Böyük Arzumuz-Bütöv Azərbaycan - TARİX
25 İyul 2013 16:35 SiyasətYeddi yerə bölünmüş yurd,
Yetmiş yönə bölünmüş xalq-
Yox tarixdə bu boyda dərd,
Ümidsiz olmaq da yasaq...
Allahın adıyla!
500 yüz il öncə paytaxtı Təbriz şəhəri olan bütöv Azərbaycan dövləti qurulmuşkən Çaldıran döyüşü (1514) ilə başlamış, 290 il öncə (1722-24) Çar Rusiyasının (I Pyotrun) Azərbaycan xanlıqlarını işğal etməyə başlaması və erməniləri Xəzərətrafı ərazilərə məskunlaşdırması ilə milli faciələrimizin əsas təkanverici zərbəsi olan (1828) bölünməmizdə xarici amillər də işə düşmüş və öz xanlığını vətən bilənlərin təcavüzkar qarşısında belə birləşə bilməməsi isə həlledici rol oynamışdır.
Artıq 7 ildən çoxdur ki, Azərbaycan türklərinin yurd salıb yaşadığı tarixi ərazilərdə hər cür üsullarla susdurulan, sındırılan Azərbaycan xalqının cəsarəti qəzəb halında, ehtiyatlılığı qorxaqlığ şəklində üzə çıxmaqdadır. 2015-ci ilə hazırlaşan erməni, kürd terror təşkilatlarının planları müqabilində, doğrulmayan ümidlər və milli şüur kasadlığı üzündən "vətəndaşlıq və mənəvi keyfiyyətlərini itirərək'' (Ə.Ğəşəmoğlu) uçuruma yuvarlanmaq ərəfəsində olan xalqımızın heç olmasa possionarlığa yaxın 10-15 %-ni tezliklə taleyüklü, səfərbəredici bir ideya, istiqamət ətrafında birləşdirə, təşkilatlandıra bilməsək,milli kodlarımızı yeniləyib sistemləşdirməsək "Dərdimiz yetim qalsa bizdən sonra kim çəkər" (Xudu Məmmədov)-durumuna düşəcəyimiz qaçılmazdır.
Milli hədəfimiz olmalı olan milli, islami, demokratik, bütöv Azərbaycan dövləti qurmaq, milli-mənəvi dəyərlərimizi qorumaq və "Difai fədailəri"nin 1905-ci ilin yazından Gəncədə başlamış olduğu mübarizənin nəticəsi olaraq qurulmuş ADR-AXC ərazisinin bərpası(Qarabağ, Göyçə, Zəngəzur) uğrunda çarpışacaq Allahsevər, vətənsevər, millətsevər, azadlıqsevər nəsil yetişdirməkdən ötrü Bayrağımızda təcəssüm olunmuş aşağıdakı yönümlərə əsaslanan Müasir Milli Məfkurə işləyib hazırlamaq gərəkdir:Göy rəng-türklüyümüz, yaşıl rəng-müsəlmanlığımız, qırmızı rənğ-azadlığımız, 8 guşəli ulduz (günəş)-dünyəviliyimiz, aypara-ziyalılığımız. Bəli, bütöv Azərbaycanın tarixi ərazisində yaşayan bütün yerli xalqları, millətləri, ümmətləri əhatə edəsi, ruhlarımızı, cisimlərimizi, mənafelərimizi uzlaşdıra biləsi, keçmişimiz, bugünümüz, gələcəyimiz arasında körpü olası,özülü ötən əsrin əvvəlləri Ə.Huseynzadə,Ə.Ağaoğlu,M.Rəsulzadə və b. tərəfindən qoyulan,əsrin sonu-Ə.Elçibəy sağlığında formalaşmağa başlayan dolğun bir Milli igeologiya... Türk-islam gələnəkləri ilə müasir-bəşəri prinsipləri uzlaşdıran Bayrağımızda təsbit edilmiş bu milli məfkurəmizə əsaslansaq, ölkədə Milli-islami-sosial demokratiyanın hakim olduğu Cumhuriyyət dövlət quruluşu tətbiq etmək qarşıya məqsəd olaraq qoyulmalıdır. Bu məqsəddən anlaşılan isə o taylı-bu taylı, iqtidarlı-müxalifətli bütün yurddaşlarımıza yiyə durası, milli-mənəvi dəyərlərimizə, yerüstü-yeraltı sərvətlərimizə sahib çıxası, könüllərdə ölüsünə rəhmət, dirisinə hörmət qazanan, cəmiyyətin bütün iddialı fərdlərinin, zümrələrinin, firqələrinin qatıla bildiyi qarışıq seçki sistemi olan "prezidentli parlament respublikası" tipli milli-demokratik bir hakimiyyətdir.
