“Ermənistan “Metsamor” üzərindən aldadıcı manevrlər edir” - AÇIQLAMA

Zahid Oruc: “AES-i hər hansı şəkildə rekonstruksiya edib ərsəyə gətirməkdənsə, stansiyanın bağlanması Cənubi Qafqazın – bəlkə də daha iri miqyasda regionun təhlükəsizliyinə xidmət edərdi”

"Metsamor" AES tektonik cəhətdən aktiv və qeyri-sabit bir bölgədə yerləşir. Qəzalı vəziyyətdə olan stansiya təkcə Azərbaycan üçün yox, erməni və orada tədqiqat işi aparan rusiyalı elm işçilərinin ortaya qoyduğu materiallara əsasən regionun digər dövlətləri - Türkiyə, həmçinin Ermənistanın özü üçün də böyük təhlükə mənbəyidir". Millət vəkili Zahid Oruc "OLAYLAR"a açıqlamasında belə deyib. Z.Oruc hesab edir ki, ermənilər "Metsamor"u açıq şəkildə bölgənin təhlükəsinə çeviriblər. İrəvan eyni zamanda AES-i bazarlaşma üçün də mühüm alət hesab edir. Millət vəkilinin sözlərinə görə Avropa İttifaqı Metsamorun bağlanması fonunda Ermənistan hökumətinə maliyyə yardımı edəcəyi ilə bağlı uzun müddətdir ki, vədlər verir: "Bunun əvəzində isə Ermənistan hakimiyyətinin ənənvi manevrini davam etdirir. Radioaktiv maddələrin müxtəlif yollarla Azərbaycan ərazisinə gətirilməsi, torpaqlara basdırılaraq həmin ərazilərdə zəhərlənmə bölgələrinin yaradılması, həmçinin radiasiya elementlərinin Ermənistan ekologiyasına vurduğu ciddi ziyanlar inkaredilməzdir. AES-i hər hansı şəkildə rekonstruksiya edib ərsəyə gətirməkdənsə, stansiyanın bağlanması Cənubi Qafqazın - bəlkə də daha iri miqyasda regionun təhlükəsizliyinə xidmət edərdi. Belə olan halda Ermənistanın özü də bu təhlükədən xilas olacaq. Vaxtilə Leninakan və Spitakda baş verən zəlzələlər sübut etdi ki, Ermənistan bu cəhətdən çox təhlükəli bölgədə yerləşir. Biz bunları sadəcə Ermənistanla müharibə mühitində olduğumuz, hər şeyə görə onları qaralamağa görə yox, "Metsamor"un bölgənin təhlükəsizliyi baxımından bağlanmasını tələb edirik". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00