarını göstərən adamları yığması normaldır. Hətta onun "Milyarderlər İttifaqı"nın üzvü olması və Milli Şuranın da bu qurumun oyuncağı olmamasını deməsi, iddiaları təkzib etməsi qəbuledilən məsələdir: siyasətdə hər şey olur, hətta belə tragikomik cəhdlər də.  Anormal olan Rüstəm İbrahimbəyovun Azərbaycan müxalifətinin prezident seçkilərində vahid namizəd kimi təqdimatıdır. R.İbrahimbəyov da bu rolu ilə razılaşdığını deyir və hakimiyyətdə cəmi 2 il olacağını, sonra yeni prezident seçkilərinin keçiriləcəyini deyir. Fəqət, cənab İbrahimbəyov, siyasət kinematoqrafdan fərqlənir: seçkilər kinolent deyil, dubllar yoxdur və əvvəlcə tizer çəkib nümayiş etdirməklə filmə hazırlıq görmək 2 il prezident olub sonradan yerini başqa prezidentə vermək deyil.  Lalə Şövkət və Eldar Namazovun kölgələrinin arxadan boylandığı Rüstəm İbrahimbəyovun xəyallarındakı "prezidenlik" xülyası əslində Azərbaycana xaos, hərc-mərclik və sonu onillər sonra bəlkə başa çata biləcək bəlalar vəd edir. Səbəblər çox sadədir: siyasətdə zərrə qədər təcrübəsi olmayan Rüstəm İbrahimbəyov başqalarının əlində alətə çevriləcək. Almaniyaya yollanaraq orada bir neçə qəzet və jurnala müsahibə verən, yerli azərbaycanlı diasporun nümayəndələri ilə bir araya gəlib sualları cavablamağı "Almaniyada yüksək səviyyədə bir sıra görüşlər keçirmək" kimi təqdim edən Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədidirsə, belə müxalifətin durumuna acımamaq mümkün deyil. Digər məqam: Eldar Namazov açıq deməsə də, üstüörtülü şəkildə vurğulayır ki, Müsavat Partiyasının mövqeyindən kəskin narazıdır. Çünki Müsavat başqanı İsa Qəmbər heç bir halda Rüstəm İbrahimbəyovu özünə bab siyasi çəki və nüfuz sahibi saymadığından, başçılıq etdiyi partiyanın yanvardakı qurultayındakı qərarın dəyişmədiyini deyir. Yəni Müsavat prezident seçkilərinə öz namizədi ilə - İsa Qəmbərlə qatıla bilər. Müsavatçılar İsa Qəmbəri heç də "Milli Şuranın ehtiyat namizədi" saymırlar - Eldar Namazovun israrlı işarələrinə rəğmən. Lalə Şövkət, Eldar Namazov və başqaları - o kəslər ki, Milli Şura sədri Rüstəm İbrahimbəyovu yeganə kreatura kimi gördüklərini iddia edir, buna ətrafındakıları da inandırmağa çalışırlar - "müxalifətin fəallaşması, ab-havanın dəyişməsi"ndən danışırlar.

Hansı fəallaşma, nə kimi dəyişmə?

Bunu həmin şəxslər izah edə bilərlərmi?

Olmaya 20 ildən bəri sürəkli uğursuzluqlar yaşayan, dağınıq, birləşə bilməyən, şəxsi maraqları həmişə təşkilati mənafeləri üstələyən, daim "kütləvi dəstək"dən danışıb sonradan bu iddiaların yalan olduğunu boynuna almayan adamlar qəflətən kütləvi etiraz dalğası yaradacaqlar? Yenə də absurd, çünki cəmiyyətdə belə manevrlər üçün təsir imkanları, nüfuzu, potensialı olmayan şəxslərlə təşkilatların xitab etdikləri fərdlər onları qəbul etmirlər.

Adlarını çəkdiyim siyasətçilər üçün acı gerçəklik budur. Müsavatın bir çox funksionerləri Milli Şurada deyil. Milli Şurada olanlar da "Turan" agentliyinin direktoru Mehman Əliyev kimi təssüflə deyirlər: "Partiyalar öz maraqlarını ön plana çəkirlər. Bizim vaxtımızı niyə alıblar, bizi bu işlərə niyə qoşublar?"

Son məqam

Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı bu günlərdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevi "mafioz" adlandırdı. Milli Şuradakıların reaksiyası çox paradoksal oldu.  "Kimin mafioz olduğu, niyə olduğu kimi məsələləri xırdalamaq, buna vaxt ayırmaq olmaz", - daha bir absurd. Yəni Milli Şuranın rəhbərliyi və xüsusilə də Rüstəm İbrahimbəyov üçün ona qoşulanların qanunla münasibətləri əsla önəmli deyil.  Mafiozdur, cinayətkardır, dövlət əmlakını mənimsəyib, milyonları həzm-rabedən keçirib və ya başqa qanunazidd əməl edib - fərq etməz, təki Milli Şuranın işinə yarasın.

"Mafioz" suçlamasını "xırda iş" sayan, amma ölkəni idarə etməyə iddialı olan təşkilata nə deyirlər?

Lənət şeytana, nədənsə ağla Rüstəm İbrahimbəyov və onun yavərləri üçün heç yaxşı olmayan analogiyalar gəlir... Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00