Buna görə də səfərbəredicilik yönümləri olan 1. Millilik 2. İslamilik 3. Demokratiklik 4. Ədalətlilik 5. Azərbaycanlılıqla quruculuq yönümləri olan 1. Hüquqi Dövlət 2. Milli Təhsil 3. Güclü Ordu 4. Sağlam Ailə 5. Doğru Din bilginləri toplanıb bir ictimai qurumda birləşməyi vicdan və vətəndaş borcu bilməlidir. İlkin olaraq mümkünlük çərçivəsində və mövcud ərazidə, müsbət nümunə və müştərək model formalaşdıraraq 1. Dövlət müstəqilliyi, 2. Vətəndaş cəmiyyəti, 3. Milli mədəniyyət, 4. Sosial iqtisadiyyat və 5. İnsan hüquqlarının tətbiqinə nail olmaq üçün Milli Mərkəz statuslu "Bütöv Azərbaycan Bilginlər birliyi" adıyla təşkilatlanmaq təşəbbüsündə bulunmaq olardı. Biz bu işləri yetərsiz də olsa pərakəndə halda görməkdə olan, dünyaya səpələnmiş və Azərbaycan torpağında yaşayan minlərlə türkazər-müsəlman yurddaşlarımıza müraciət edirik: İlkin mərhələ olaraq ölkəmizin erməni işğalı altında qalan hissəsini azad etməkdən ötrü ata-babaları və özü o torpaqlardakı yurdlarımızda doğulub yaşamış, özü və doğmaları bu döyüşlərin iştirakçısı, zərərçəkmişi olan ləyaqətli siyasətçilərin, ziyalıların, hərbçilərin seçki və ya təyinatla rəhbərliyə gətirilməsi zərurəti qəbul edilməlidir. Əlbəttə, həmən bölgələrdən olmayan layiqliləri və cənublu qardaşlarımızı da unutmamaq şərti ilə.
Beləliklə də, Sabir Rüstəmxanlının "Dövlətçilik əxlaqı..." məqaləsində yazdığı kimi "milli konsepsiya hazırlayıb onu addım-addım həyata keçirmək zamanımız" ziyanımıza ötüb keçməkdədir... "Bəlkə, millətin keçmişi və gələcəyi haqqında doğru-düzgün konseptin olması və Güneydəki hərəkat Quzeyin də siyasi tıxanığlığdan çıxmasına təkan verərək" (N. Nəsibli) Qarabağın işğaldan azad edilməsinə yardımçı olacaqdır.
Tarix boyu Babək,Atabəylər, Şah İsmayıl, Fətəli xan, Səttarxan,Ş.M.Xiyabani, S.C.Pişəvəridən, əsasən də bu istəyi,ideyanı həyatı keçirmək üçün təşkilatlanma mərhələsinin başlanmasında müstəsna rolu olan Əbülfəz Elçibəydən üzü bəri "Paytaxtı Təbriz şəhəri olan vahid, müstəqil Azərbaycan" ideyasından Əzrayıldan qorxduğu kimi qorxan Fars şovinistləri və əksər İran tarixçiləri Şimali Azərbaycan ərazisinin Alban, Arran, Şirvan ölkəsi olaraq İranın tərkib hissəsi sayıldığını sübut etməyə çalışıblar. Onların və sapı özümüzdən olanların islam - ümmət hicabına bürünüb türk kökənli əhalini Allahın verdiyi, "Əsas Qanun"un təsbit etdiyi bir sıra hüquqlarından məhrum etməsi, müxtəlif səviyyədə, formada təhqir etməsi, etiraz və ya tələb etdikdə həbsə atması, işkəncələrə məruz qoyması ədaləti əqidə əsaslarından bilmələri, dünyada ədaləti bərqərar edəcək İmam Mehdi (ə.f) zühurunu arzulamaları ilə bir araya sığmır və islam əleyhinə təbliqata rəvac verir.
Halbuki, islami ədalətdən daha çox fars şovinizminə meydan verən, yəni, ölkə əhalisinin yarısını təşkil edən azərbaycanlıları vilayətlərə bölərək milli-mədəni haqlarından, ana dilində yazıb-oxumaqdan, tarixi keçmişini tədqiq və tədris etməkdən məhrum edən Tehran rejimi Zühurdan qabağa düşərək ″islam dövləti, islami ədalət cəmiyyəti″ qurduqları iddiasıyla islamı nicat yolu kimi gözdən salaraq dini siyasi alətə çevirməyə çalışan münafiq sapmışlardan fərqlənmədiyini göstərməkdədir.
Beləcə, millət olaraq iki yol ayrıcında və uyğun olaraq Allahın təqdirləri (varlıq aləminə hakim olan qaydalar toplusu) qarşısındayıq: Ya tənbəl və tamahkar, bir-biriləri ilə didişən, təbii gücünü səmərəsiz işlərə sərf edən, zamanını və mühitini tanimayan, öz xeyrini düşünüb başqalarını unudan, Allahsızlığa və əxlaqsızlığa yuvarlanan, nəticədə, parçalanaraq, işğal edilərək əsarət altına düşən millətlər kimi gec-tez bədbəxt və məhv olmalı və ya da zəhmətkeş və savadlı, milli taleyi haqqında düşünən, sinfi fərqləri aradan qaldırmağa çalışan, insan şəxsiyyətini qiymətləndirən, varlıları yoxsullarının haqqını ödəyən, vətənini və qeyrətini qoruyan, nəhayət, dövlətini quraraq öz qanunlarına əməl edən millətlər kimi rahatlıq və tərəqqi halında yaşamalıyıq... "Millətlərin taleyində isə onların istəyindən başqa bir şey amil sayılmır. Çünki, qəza -qədər millətə, insana yox, onların seçdiyi yola aid olan bir məsələdir". ("Dini suallara cavablar" kitabından )
"Bütün türk dünyasına anladılmalıdır ki, onların dünyada həqiqi söz sahibi olması Güney Azərbaycanın azadlığı ilə bütöv Azərbaycanın bərpasından" (A. Mədətoğlu) və Türkiyədə milli dövlətin qurulmasından asılıdır. Əbülfəz Bəyin bəlirlədiyi Türk-İslam dünyasının birlik qapısı olan Bütöv Azərbaycan Cumhuriyyəti hədəfli - həqiqi hakimiyyət bölgüsü və seçkili hakimiyyət, maariflənmiş cəmiyyət və qarşılıqlı məsuliyyət, sosial ədalət və nizamlı islahatlar yolumuz dünyada gedən prosesləri anlayan dəyərli aydınlarımız sayəsində, milli taleyimizi düşünən Dünya Azərbaycanlılarının qatılımıyla, əsas əngəl saydığımız beynəlxalq basqı və biganəliyi aradan qaldıraraq, Güneydə və Quzeydəki ölkədaxili müşkülləri həll edərək uğurlu sonluğuna yetişər, Allahın izniylə.
Yeddi para vətənim,
Ürəyimdə bütünüm.
Qovuşacaq, çoxalsa
Millət yolu tutanım...
Cabir Albantürk
şair-publisist
Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilatının "Elçibəy və Bütöv Azərbaycan" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.